Bu gün parlamentin növbədənkənar iclasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev cəmiyyəti düşündürən bir sıra suallar ətrafında maraqlı fikirlər səsləndirib. Mövzunun aktuallığını nəzərə alaraq Moderator.az həmin çıxışı sinxron olaraq öz oxucularına təqdim edir:
“Həqiqətən də dünənki müşavirədən sonra Azərbaycan insanında çox böyük bir ümid yaranıb ki, ölkədə köklü islahatlar aparılacaq və iqtisadi – sosial durum ciddi şəkildə dəyişəcək. Mən çox ümid və arzu edirəm ki, hökumət bu işin öhdəsindən gəlsin və doğrudan da prezidentin qoyduğu tapşırıqlar öz həllini tapsın. Mən indi komitənin iclasında da bir məsələyə diqqəti cəlb elədim və indi hörmətli Əli Məsimli də bu məsələnin üzərinə gəldi ki, zamanında prezidentin tapşırığı yerinə yetirilmədi, yəni xaricdə saxladığımız vəsaitlərdən 2 milyard gətirilərək Azərbaycan banklarında yerləşdirilmədi. Hörmətli Elman müəllimin cavabı belə oldu ki, biz onsuz da Neft Fondundan ildə təqribən 6 – 7 milyard investisiya kimi büdcəyə ayrılırdı və büdcə vasitəsilə xərclənirdi. Amma onun cavabını hörmətli Şahin müəllim öz çıxışında vermişdi ki, investisiya qoyuluşu adı ilə büdcəyə yönəldilən həmin 6 – 7 milyard adətən infrastrukturun qurulmasına sərf olunur. Yəni xəstəxanaların, məktəblərin, yolların tikintisinə, körpülərin salınmasına, şəhərlərin abadlaşdırılmasına, yeni parkların salınmasına, bulvarın genişləndirilməsinə və sair və ilaxır. Axı həmin vəsaitləri sahibkar öz istədiyi kimi istifadə edə bilmirdi. Bir də var ki, biz sahibkara imkan yaradaq, o gedib öz səriştəsinə və bacarığına uyğun olaraq gedib bankdan aşağı faizlə pul götürsün, gedib hardasa məhsul istehsal etsin. Amma biz bazar iqtisadiyyatı olan ölkədə hələ də sahibkara imkan verməyəcəyiksə ki, istehsal etdiyi məhsulu öz istədiyi qiymətə satsın, bu məsələ xeyli dərəcədə problem olaraq qalacaq. Ona görə ki, konstitusiyaya da, ölkə qanunlarına da zidd olaraq bu gün faktiki surətdə sahibkarı qulluq mövqeyindən sui – istifadə etmə və səlahiyyət həddini aşmağa görə cinayət məsuliyyətinə cəlb edirik ki, sən niyə qiyməti qaldırırsan. Axı dünən həmin sahibkar tutaq ki, toyuğu 3 manata satanda həmin qiyməti kim müəyyənləşdirmişdi ki? Təbii ki, sahibkarın özü müəyyənləşdirmişdi və bu gün də o bu qiyməti 3 deyil, 4 manat müəyyənləşdirir. Bu başqa məsələ ki, həmin sahibkar vergidən yayınırsa o zaman vergidən yayınmaya görə onu məsuliyyətə cəlb etmək olar. Amma inzibati qaydada sahibkara demək ki, get malını filan qiymətə sat, əlbəttə, sahibkar həmin işə bir daha investisiya yatırmaqda maraqlı olmayacaq. Ona görə də bu məqama xüsusi diqqət yetirmək lazımdır.
İkincisi, mən Elman müəllimə bir sual ünvanladım ki, niyə Azərbaycan bankları dollarla kredit verir? Axı bizim konstitusiyanın 19-cu maddəsində pul vahidi anlayışı var və orada qeyd olunub ki, bütün ödənişlər yalnız Azərbaycan manatı ilə həyata keçirilə bilər. Elman müəllim dedi ki, hüquqşünaslar daha yaxşı bilər, amma bu ödəniş kredit vermə demək deyil. Amma biz kredit borcunu ödəmək deyəndə ödəniş sözünü işlətmirikmi? Lap ödəniş sözünü işlətməyək, deyək ki, borcun qaytarılması və ya kredit üzrə borcların qaytarılması. Bu nəyi dəyişir ki? Söhbət ondan gedir ki, Azərbaycanın hüquqi şəxsi ilə ölkə vətəndaşı arasında xarici valyutadan istifadə olunur. Onun qarşısını almaq lazımdır. Mən sizi əmin edirəm ki, əgər vaxtında Konstitusiya Məhkəməsi konstitusiyanın bu müddəasını düzgün şərh etsəydi və Mərkəzi Bank bu məsələyə düzgün yanaşsaydı, ölkə konstitusiyasının pozulmasına yol verməsəydi, bütün kreditlər də manatla verilmiş olsaydı, indi də həmin kreditlər üzrə ödənişlərin qaytarılmasında da bu problem yaranmazdı. Üçüncüsü, birinci devalvasiyadan sonra kifayət qədər vaxt itirilib və bu müddət ərzində effektiv qərarlar qəbul olunmayıb.
