
Vurğun Əyyub: “Ölkəni hansı xaosa sürüklədiklərinin fərqində deyillər”
Sərdar Cəlaloğlu: “Dövlət suverenliyi təhlükədədir”
Tural Abbaslı: “Hakimiyyət siyasi açılıma vadar olacaq”
Əli Orucov: “Hökumət toqquşmaya belə getməyə hazır görünür”
Ənvər Ağazadə: “Xalqın və dövlətin mənafeyi dialoqu diktə edir”
Ölkədə böhran getdikcə dərinləşir. İqtisadi çöküş sürətlənir. Bütün bunlar isə, hakimiyyətin ənənəvi aqressiv siyasəti, ölkəyə qarşı sanksiyalar və dini cameənin aktivləşməsi fonunda baş verir. Amma hakimiyyətin çıxılmaz durumda olduğu hər kəsə bəllidir. Belə olan təqdirdə iqtidar növbəti il üçün müxalifətlə bir araya gələ, onunla hesablaşa bilərmi?
ADR Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyub bildirdi ki, hakimiyyət ən əvvəl iqtisadiyyatın çöküşünü, tətbiq ediləcək sanksiyaların reallığını və hansı mənfi nəticələr verəcəyini dərk və etiraf etməlidir.
Onun sözlərinə görə, prosesin gedişatı, səlahiyyətlilərin yanaşmaları isə onu göstərir ki, hakimiyyət dairələri reallıq hissini itirdiyindən bunları nə etiraf, nə də dərk etmək gücündədir: “Onlar “bizə heç kim heç nə edə bilməz”, “bizim arxamızda xalq dayanıb” ritorikasının yaratdığı nəşə içərisində xumarlanmaqdadırlar. Bununla da ölkəni hansı xaosa sürüklədiklərinin fərqində deyillər. Ona görə də hakimiyyətin hər hansı dialoqa gedəcəyini düşünmürəm”.
“Ümid” partiyası sədrinin müavini Ənvər Ağazadə isə dedi ki, hakimiyyət bu vaxta qədər sərgilədiyi siyasəti dəyişmək niyyətində deyil:
“Bunu imzalanan əfv fərmanı da bir daha subut edir. Hakimiyyət nümayəndələri elə hesab edirlər ki, apardıqları siyasət ən doğru siyasətdir və xalq da bundan çox razıdır. Çünki xalqın hakimiyyətdən narazı olduğu hələ ki, görünmür. Bütün televiziya və qəzetlər demək olar ki, tam hakimiyyətin nəzarətindədir. Reallıqlar açıq şəkildə görünmür. Müxalifətin isə birgə fəaliyyət göstərməməsi, müxalifət partiyaları ətrafında narazı olan insanların birləşməməsi, ümumilikdə zəif görünməsi hakimiyyətin işinə çox yarıyır. Hesab edirlər ki, xalq bizdən narazı olsa müxalifəti dəstəkləyər, onun ətrafında birləşər. Ona görə də müxalifətlə dialoqa, danışıqlar masasına əyləşməyə ehtiyac görmür. Amma mövcud vəziyyət uzun müddətə davam edə bilməz. İqtisadi bohran siyasi vəziyyətin dəyişməsinə, siyasi proseslərin güclənməsinə, xalqın aktivləşməsinə səbəb olacaq. Bu proseslərdə müxalifət partiyalarının birgə fəaliyyəti, güclənməsi təbii olaraq baş verəcək. Müxalifət gücləndikcə, hakimiyyətin daha çox dialoqa ehtiyacı olacaq. Çıxış yolu da bundadır. Xalqımızın və dövlətimizin mənafeyi də bunu diktə edir”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirdi ki, hakimiyyətin dialoqa gedəcəyi, indi düşdüyü vəziyyətdən çıxmaq üçün ən azı müxalifətdən dəstək alacağı kimi düçüncələr həqiqəti əks etdirmir:
