Milli Məclisdə “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi müzakirə ediləcək.
Qanun layihəsində deyilir ki, kənd təsərrüfatı kooperasiyası kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən öz maddi və sosial tələbatlarının ödənilməsi məqsədilə həyata keçirilən könüllü birgə fəaliyyətdir.
Qanunun məqsədi, Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaq, kooperasiya iştirakçılarının iqtisadi, sosial və digər maraqlarını qorumaqdır.
Qanun kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı olmayan kooperativlərə şamil edilmir.
Kooperativin yaradılması, kooperativə üzvlük, üzvlərin hüquq və vəzifələri, kooperativin əmlakı, üzvlərin pay haqları və kooperativin pay fondu, kooperativin mənfəəti və onun bölüşdürülməsi, kooperativin və onun üzvlərinin əmlak məsuliyyəti, kooperativdə idarəetmə, üzvlüyə xitam verilməsi və payın keçməsi, kooperativin yenidən təşkili və ləğvi, habelə kooperativin fəaliyyəti ilə bağlı bu Qanunda nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
Kooperativlər aşağıdakı prinsiplər əsasında təşkil edilir və fəaliyyət göstərir:
– kooperativə könüllü üzvlük;
– kooperativin demokratik əsaslarla idarə edilməsi;
– kooperativin üzvləri üçün kooperativin fəaliyyəti barədə məlumatlara sərbəst buraxılış;
– kooperativin üzvlərinin əmək maraqlarının oxşarlığı, iqtisadi dəstək və qarşılıqlı yardım.
KOOPERATİVLƏRİN FƏALİYYƏTİ
İstehsal kooperativləri kənd təsərrüfatı məhsullarının istehsalı ilə birgə məşğul olmaq məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən yaradılır və kommersiya təşkilatları hesab olunurlar.
Kooperativlər kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı həmin məhsulun emalı və satışı, istehsalın təchizatı və qanunla qadağan edilməyən digər xidmətlər göstərilməsi ilə də məşğul ola bilər.
Kooperativ üzvlərinin birgə fəaliyyəti onların kooperativdə şəxsi əməyi ilə iştirakına əsaslanır. Kooperativ üzvlərinin yerinə yetirdikləri funksiyadan asılı olmayaraq onlar kənd təsərrüfatı məhsulları istehsalçısı hesab olunurlar. Kooperativdə görülən işlərin ən azı 70 faizi kooperativ üzvləri tərəfindən yerinə yetirilir.
İllik istehsalın 60 faizindən az olmayan hissəsini bitkiçilik, heyvandarlıq, kənd təsərrüfatı və su bioresurslarından, o cümlədən onların məhsullarının emalından əldə edən kooperativ kənd təsərrüfatı kooperativinə aid edilir.
Kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki və hüquqi şəxslər tərəfindən məhsulların istehsalı və digər təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün könüllülük prinsipi əsasında pul vəsaitləri, torpaq sahələri və digər formada əmlak pay haqlarının birləşdirilməsi yolu ilə kooperativin pay fondu formalaşdırılır.
Kooperativin firma adında onun kənd təsərrüfatı kooperativi olduğu göstərilir.
KOOPERATİVLƏRİN HÜQUQLARI
Kooperativin hüquqları aşağıdakılardır:
– xüsusi mülkiyyətində olan əmlak barəsində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirmək və həmin əmlaka dair digər hüquqlarından istifadə etmək;
– ailə kəndli və ev təsərrüfatları, habelə fərdi sahibkarlarla kənd təsərrüfatı məhsullarının istehsalına, satışına və xidmətlər göstərilməsinə dair françayzinq müqaviləsi bağlamaq;
– dövlət tərəfindən tənzimlənən qiymətlər (tariflər) istisna olmaqla, öz məhsulu, işi və xidmətinə bazara uyğun qiymət (tarif) müəyyən etmək;
– kooperativlər ittifaqlarında (assosiasiyalarında) birləşmək və beynəlxalq kooperativlər təşkilatlarının fəaliyyətində iştirak etmək;
– Azərbaycan Respublikasının Mülki Məcəlləsi və kooperativin nizamnaməsi ilə müəyyən edilən digər hüquqları həyata keçirmək.
KOOPERATİVLƏRİN TORPAQLARI
Kooperativin torpaqları kooperativin istifadəsində, icarəsində və ya xüsusi mülkiyyətində olan torpaq sahələrindən ibarətdir.
Kooperativin torpaqlara mülkiyyət hüququ kooperativ üzvlərinin torpaq sahələrinin onun pay fonduna daxil edilməsi, yaxud alqı-satqı, bağışlama və ya digər əqdlərin bağlanması yolu ilə əldə edilir.
Kooperativin üzvü olan və ya olmayan şəxsin öz mülkiyyətində olan torpağı kooperativə bağışlaması üçün kooperativ üzvlərinin ümumi yığıncağında həmin şəxsin iştirakı ilə torpağın kooperativin xüsusi mülkiyyətində olan əmlaka aid edilməsi barədə qərar qəbul edilir. Kooperativə bağışlanan torpaq sahəsi əmlak pay haqqı hesab edilmir.
Kooperativ üzvlərinin kooperativin istifadəsinə və ya icarəsinə verdikləri torpaqlar onların əmlak pay haqqına aid edilmir və kooperativin xüsusi mülkiyyəti hesab olunmur. Bu torpaqlar kooperativin mənfəəti bölüşdürülərkən ümumi yığıncağın müəyyən etdiyi qaydada meyar kimi nəzərə alınır.
