“Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Milli Məclisin Daxili Nizamnamnaməsinə dəyişikliklərdə maraqlı təkliflər yer alıb. Hazırki nizamnaməyə əsasən Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdir. Bu normal müddəadır və anlaşılandır. İndi təklif olunub ki,
Komitə sədrlərinə də növbədənkənar çıxış verilməsi nəzərdə tutulsun. Deməli 14 komitə sədri var. Bunların hətta yarısı növbədənkənar çıxış üçün söz alsalar, cari və digər məsələlərdə digər deputatların danışması üçün vaxt çatmayacaq. Hesab edirəm ki, bu, bizlərin üç dəqiqəlik çıxışımızı belə əngəlləmək üçün düşünülən primitiv mexanizmdir. Bunun ardınca Daxili Nizamnaməyə bilirsiniz nə əlavə olunacaq? Məclisin giriş qapısından Komitə sədrlərinin hamısı daxil olmadan, digər deputalar daxil ola bilməyəcəklər. Liftə komitə sədrləri növbədənkənar minəcəklər. Yeməkxanada komitə sədrləri yemək yeyərkən digər deputatlar ayaq üstə durub onların naharını tamamlamasını gözləyəcəklər. Komitə sədrlərinin paltoları bizimkindən bir qarmaq yuxarıdan asılacaq və sair, və ilaxır. Milli Məclisin Nizamnaməsində hüquqi dərəbəylik bu formada rəsmiləşdiriləndə, oturub yekə-yekə vətəndaşdan qanuna əməl etməyi necə tələb edəcəyik?”
Fazil Mustafa, Millət vəkili




