
Aydın Mirzəzadə: “Artıq Azərbaycan öz inkişafında elə səviyyəyə çatıb ki, onu Suriyaya, Yəmənə çevirmək mümkün deyil”
Milli Məclisin YAP-ı təmsil edən deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a geniş müsahibə verib. ABŞ-a qarşı sanksiyaları özündə ehtiva edən qanun layihəsindən tutmuş, devalvasiya mövzusuna qədər bir sıra aktual məsələlərdən bəhs edən söhbətimizi təqdim edirik.
– Azərbaycan parlamentinə təqdim olunan anti-Amerika layihəsi kifayət qədər sərt dildə yazılıb. Artıq layihə komitələrin müzakirəsinə tövsiyə edilib. İndiki dövrdə dünyanın superdövlətinə qarşı cəbhə açmaq nəyə lazımdır?
– Birinci gündən aydın idi ki, bu, bir deputatın təşəbbüsüdür. Özü hazırladığı qərar layihəsində Amerikaya qarşı bir sıra sanksiyalar təklif edib. Aydın məsələdir ki, qərar bu formada qəbul edilə bilməz. Azərbaycan parlamentinin üzvləri ABŞ-la dostluq-qardaşlıq münasibətlərinin möhkəmlənməsinin, problemlərin diplomatik yolla həll edilməsinin tərəfdarıdır. Biz Amerikanı müxtəlif maraqların bir toplusu kimi qəbul edirik. Müxtəlif icmalar, transmilli şirkətlər və siyasi qüvvələrdən birinin fikri digəri ilə düz gəlməyə bilər.
ABŞ Konqresində Azərbaycanın dostları olduğu kimi, düşmənləri də var və bunu heç zaman gizlətmirlər də. Onlardan biri də Kristofer Smitdir. O başqa məsələdir ki, deputatların demək olar hamısında, ABŞ-ın müəyyən dairələrində Azərbaycana qarşı qeyri-ədalətli bir etiraz var. Biz ABŞ tərəfindən Azərbaycan həqiqətlərinin olduğu kimi qəbul edilməsinə, Azərbaycanın milli maraqlarına hörmətlə yanaşılmasına çalışırıq. Biz erməni diaspor təşkilatlarının istəklərinin ABŞ-ın milli maraqlarından üstün tutulmasının əleyhinə çıxırıq. Hesab edirik ki, bizim əməkdaşlıq etməyimiz üçün hələ kifayət qədər böyük imkanlarımız var. Ancaq Dağlıq Qarabağ məsələsində çox təəssüf ki, ABŞ hər iki tərəfə eyni münasibət bəsləyir və Ermənistanın işğalçılığını qəbul etmir.
– Rövşən Rzayev deyir ki, qanun layihəsini də Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təmsilçisi kimi təqdim edib. Amerika ilə ultimativ dildə danışmaq çıxış yoludurmu?
– İcma belə layihə təqdim etməyib. İcmanın İdarə Heyətinin üzvü olaraq təqdim edib. Rövşən müəllim vətənpərvər, dövlətini sevən bir insandır. O da Azərbaycanla Amerika arasında ara-sıra olan müəyyən problemlərin tez həll olunmasına təşəbbüs göstərib. Layihə onun bu məsələlərə reaksiyasıdır. Ancaq onun ümumən təklif etdiyi forma ilə bağlı əlbəttə ki, xeyli mübahisə etmək olar.
– Özünə bu barədə irad-təklif bildirmisinizmi?
– Söhbət iraddan getmir. Həm onun, həm də digərlərinin ümumi marağı var ki, ABŞ-da Azərbaycana qarşı ədalətli mövqe tutulsun.
– Parlamentin nümayəndə heyəti ABŞ-a ezam oluna, bu kimi məsələlər birbaşa konqresmenlə müzakirə oluna bilərdi. Bu, daha məqbul yol olmazdımı?
– Rövşən Rzayevin təklifi beynəlxalq parlament təcrübəsində geniş yayılmış bir metoddur. Bizdə birinci dəfədir deyə, bu, bir qədər maraq doğurub və belə hesab edirik ki, təqdim edilən layihə mütləq elə sabahkı gün olduğu kimi qəbul olunacaq. Xarici ölkə parlamentlərində müxtəlif layihələr irəli sürülür. Konqresmenin özündə, məsələn, sonuncu məlumata görə, ildə 7 min təklif irəli sürülür, onun cəmi 100-ü nəzərə alınır. Bizdə belə hal ilk dəfədir. Amma deputatların çıxışlarında nə qədər təkliflər var?