“Çünki Azərbaycan iqtidarının çox yanlış bir siyasi təfəkkürü var. Bugünkü böhranın da səbəbi elə həmin təfəkkürdür. O təfəkkür dəyişməyənə qədər nə böhrandan çıxmaq olar, nə də ki, növbəti böhranlardan Azərbaycanı qorunmaq olar. Mən bilmirəm necə olacaq, amma hər halda Azərbaycan ciddi təhlükə qarşısındadır və uçuruma doğru irəliləyir. Əgər Azərbaycan iqtidarı Azərbaycan müxalifətini bir kənara qoyuram, Avropanın Azərbaycanda stabilləşdirici islahatlarla bağlı təkliflərini qəbul etməsə, Azərbaycan dövləti defolt vəziyyətinə düşəcək. Bunu hamı düşünməlidir. Bu iqtidarın uzun müddət arxayın hərəkətləri, xalqın başını aldadan yalançı bəyanatları və lazımi addımlar atmaması bugünkü mənzərəni yaradıb”. ADP sədri əlavə etdi ki, söhbət Azərbaycanın defolt vəziyyətə düşməsindən gedir: “Bu isə dövlətçiliyin və suverenliyin itirilməsi deməkdir. Ona görə də əgər Azərbaycan iqtidarının xalqı və dövləti düşünməsini bir kənara qoyuram, ən azı öz talelərini düşünürlərsə, Qərbin islhatlarla bağlı müəyyən təkliflərini qəbul etməlidirlər. Eyni zamanda Azərbaycan müxalifəti ilə də konkret olaraq siyasi dialoqa gedib, bu vəziyyətdən çıxma üçün müəyyən radikal siyasi islahatlar həyata keçirməlidirlər. Başqa yol yoxdur, əgər bunu etməsələr, gələn il Azərbaycanda siyasi kataklizmlər qaçılmaz olacaq”. S.Cəlaloğlunun fikrincə, bu gün Azərbaycan iqtidarı da bu vəziyyətdən öz resursları ilə çıxa bilməyəcəklərini etiraf edir: “Biz 10-20 ildir bunu sizə deyirik də. Ən azı öz düşündüyünüzü özünüz həyata keçirin. Azərbaycan iqtidarı beyninin bir tərəfi ilə düşünür ki, Qərbdən uzaqlaşma onu məhv edir, beyninin digər tərəfi ilə isə Qərbdən uzaqlaşmaq siyasəti aparır. Bu gün Qərbdən uzaqlaşmaq siyası mənada başa düşülmür. Qərbdən uzaqlaşanda birincisi investisiyalar olmayacaq, ikincisi kreditlər almaq mümkün olmayacaq, xarici borclarla bağlı problemlər ciddi xarakter alacaq. Azərbaycan iqtisadiyyatının ayaq üstə durması, Azərbaycan dövlətinin mövcudluğu Qərbin dəstəyindən asılıdır. Rusiya özü acından öldüyü üçün Azərbaycana heç dəstək verə bilməz. Məlumdur ki, Qərblə dost olmalıdır, amma Qərblə düşmən olur. Amerika ilə düşmən olmaqla onun maliyyə imkanlarından istifadə edə, nəticədə ölkəni ağ günə çıxara bilməzsən. Ona görə də bunların siyasi açılıma gedəcəyi inandırıcı deyil. İqtidar sadəcə, gözünü yumub uçuruma doğru gedir. Heç cür də bizim verdiyimiz bəyanatları, hətta dost kimi də uzatdığımız əli sıxmaq kimi bir fikri yoxdur. Hətta bizim fikirlərimizi belə eşitmək istəmir. Belə düşünürlər ki, bunlar hamıdan ağıllıdır, hər şeyi düz fikirləşir, Siyavuş Novruzovun bəyanatları ilə iqtisadi çöküşün qarşısını alacaqlarını fikirlərşirlər. Bundan artıq nə deyək, onlarla məcbur dialoqa gedə bilmərik ki”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov isə dedi ki, iqtisadi çöküş siyasi çöküşün məntiqi nəticəsidir:

“Siyasi hakimiyyətin yürütdüyü yarıtmaz siyasəti, ölkəyə daxil olan milyardlarla vəsaiti bilərəkdən düzgün və lazımi qaydada xərcləməməsi, talançılıq, ölkənin bütünlükdən neft-qaz ixracından asılı vəziyyətə salınması böhranı sürətləndirdi. Bu böhran ölkəni ciddi təhdidlə üzbəüz qoyub. Çünki ölkədəki stabillik zorakılığa və qeyri-demokratik metodlara söykənilərək sürdürülsə də, davamlı və dayanıqlı deyildi. Bir qrup maddi sərvətlərin mənimsənilməsi hesabına sürətlə varlandı, xaqlın əksər hissəsi isə sürətlə kasıblaşaraq, ağır duruma salındı. Cəmiyyətdəki bu qeyri-bərabərlik və kəskin fərqli təbəqələşmə