
Bir vaxt geopolitika sözü Azərbaycan mətbuatında çox dəbdəydi. Jurnalistlər yeri gəldi-gəlmədi yazılarını bu rubrika altında verməyi xoşlayırdılar. Onlara elə gəlirdi ki, həmin söz yazılarına sanbal verir…
Amma bu, hələ hamısı deyildi. O vaxt dəbdə olan bir ifadə də vardı: Azərbaycanın əlverişli geosiyasi vəziyyəti… Ölkənin üstünlüklərindən danışan zaman hamı bu ifadəni önə çəkməyi sevirdi…
İndi bizim keçmişi eşələmək fikrimiz yoxdur: olub keçənlər ən yaxşı halda tarix adamları üçün maraq kəsb edir. Ən başlıcası isə heç də hər şey tarix kimi də yadda qalmır, çox şey unudulur, yaddan çıxır…
Amma bizə elə gəlir ki, həmin sözləri yenidən bərpa etməyin vaxtıdır. Ona görə ki, neftin qiyməti ucuzlaşandan sonra Azərbaycanın əlverişli coğrafiyası yada düşdü. İndi biz tədricən coğrafiyanı iqtisadi dividendlərə çevirmək haqda düşünməyə başlamışıq. Halbuki hələ bir neçə il bundan əvvəl Z.Bjezinski yazırdı ki, Azərbaycan Mərkəzi Asiyanı Avropa ilə bağlayan çox əhəmiyyətli bir tıxacdır…
Bəli, neft və qaz siyasətçiləri də, elə cəmiyyəti də tənbəlləşdirir. Biz də bir xeyli neftdən gələn pullarla şəhərlərin və qəsəbələrin yollarını yamamaqla, daha doğrusu, onları asfaltlamaqla məşğul olduq. Budur, neftin qiyməti artıq qırx dollardan da aşağı düşüb. Belə vəziyyət isə düşünməyə sövq edir…
Yox, demirəm ki, bu cür cəhdlər yoxdur. Xeyr, vardır. Özü onlara elə bu yaxınlarda start verilib. İndi “Azərbaycanın tranzit imkanları” ən işlək ifadəyə çevrilib və o qədər işlək olub ki, həmin sahədə çalışan məmurlar jurnalsitlərin ən sevimli həmsöhbətlərinə çevriliblər…
Bir neçə ay bundan əvvəl yazıldı ki, Ermənistan öz dəmiryolunu İranla birləşdirməyə çalışır. O vaxt biz də israrla yazdıq ki, Ermənistanın əlindən bu şansı almaq lazımdır, çünki bunun üçün Azərbaycanın bütün imkanları var – maliyyə var, əlverişli coğrafi vəziyyət var və müəyyən infrastruktur var…
İndi işlər başlanıb. Hətta soraqlar gəlir ki, Çin də öz məhsullarının bir hissəsini Azərbaycan üzərindən ötürməyə start verib. Bizə nə qalır? İranla dəmiryolu xətlərini birləşdirmək və Bakı-Tiflis-Qars dəmiryolu xəttinin çəkilişini sürətləndirmək…
Güman ki, həmin işlər görüləcək. Təəssüf ki, müəyyən səbəblər üzündən Bakı-Tiflis-Qars xəttinin çəkilişi ləngiyir. Onu sürətləndirmək lazımdır. İrana gəldikdə isə onunla Qərb arasındakı qarşıdurma aradan qaldırılandan sonra Azərbaycan üçün geniş imkanlar açılıb. Ən azı İrandan Rusiyaya, Rusiyadan da İrana aparılan məhsulların həcmi artacaq və onlar Azərbaycan üzərindən daşınacaq. Elə bu səbəbdən rusların bir zərb-məsəli yada düşür: deyir ki, xoşbəxtlik olmazdı, əgər bədbəxtlik kömək etməsəydi… İndi neftin qiymətinin düşməsi də çox böyük bir bədbəxtlik, hətta neft ölkələri üçün faciə idi. Amma o, bizi alternativ imkanlar haqda düşünməyə vadar etdi…
Biz də düşündük. Və tapdıq… Hakimiyyət, bir az əvvəldə dediyimiz kimi, ilk dəfə olaraq ölkənin əlverişli coğrafiyasını yadına saldı. Təbii ki, indiki infrastruktur bunun üçün hələ elə də kifayət deyil… Onu təkmilləşdirmək və genişləndirmək lazımdır. Sözsüz ki, bunlar olacaq. Hər şey ondan asılıdlır ki, hökumət bunlara nə qədər ciddi yanaşacaq…
İran, Çin bir tərəfə, Mərkəzi Asiya ölkələri uzun müddətdir ki, Rusiyadan yan keçən alternativ tranzit imkanları haqqında düşünürlər. Onlara bu imkanları təklif etməyin vaxtıdır. Təbii ki, bunun üçün dəniz infrastrukturu yetərincə və hətta əsaslı olaraq qurulmalıdır – bizə böyük limanlar, iri tutumlu gəmilər və bərələr lazım gələcək. Əgər bunları etsək, Azərbaycanın coğrafi imkanlarını tez bir zamanda iqtisadi dividendlərə çevirə bilərik…
Bəli, Azərbaycan iqtisadiyyatını üç nəhəngin üzərində formalaşdırmağın vaxtıdır. Bunlar neft və qaz, turizm və tranzitdir. Bəzən, hətta tez-tez deyirlər ki, informasiya-kommunikasiya texnologiyalarını da inkişaf etdirməliyik. Olsun. Amma nəzərə almaq lazımdır ki, bu sahədə nəhəng rəqiblər var. Onları üstələmək elə də asan deyil…
Amma neft və qaz, turizm və tranzit tamam başqa məsələdir. Onlar Tanrının bizə bəxş etdiyi üstünlüklərdir. Nədən bu sahələri inkişaf etdirməyək?..
Qərəz, geopolitika olmasa da, siyasi coğrafiya tədricən şüurlara qayıdır. İndi onların nə qədər əlverişli olmasını zaman göstərəcək. Amma hər şeyi zamanın öhdəsinə buraxmaq da olmaz – özümüz də nəsə etməliyik…