Sadəcə, bizdə çıxışlarda təklifləri səsləndirmək təcrübəsi var, ABŞ Konqresində isə hər bir təklif yazılı verilir. Biz hörmətli dostumuz Rövşən müəllimin Amerikanın ümumən yox, müəyyən dairələrinə etirazını bölüşürük. Hesab edirik ki, ABŞ Administrasiyası Azərbaycanla münasibətlərə kifayət qədər ciddi yanaşmalıdır. O ki qaldı metodlara, bu metodlar barədə mübahisə etmək, başqa təkliflər irəli sürmək olar.
– Kristofer Smitin təklifi Azərbaycanda ciddi rezonans doğurduğu üçün hətta Amerikaya qarşı etirazlar sərgilənir. Bu mənada azərbaycanlı deputatın şəxsi təşəbbüsü ümumən Azərbaycana qarşı etirazlara gətirib çıxara, yaxud erməni lobbisi bundan ölkəmizə qarşı istifadə edə bilərmi?
– Həqiqətən də istifadə eləyə bilərlər. Amma Amerikada belə təcrübə var deyə, mən hesab edirəm ki, buna sakit yanaşılacaq. Bununla belə, hər halda, Amerika cəmiyyəti müəyyən dairələrin anti-Azərbaycan fəaliyyətindən narahatlığını və etirazını qəbul etməlidir. Digər tərəfdən, müəyyən obyektiv əməkdaşlıq formaları var ki, onlardan imtina etmək ilk növbədə ABŞ-ın özünə ziyandır. Məsələn, ABŞ-ın Əfqanıstana yükdaşımalarının 40 faizi Azərbaycan ərazisindən keçir. Həmçinin Azərbaycan bu gün Asiyada Avropanın müsbət və humanist dəyərlərini qəbul edən və bunu həyata keçirən ölkələrdən biridir. Azərbaycan sürətlə inkişaf etmiş ölkələr klubuna daxil olan bir ölkədir. Belə bir ölkə ilə əməkdaşlığı pozmaq, onunla körpüləri yandırmaq nə ABŞ-ın, nə də Avropadakı müəyyən dairələrin marağına uyğun deyil.

– Belə çıxır ki, qanun layihəsinin müzakirəsi yaz sessiyasına qaldı…
– Hər halda, cənab sədrin təklifi bundan ibarət oldu ki, komitələr məsələyə münasibət bildirsin.
– Ancaq ardınca ikinci sanksiya xəbərdarlığı gəldi, bu dəfə keçmiş səfir Kozlariçdən…
– Kozlariçdir, Smitdir, bunlar özlərinin anti-Azərbaycan mövqeləri ilə çoxdan tanınırlar. Kozlariç növbəti dəfə Amerikada müəyyən anti-Azərbaycan mərkəzlərinin, sadəcə olaraq, tapşırığını yerinə yetirir.
– Qərbdən gələn basqıların daha gərgin fazaya keçməsi realdırmı? Bu mənada Azərbaycanı Suriya, ya Liviyaya çevirməklə bağlı planların olduğu barədə fikirləri bölüşürsünüzmü?
– Belə qüvvələr həmişə var. Müstəqilliyimizi bərpa etdiyimiz dövrdən üzü bəri həmişə olub. Ancaq artıq Azərbaycan öz inkişafında elə səviyyəyə çatıb ki, onu Suriyaya, Yəmənə çevirmək mümkün deyil. Azərbaycanda artıq oturuşmuş dövlətçilik var. Artıq Azərbaycanda seçkilərin və siyasi mübarizənin demokratik ənənələri, azad mətbuat, vətəninə bağlı olan sahibkarlar təbəqəsi, beynəlxalq birliklə çox sıx əməkdaşlıq formaları var. Bu baxımdan Azərbaycanda onların arzuladığı ssenari həyata keçməyəcək. Bu gün dünyada hörmətlə qarşılanan İsveçrə, İsrail, Sinqapur, Malayziya, Cənubi Koreyaya qarşı da vaxtilə belə ssenarilər həyata keçirilib. Amma millətin birliyi, layiqli liderlərin siyasətdə və dövlət rəhbərliyində olması belə ssenarinin qarşısını alıb.
