Rusiya təyyarələri yenidən Türkiyə sərhədini pozacağı halda NATO-nun nizamnaməsi işə düşəcək.
NATO səlahiyyətliləri bildiriblər ki, Suriya sərhədinə göndəriləcək təyyarələr NATO nizamnaməsinə uyğun hərəkət edəcəklər.
Qeyd edək ki, dekabrın 18-də NATO cənub qanadını gücləndirmək məqsədi ilə Türkiyənin hava təhlükəsizliyinə dəstək planını təsdiqləyib. Dəstək planı çərçivəsində Türkiyəyə NATO-nun erkən xəbərdarlıq sisteminə malik AWACS təyyarələri göndəriləcək. Ancaq neçə təyyarənin göndəriləcəyi dəqiq deyil.
Bundan başqa, AWACS təyyarələrinə dəstək olaraq KC-135 tipli yanacaq təyyarələri də Türkiyəyə göndəriləcək. NATO daimi dəniz gücünün birinci qrupu da Şərqi Aralıq dənizinə yola salınacaq və bölgədə birgə dəniz hərbi təlimləri keçiriləcək.
AWACS təyyarələri NATO-nun birbaşa tabeçiliyində olan yeganə hərbi qüvvədir. Bu təyyarələr bir neçə min kilometr məsafədə hava məkanına nəzarət edir və olduqca böyük yüksəklikdən uçduğundan hər hansı hava hücumundan müdafiə sistemləri tərəfindən yaxalanmır.
Şimali Atlantika İttifaqı (NATO) Türkiyənin hava məkanının qorunması məqsədilə Suriya sərhədinə təyyarələr göndərəcək.