Şahin Mustafayev burda söylədi ki, bu il Sahibkarlığa Kömək Milli Fondundan sahibkarlara 250 milyon manat vəsait veriləcək. Bu kifayət qədər azdır. Əli müəllim də burda təklif elədi, düşünürəm ki, 1 – 2 milyard vəsait gətirərək Azərbaycan banklarında yerləşdirmək lazımdır, qoy lap həmin pul üzərində sərəncam vermək səlahiyyətini Sahibkarlığa Kömək Milli Fonduna verək, amma 250 milyon yox, 2 milyard 250 milyon manat sahibkarlara verilsin. Bir hissəsini sahibkar özü ödəsin, qalan hissəsini də İqtisadiyyat Nazirliyi Sahibkarlara Kömək Milli Fondunun xəttiylə sahibkarlara versin ki, ölkə iqtisadiyyatı inkişaf etdirisin.
Başqa addımlar da atılmalıdır. Hər il on minlərlə tələbə xaricə üz tutur. Hər il on minlərlə gəncimiz Gürcüstana, Ukraynaya, Türkiyəyə, Rusiyaya gedərək həmin ölkələrin universitetlərinə daxil olurlar. Hansı ki, həmin universitetlərin nüfuzu heç bizim universitetlərdən üstün deyil. Bu insanalr xarici valyuta ilə təhsil haqqı ödəyirlər həmin ölkələrdə, əlavə olaraq da orada qalmaları üçün xeyli məbləğdə xarici valyuta xərclənir. Olmazmı ki, 2004 – cü ilin vəziyyətinə qayıdaq? Universitetlərə qəbul üçün TQDK yenə də imtahanlar keçirsin, amma icazə verilsin ki, həmin imtahanlarda aşağı bal toplayanlar ödənişli əsaslarla öz universitetlərimizə qəbul olunsunlar. Bu gün xaricdə təhsil alan minlərlə tələbəmiz var ki, artıq valideynləri onların təhsil haqlarını ödəyə bilmirlər. Həmin tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi üçün Təhsil Nazirliyinə müvafiq göstəriş verilməlidir. Burada söhbət böyük maliyyədən və Azərbaycan vətəndaşlarının taleyindən gedir. Onsuz da hamımız bilirik ki, onlar oxuyub qurtarandan sonra da dövlət qulluğuna qəbulla bağlı yenidən imtahan verməli olacaqlar, bu baxımdan düşünürəm ki, bu addım da atılmalıdır.
Eyni zamanda viza rejimi aradan qaldırılmalıdır. Vaxtilə biz 45 kilometrlik sərhədlə bağlı viza rejimi məsələsinə baxanda mən dedim ki, Naxçıvanda əvvəllər şənbə – bazar günləri bütün ictimai iaşə obyektlərində Cənubi azərbaycanlılar dolu olurdu, dil problemi də yox idi və orada da bizim 30 milyon soydaşımız var idi, onlar gəlib Naxçıvanda xeyli valyuta xərcləyirdilər. Amma biz bu dəyişikliyə getməklə nəyə nail olduq? İndi yenə də düşünürəm ki, İranla, Türkiyə ilə viza rejimi aradan qaldırılmalıdır, ya da ümumiyyətlə sadələşdirilmiş viza rejiminə keçilməlidir ki, gəlsinlər sərhəddə 10-20 dollar ödəməklə viza ala bilsinlər. Avropa İttifaqı ilə də viza rejimi aradan qaldırılmalıdır. Ermənistan Rusiyanın hərbi – siyasi müttəfiqidir, amma Avropa Birliyi ilə birtəfəli qaydada vizanı aradan qaldırıb. Amma biz bunu etmirik. Qoy inkişaf etmiş ölkələrin vətəndaşları gəlib burda valyuta xərcləsinlər, heç olmasa biz bununla turizmi inkişaf etdirə bilək.
Ümumiyyətlə biz burada dəfələrlə məsələ qaldırmışıq ki, regionlara investisiya yatıran şirkətlərə güclü vergi güzəştləri nəzərdə tutulmalıdır. Və onlar hətta 3 – 5 il ümumiyyətlə vergidən azad oluna bilərlər ki, ora vəsait yatırmağa maraqlı olsunlar.
Sonda bir daha diqqəti ona cəlb etmək istəyirəm ki, mən də bilirəm hər şeyi bir günün içində etmək olmaz. Bu gün biz məlumat alırıq ki, hər gün dünya birjaları çökür. Neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Hamımız bilirik ki, burada siyasi faktorlar da var. Amma axı bizim problemimiz təkcə bununla bağlı deyil. Bizim iqtisadiyyatımızın ciddi problemləri var və hesab edirəm ki, bəzən bu problemlərin həlli üçün qərar verməkdə yubanırıq. Hesab edirəm ki, sürətli qərarlar qəbul olunmalıdır, özəlləşdirmə çox sürətli şəkildə həyata keçirilməlidir. Buna illərlə vaxt sərf olunmamalıdır. Səhiyyə obyektləri, dövlət universitetləri dəfələrlə burada məsələ qaldırmışıq ki, özəllşdirilməlidir. Səhmdar cəmiyyətlər var ki, zamanında deyirdik ki, axı belə olmaz, bunlar həm xaricdən özləri borca girirlər, həm bunlara büdcədən vəsait ayrılır, həm də sonradan onların yaranmış borclarını büdcə hesabına ödəyirlər. Bu gün “Azərişıq”, “Azərsu”, “Azərenerji”, “Azəriqaz”, AZAL kimi qurumların hamısının artıq zamanı çatıb ki, özəlləşdirməyə çıxarılsın”.