| “Bu vəziyyət dolların uçot dərəcəsinin yuxarı qaldırılması və neftdən gələn gəlirlərin azalmasına görə yarandı” |
– Ancaq Azərbaycan cəmiyyətində manatın qəfil ucuzlaşması səbəbindən kütləvi psixoz halı müşahidə olunmaqdadır. Həmkarlarınız da parlament iclasında bu vəziyyətə görə hökuməti günahlandırdılar. Bu vəziyyətlə bağlı hakim partiyanın mövqeyi necədir?
– Yox, mən bunu qətiyyətlə bölüşmürəm. Məhz hökumətin fəaliyyəti nəticəsində Azərbaycanda iqtisadi ağırlaşmanın qarşısını almaq mümkün oldu. Manatın sabitliyinin qorunub-saxlanması, sahibkarlığın inkişafı üçün çox ciddi addımlar atıldı. 1993-cü ildə Azərbaycan büdcəsinin 96 faizi neftdən gələn gəlirlərlə formalaşırdı. Hazırda bu, 40 faizə düşüb. 1993-cü ildə Azərbaycanın valyuta ehtiyatı – həm Milli Bankda, həm də ki, Neft Fondunda – “0″ qəpik idi. Hazırda isə 40 milyarda yaxındır.
– Ancaq ekspertlərin dediyinə görə, bu illərdə 100 milyard neft pulu xərclənib.
– Əgər dövlət fəaliyyət göstərirsə, cəmiyyət yaşayırsa, pullar xərclənməlidir.
– Bu qədər pulu hansı sahələrə xərcləmək olardı?
– Birinci, infrostrukturun təkmilləşməsinə. Azərbaycan bu gün nəinki Cənubi Qafqazda, hətta dünyada ən mükəmməl yol sisteminə malikdir, ticarət və yükdaşımaların inkişafı üçün böyük rol oynayır. Azərbaycanda artıq oturuşmuş bank sistemi formalaşıb, dövlət özəl maliyyə bank sisteminin fəaliyyəti üçün şərait yaradıb, bu, vacib şərtlərdən biridir. Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün böyük işlər görülüb.
– Lakin bunlarla bağlı kifayət qədər neqativlərin olduğu iddiaları da ortada var. Manatın devalvasiyası, kənd təsərrüfatındakı çatışmazlıqlar, bank sektorundakı durumla bağlı elə sizin həmkarlarınız tənqidlər söyləyir. Həmin fikirləri inkar edirsiniz?
– Sizə bir söz deyim. Manat Azərbaycanda gedən iqtisadi proseslər nəticəsində devalvasiyaya uğramayıb. Bu vəziyyət dolların uçot dərəcəsinin yuxarı qaldırılması və neftdən gələn gəlirlərin azalmasına görə yarandı. Dövlət maksimum stabilliyi qoruyub-saxladı. Amma burdan o tərəfə həmin o stabilliyin qorunub-saxlanması üçün addımlar atılsaydı, onda 1,5-2 ildən sonra artıq Mərkəzi Bankın ehtiyatlarından danışmağa dəyməzdi, Mərkəzi Bank özünü müflis elan edəcəkdi. Bu isə artıq dövlətin müflisliyi demək idi. Yəni artıq burdan o tərəfə mümkün deyildi. Süni surətdə dolların səviyyəsini saxlamaq ilk növbədə cəmiyyətin özünə ziyan vurardı. İkinci devalvasiyanın olması çox ağır bir qərar idi. Prezident də öz çıxışında bildirdi ki, biz uzun müddət bunun qarşısını aldıq, amma sonda mümkün olmadı. Hamı üçün çətindir. Bu gün artıq kiməsə nə cür yaşamağı məsləhət verməyin özü belə düzgün deyil. Hər bir kəs bu çətinliyin öz büdcəsinə təsir etdiyinin fərqindədir. Bu baxımdan müəyyən bir çətin dövr olacaq, təəssüf ki, qiymətlər, xidmət haqları qalxacaq. Amma nəzərə alsaq ki, bu gün iqtisadiyyatımızın 80 faizə qədəri özəl sektordadır və özəl sektor özünün gəlir-çıxarını tənzimləyəcək. Yəni istehsal, ticarət, bank sektoru qrupu özünün qiymətini, əmək haqqını və gəlirlərini iqtisadi səviyyəyə uyğun olaraq tənzimləyəcək. O ki qaldı təqaüdçülərə, azmaaşlı təbəqəyə, onların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı hökumət tərəfindən təkliflər hazırlanıb. Yaxın vaxtlarda həmin təkliflər açıqlanacaq.
