İsrail “Mavi Mərmərə” hadisəsinə görə Türkiyəyə 20 milyon dollar təzminat ödəyəcək.
Bu barədə razılaşma ilkin olaraq iki dövlətin xarici siyasətində mühim rol tutan şəxslər arasında əldə olunub. Belə ki, Türkiyənin “Vatan” qəzeti iddia edir ki, ilkin razılaşma İsveçrədə İsrailin baş naziri Benyamin Netanyahu və Türkiyə Xarici İşlər Nazirliyinin aparat rəhbəri Firudin Sinirlioğlu arasında baş tutub.
Razılaşmaya əsasən İsrail hadisə zamanı ölən 10 Türkiyə vətəndaşının ailələrinə 20 milyon dollar təzminat ödəyəcək. Bundan başqa problem yaşandıqdan sonra bağlanan hər iki ölkənin səfirlikləri fəaliyyəti bərpa edəcək və Türkiyə İsrail hərbçilərinə qarşı məhkəmə prosesindən imtina edəcək. Sənədi daha da təsirli etmək üçün bu barədə Türkiyə parlamentində qanun qəbul ediləcək.
Eyni zamanda HAMAS təşkilatının Türkiyədəki fəaliyyəti məhdudlaşdırılacaq və təşkilatın liderlərindən sayılan Salih əl-Aruri Türkiyədən deportasiya ediləcək. Ən əsas məsələ isə təbii qazla bağlıdır. Belə ki, təbii qazla bağlı müzakirələr aparılacaq və İsrail qazının Türkiyə və Avropaya nəqli üçün boru xətti tikiləcək.
Qeyd edək ki, Türkiyə-İsrail münasibətlərinin normallaşdırılmasını “Bloomberg”ə Türkiyə hökumətindəki iki məlumatlı mənbə bildirib. Onlar deyiblər ki, Rusiya hərbi təyyarəsinin vurulmasından sonra Ankara ilə Yerusəlim arasında gizli təmaslar intensivləşib.
Bundan başqa, Türkiyə Kipr adasının birləşməsinə də tərəfdardır və bunun üçün həm türk, həm də yunan icması ilə danışıqlar aparır. Perspektivdə həm İsraildən, həm də Kiprdən təbii qaz idxalı Türkiyənin öz mənbələrini müxtəlifləşdirməsinə və Şərqlə Qərb arasında əsas tranzit məntəqəsinə çevrilməsinə şərait yaradacaq.




