Elxan Mehdiyevdən Brüsseldə qəti mövqe: “Mənim və mənimlə bərabər yüz minlərlə insanın həyatını məhv etmiş Ermənistanın siyasi rəhbərliyində oturan qatilləri və hərbi cinayətkarları görmək üçün İrəvana getməyəcəyəm”
Atlantik Əməkdaşlıq Assosiasiyasının (ATA-Atlantic Treaty Association) Brüsseldə keçirilən builki iclası da qalmaqallı keçib. Bu barədə toplantının iştirakçısı, konfliktoloq Elxan Mehdiyev “Yeni Müsavat”a açıqlamasında bildirib.
Belə ki, Ermənistan Atlantik Şurasının Baş Məclisinin İrəvanda keçirilməsi təklifi gündəliyə salınıbmış. Bu da qalmaqalla müşayiət olunan müzakirələrə səbəb olub. E.Mehdiyevin sözlərinə görə, iki il öncə, 2013-cü ildə də 2015-ci ilin toplantısı üçün belə bir təklif edilibmiş. O zaman Azərbaycan və Türkiyə nümayəndə heyətinin etirazı, üstəlik, şuranın dəstəyi ilə təklif rədd edilib.
E.Mehdiyev qeyd etdi ki, budəfəki iclasda da eyni cəhdlər olub. Noyabrın 18-də bu məsələ qoyulduqda, erməni tərəfi qeyd edib ki, guya 2015-ci il “həssas il” olduğundan həmin təklif rədd edilib. Üstəlik, ümidlə bildiriblər ki, bu dəfə onların təklifi müsbət qarşılanacaq. Guya ki, NATO-dakı strukturlar da artıq bu təklifin lehinədirlər. Erməni tərəfi öz növbəsində Azərbaycan nümayəndə heyətinə hər cür təhlükəsizlik təminatı verildiyini, istədiyi mövzuda çıxış etmək, dialoq aparmaq və sairlə bağlı şərait yaradılacağını da vəd edib. Bununla da hiyləgər gedişlərlə Qərb dünyasına xoş gələn mövzulardan söz açıb istəyinə nail olmaq istəyirmiş.
Lakin 2013-cü ildə olduğu kimi, bu dəfə də Azərbaycanı təmsil edən Elxan Mehdiyev erməni nümayəndə heyətinin arzusunu ürəyində qoyub. Belə ki, o, tədbirdə etiraz olaraq iki dəfə çıxış edib. Əslən işğal altındakı Qubadlı rayonundan olan politoloqun təsirli çıxışı düşmən ölkə təmsilçilərinin təklifinin reallaşmasına imkan verməyib. E.Mehdiyev deyib ki, “mənim və mənimlə bərabər yüz minlərlə insanın həyatını məhv etmiş Ermənistanın siyasi rəhbərliyində oturan qatilləri və hərbi cinayətkarları görmək üçün İrəvana getməyəcəyəm”.
Daha sonra o, iştirakçılara müraciət edib: “Son 22 il göstərdi ki, erməni tərəfi dinc yolla torpaqlardan çıxmaq istəmir, əksinə, Azərbaycanın işğal altındakı ərazilərini qanunsuz olaraq məskunlaşdırır, kəndlər salır və işğal edilmiş əraziləri tamamilə Ermənistan ərazisi olaraq vahid xəritədə göstərir. Bu baxımdan, İrəvanda keçiriləcək hər hansı bu cür nüfuzlu toplantı oradakı siyasi və hərbi rəhbərliyə sakitcə dəstək mənası verəcək. ATA-nın bu işə getməsi onun və NATO-nun rəhbər tutduğu dəyərlərə tam ziddir və mən gözləmirəm ki, ATA bu işə qərar versin”.
Fakt qarşısında qalan qurum Azərbaycan nümayəndəsinin çıxışının ardınca qərarını verib. Belə ki, Azərbaycan Atlantik Assosiasiyasının ATA-dakı nüfuzu və dəstəyi sayəsində erməni tərəfinin təklifi yenidən rədd edilib. E.Mehdiyevin dediyinə görə, erməni nümayəndəsinin uzun-uzadı yenidən çərənləməsi heç bir dəstək tapmadıqda o, “bir nəfərin bütöv təşkilatın işini pozması və blok etməsi nə qədər qaydalara uyğundur” deyə, qurumu şantaja başlayıb. Lakin E.Mehdiyev deyir ki, bu, əslində bir nəfərin yox, böyük çoxluğun iradəsi əsasında qəbul etdiyi ədalətli qərar idi.
Elxan Mehdiyev deyir ki, erməni tərəf yenidən NATO Parlament Assambleyasının və başqa beynəlxalq tədbirlərin İrəvanda keçirildiyini əsas gətirib qurumun qərarına təkrar etiraz edib. Odur ki, bizim beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərimizin də davamlı şəkildə aktiv fəaliyyət göstərməsinə, ermənilərin arzularını ürəyində qoymasına ehtiyac var: “Gərək hər yerdə Azərbaycan nümayəndə heyəti bu tədbirlərin İrəvanda keçirilməsinə qarşı çıxsın. Bu etirazı, sadəcə, toplantı zamanı söyləməyin heç bir faydası yoxdur. Bu işi öncədən dostlar və tərəfdarlar arasında aparmaq, sonra isə hərəkətə keçmək lazımdır. Belə etməklə ermənilər izolə olunur və beynəlxalq birlik də onların cinayətlərindən xəbərdar olur, nəticədə Azərbaycan dəstəklənir”. E.Mehdiyev onu da bildirdi ki, o, əslində böyük bir iş gördüyünü düşünmür, sadəcə, vətəndaşlıq borcunu yerinə yetirib: “Mən demirəm ki, gedib bir kəndi azad etmişəm, ancaq bu da mənim bacardığım davadır və düşmənin siyasi izolyasiyasıdır”.
Yeri gəlmişkən, sözügedən təşkilata (AƏA-ya) NATO ölkələri və tərəfdaş ölkələrin atlantik şuraları daxildir. Atlantik şuralar generallar, admirallar, keçmiş səfirlər, siyasətçilər və alimlərdən ibarət olur. İldə bir dəfə qurumun Baş Məclisi və Şura iclası keçirilir. Şura həmişə Brusseldə, Baş Məclis isə əsasən, NATO ölkələrində keçirilir. Azərbaycan Atlantik Assosiasiyası AƏA-nın 1997-ci ildən üzvüdür. ATA Baş Məclisinin iclasında ənənəvi olaraq tədbir keçirilən dövlətin baş naziri və ya prezidenti, NATO baş katibi və ya müavini iştirak və çıxış edir.
AƏA-nın siyasəti NATO-nun siyasətini aparmaq və NATO-nun gündəmində olan məsələləri müzakirə etmək, NATO və tərəfdaş ölkələrdə qeyri-rəsmi NATO təşkilatı kimi çıxış etməkdir.