– Bəs gömrük və vergi sistemindən nələr gözləyək? Bu sahələrdə şəffaflıq, ASAN-laşma olacaqmı?
– Onunla bağlı cənab prezidentin artıq müvafiq tapşırıqları var. Bir hissəsi həyata keçirilib. Məsələn, vaxtilə ölkədə 200-300 fəaliyyət növünə lisenziya var idi, indi 33-ə enib. Gömrükdə və vergidə sadələşdirmə, bir sıra problemlərin aradan qaldırılması ilə bağlı da tapşırıqlar var, yaxın vaxtlarda onun da nəticəsini görəcəksiniz.
– “MTN işi” də göstərdi ki, əsas güc strukturunda çalışanlar belə xalqa və dövlətin özünə qarşı dəhşətli cinayətlər törədib. Bu mənada ola bilərmi ki, günün birində devalvasiya məsələsinin də arxasında sabotajla məşğul olan hansısa rəsmi şəxslərin dayandığı, kritik vəziyyətin yaranmasında onların “rol” oynadığı, məqsədli şəkildə qabaqlayıcı tədbirlər görmədiyi ortaya çıxsın?
– Əlbəttə ki, əgər MTN hadisəsi olmasaydı, bu gün devalvasiya belə ağır formada olmazdı. Hər halda, onların sahibkarları sıxışdırması, sahibkarlara qarşı dövlətin adından istifadə edərək, amma öz məqsədləri üçün soyğunçuluq siyasəti çox təəssüf ki, bu prosesdə də özünü müəyyən qədər göstərdi. Eyni zamanda dövlətin milli təhlükəsizliyini qorumaq əvəzinə, özlərinin milli varlanma siyasətini yerinə yetirməsi əlbəttə ki, iqtisadiyyata müəyyən problemlər yaratdı. Düzdür, ifşa olundular və bu, bir daha göstərdi ki, dövlət heç bir titullu insanın buraxdığı qanun pozuntusuna göz yummaq fikrində deyil. Çox təəssüf ki, orda gedən proseslər barədə çox gec məlumatlar toplandı. Bəlkə də səbəblərdən biri ondan ibarət idi ki, xüsusi xidmət orqanlarının ayrı-ayrı istiqamətləri bir təşkilatda birləşmişdi. Cənab prezidentin sərəncamı ilə nazirlik ləğv olundu, iki müstəqil qurum yarandı. Əlbəttə, bu, artıq onların qarşısında duran məsələləri konkretləşdirdi. Eyni zamanda həmin təşkilatların bu gün dövlətçiliyə bağlı, cəmiyyətdə nüfuzu olan kadrlarlarla möhkəmlənməsi də təhlükəsizlik orqanlarının həmişə yüksək olan nüfuzunun yenidən bərpa olunmasına gətirib çıxaracaq.
– Necə bilirsiniz, dövlətə və millətə qarşı çıxanlar hamısı ifşa olundu?
– Hər halda, ortada olan informasiya ilə tanış oluruq və vaxtaşırı hüquq-mühafizə orqanları işin gedişatı ilə bağlı məlumatlar verir.
– Ancaq onu demədiniz ki, manat ətrafında baş verənlərdə dövlətə sabotaj niyyəti ola bilərmi?
– Hər halda, bu gün ölkədə hər bir dövlət strukturunun fəaliyyətinə nəzarət mexanizmi var. Bu nəzarət mexanizmi yeni MTN işlərinin yaranmasını istisna edir. Hər halda, ümid etmək istərdim ki, bu, belə də olacaq.