anormal və təhlükəli hal aldı. Eyni zamanda sosial ədalətsizlik və korrupsiyanın rüşvətin bütün sahələrdə, o cümlədən məhkəmə hakimiyyətində də geniş vüsət alması siyasi institutların və vətəndaş cəmiyyətinin sıradan çıxarılması, radikallaşma ümumilikdə cəmiyyətin özünü radikallaşdırdı”. Ə.Orucov bildirdi ki, ona görə də radikal təmayüllü qrupların fəaliyyətinə və yayılmasına münbit şərait yaranıb: “Bir yandan da düzgün olmayan xarici kursun götürülməsi ölkəni faktiki olaraq beynəlxalq tədric vəziyyətə salımaqdadır. Bu olduqca vahiməli durumdur. Təəssüf doğuran odur ki, hakimiyyət reallıq hissini itirərək ölkənin üzərində sıxlaşan qara buludları görmək istəmir. Yaxud da Kremlə bel bağlayıb bu cür siyasətini və mövcudluğunu davam etdirmək istəyir. Bir növ “cəhənnəmə gedən özünə yoldaş axtarır” prinsipi ilə yanaşır. Hökumətin davranışları, atdığı addımlar və sərgilədiyi mövqe onu deməyə əsas verir ki, yumşalma deyil, sərtləşməyə, hətta qanlı toqquşmaya belə getməyə hazır görünür. Prezidentin son əfv fərmanı, qanunvericiliyin sərtləşdirilməsi, hüquq-mühafizə orqanlarına geniş səlahiyyətlərin verilməsi, cəmiyyətə basqıların artırılması Əliyev hakimiyyətinin “gələcək döyüşlərə” ciddi hazırlaşdığından xəbər verir. Müşahidələrim onu göstərir ki, iqtidar dialoq mühitini, barışığı, qarşılıqlı anlaşma və uzlaşmanı deyil, antidemokratik və ənənəvi siyasi kursunu üstün tutur. Odur ki, iqtidarla-müxalifət arasında dialoqun ola biləcəyi ehtimalı çox azdır. Ölsa da, bu, yüsək səviyyələrdə yox, sıradan görüş ola bilər. O zaman masa arxasına oturmağa meyl göstərəcək ki, buna məcbur ediləcək. Xalq buna məcbur edəcək. Xaqlın etirazı, təpkisi, narazılıqların ictimai xarakter alması həqiqi dialoqu gerçəkləşdirə bilər”.
Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı isə dedi ki, əslində, sadaladığınız faktorlar istənilən normal düşüncəli hakimiyyətləri islahatlara getməyə və siyasi açılımlar etməyə məcbur edəcək hadisələrdir. Onun fikrincə, bunlar arasında istər Azərbaycanın daxili sabitliyini zərbə altında qoyacaq, istərsə də beynəlxalq aləmdə mövqelərini zəiflədəcək, hətta dünyadan təcrid edə biləcək faktlardır:
“Ancaq bütün bu təhlükələrə baxmayaraq hakimiyyət öz aqressiv siyasətindən imtina etmir. Nəinki imtina etmir, əksinə daha da aqressivləşir və repressiyaları gücləndirir. Son əfv fərmanında 1 nəfər belə olsun siyasi məhbusun azadlığa buraxılmaması bunun göstəricilərindəndir. Belə kritik məqamda kompromis axtarışından imtina təhlükəli perspektivlər vəd edir. Təəssüflə qeyd etməkiyəm ki, hakimiyyətin belə yarıtmaz siyasətinin əziyyətini xalq çəkməli olur. Bunu həm iqtisadi həm də sosial sahədə müşahidə etmək çətin deyil. Bu günkü kimi kritik məqamda hakimiyyət ilk növbədə dialoq axtarmaqla məşğul olmalıdır. Mən düşünmürəm ki, bu gün hansısa siyasi qüvvə xalq adından danışa bilər. Çünki xalq demək olar ki, bütün siyasi partiyalara inamını itirib. Odur ki, birbaşa xalqla ünsiyyətə keçib onları razı salmaq gərəkdir. Bu dialoqa iqtisadi sahədə islahatlar aparmaq və haqsız yerə həbsdə saxlanılan siyasi məhbusları azadlığa buraxmaqla başlamaq olar”.
Cebhe.info