Kooperativin istifadəsinə və ya icarəsinə verilən torpaqlar tərəflər arasında bağlanan müqavilə əsasında rəsmiləşdirilir.
Kooperativ üzvü olmayan şəxslər öz torpaqlarını kooperativin istifadəsinə və ya icarəsinə verə bilər.
Kooperativin istifadəsində və ya icarəsində olan torpaqların kooperativin məqsədləri üçün istifadə olunması və onun mülkiyyətçilərə geri qaytarılması torpaq və mülki qanunvericiliyin tələblərinə və tərəflər arasında bağlanan müqavilənin şərtlərinə uyğun həyata keçirilir.
DÖVLƏT DƏSTƏYİ
Qanunda qeyd edilir ki, kənd təsərrüfatı kooperasiyası sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
– kooperativlərin yaradılması və inkişafı üçün əlverişli şərait yaratmaq;
– kooperativlərin və onların üzvlərinin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinin və inkişafının dəstəklənməsini, onların fəaliyyətinin effektivliyinin artırılmasını, kooperativlərin təsərrüfat fəaliyyətinin və təşəbbüsünün məhdudlaşdırılmasının qarşısının alınmasını, habelə mallar, işlər və xidmətlər bazarında onların sərbəst və bərabər iştirakını təmin etmək;
– kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışı, maddi-texniki təchizat və digər xidmət sahələri üzrə kooperasiya infrastrukturlarının formalaşmasına təkan vermək;
– kənd təsərrüfatı kooperasiyası sahəsində normativ hüquqi aktlar qəbul etmək;
– kənd təsərrüfatı kooperasiyasının inkişafı üzrədövlət proqramını qəbul etmək;
– kənd təsərrüfatı kooperasiyası üzrə orta ixtisas və ali təhsilli mütəxəssislərin hazırlanmasını, təkrar hazırlıq kurslarının keçirilməsini təşkil etmək, bu sahədə elmi-tədqiqat işlərinin genişləndirilməsini təmin etmək;
– kooperativ üzvlərinin və digər kənd təsərrüfatı məhsulları istehsalçılarının, habelə aidiyyəti dövlət və bələdiyyə orqanlarının, müəssisə və təşkilatların işçilərinin maarifləndirilməsi üçün yerlərdə informasiya-məsləhət xidmətləri göstərmək;
– kooperativlər və onların üzvləri arasında müqavilələrin bağlanması və icrası qaydalarına və kooperativlərdə uçot və hesabatın aparılmasına dair metodiki tövsiyələr, müqavilələrin və müxtəlif növ kooperativlərin nizamnamələrinin nümunəvi formalarına və kənd təsərrüfatı kooperasiyası sahəsindəbaşqa məsələlərə dair tövsiyə xarakterli sənədlər hazırlamaq;
– “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kooperativlərin inkişaf və fəaliyyət göstəricilərinin statistik məlumat sisteminin işlənib hazırlanmasını təşkil etmək.
Kənd təsərrüfatı kooperasiyası sahəsində bələdiyyələrin vəzifələri isə, kənd təsərrüfatı kooperasiyasının yerli inkişaf proqramlarını qəbul etmək və regional proqramların hazırlanmasında iştirak etmək və kooperativlərin yaradılmasını dəstəkləmək, onların təşkilinə köməklik göstərməkdir.
Kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafına müvafiq icra hakimiyyəti orqanları tərəfindən aşağıdakı istiqamətlər üzrə dövlət dəstəyi göstərilir:
– kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperasiya meyllərinin stimullaşdırılması;
– kooperativlərin və onların ittifaqlarının yaradılmasının dəstəklənməsi;
– ölkədə istehsal edilən, daxili və xarici bazarda satılan yerli kənd təsərrüfatı məhsullarının ümumi həcmində kooperativlərin payının artmasının stimullaşdırılması;
– kredit təşkilatlarının, bələdiyyələrin, kənd təsərrüfatı və digər müəssisələrinin kooperativlərə ortaq (assosiativ) üzv olmasının stimullaşdırılması;
– kooperativlər üçünsığorta mexanizminin təkmilləşdirilməsi;
– kooperativlərə və kənd sakinlərinə göstərilən maliyyə-kredit xidmətlərinin genişləndirilməsi;
– kooperativlərin güzəştli şərtlərlə kreditləşməsinin təmin edilməsi;
– kooperativlərin istehsal vasitələrinə olan tələbatının güzəştli lizinq şərtləri hesabına təmin edilməsi;
– kooperativlərətorpaq sahələrinin, gələcək məhsulların və tikinti obyektlərinin girov qoyulması yolu ilə kredit ayrılması;
– kooperativlər üçün kredit zəmanəti fondunun yaradılması.
Qanunda göstərilir ki, kooperativlər dövlət və bələdiyyə orqanları və hüquqi şəxslərlə birlikdə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış bazarlarının təşkilində iştirak edə və ya belə bazarları təşkil edə bilərlər.
Kənd təsərrüfatı məhsulları bazarlarında kooperativlərə ticarət yerlərinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr kənd təsərrüfatı məhsulları yarmarkalarının təşkilində kooperativlərin iştirakını təmin edir.
Kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə istehlakçıları arasında birbaşa əlaqə yaratmaq, mövcud bazarlarla rəqabət aparmaq və qiymətlərin bahalaşmasının qarşısını almaq məqsədilə kooperativlərin nəzdində və onların idarəçiliyi altında fəaliyyət göstərən satış şəbəkələri (fermer mağazaları, yaşıl marketlər, topdansatış mərkəzləri) təşkil edilir.
Kooperativlərin nəzdində satış şəbəkələrinin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.




