
Qadaşı kimi başçının da Tovuzda bir çox dəbdəbəli malikanələri, restoranları var. Bununla belə T.Zeynalovun Bakıda da dəyəri milyonlarla ölçülən mənzil və mülkləri var ki, bunların bir çoxu kirayə verilib.

T.Zeynalovun vəzifəyə təyin etdiyi digər qohumların siyahısı:
– Mətləb Qasımov – baş mühasib, icra başçısının xalası qızının əridir.
– Mətanət Sarı qızı Musayeva – İcra Hakimiyyətində aparıcı mütəxəssis, icra başçısının qardaşı Fikrət Zeynalovun baldızı.
– Yaşar İbrahimov – rayon Telekommunikasiya qovşağının rəisi, icra başçısının əmisi qızının əri.
– Xaqani Cəbrayıl oğlu Əskərov – Rayonlararası Dövlət Avtomabil Müfəttişliyi birliyinin rəisi, icra başçısının bacısı oğlu.
– Aydın Qədir oğlu Qasımov – Rayon mədəniyyət və turizm şöhbəsinin müdiri, icra başçısının kürəkəninin dayısı.
– Hüsaməddin Şəmşəd oğlu Mirzəyev- Rayon qaz istismar idarəsinin rəisi, icra başçısının qaynı.
– Rəşid Həsənov- rayon memarlıq və tikinti şöbəsinin müdiri, icra başçısının əmisi qızınin əri.
– Elxan Əziz oğlu Əskərov – Rayon enerji satışı şöbəsinin rəisi, icra başçısının yaxın qohumu və s.
Ramiz Zeynalovun digər qardaşı Fikrət Zeynalov Sabunçu rayonunda yerləşən 3 saylı şəhər Klinik Xəstəxanasına baş həkim vəzifəsində çalışır. Buna qədər isə F.Zeynalov Fuad Əfəndiyev adına 4 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi vəzifəsini tuturdu. Xəstəxanalardakı durumun da necə olduğunu hər kəs bildiyi üçün bu məqamın da üzərində xüsusi dayanmağa ehtiyac görmürük. Hər kəs adi xəstəlikdən tutmuş doğuşa qədər hər şeyin pullu olduğunu bilir.
Evakuasiya.Az və ya “156” kimindir?
Ramiz Zeynalovun biznesinin əsas istiqamətlərindən biri də “Evakuasiya.az” şirkəti ilə bağlıdır.
Belə ki, Bakıda evakuatorlar tərəfindən cərimə meydançalarına aparılan avtomobillərə sürücülər tərəfindən ödənən cərimələr dövlət hesabına yox, şəxsi hesablara gedir. Paytaxtın küçə və prospektlərində qadağan edilmiş yerdə dayanan avtomobilləri ancaq Yol Patrul Xidmətinin əməkdaşının göstərişi əsasında DYP-nin Siqnal İdarəsinə məxsus AP (Azərbaycan Polisi ) serial nömrə nişanlı evakuatorlar tərəfindən cərimə meydançalarına aparıla bilər. Belə olan halda cərimə meydançasına aparılan avtomobilin sürücüsü cərimə edilir və sürücü cəriməni bank vasitəsi ilə dövlətə ödədikdən sonra avtomobilini cərimə meydançasından götürə bilir. Ancaq R.Zeynalov burada da vəziyyəti “incə qayda”da dəyişib. DYP-nin Siqnal İdarəsinə məxsus evakuatorlar cərimə meydançalarında saxlanılır. Əvəzində isə dayanması qadağan edilmiş yerlərdən avtomobillər “Evakuasiya.Az” MMC-yə məxsus “İsuzi” markalı evakuatorlar (üzərinə 156 yazılan) tərəfindən cərimə meydançalarına aparılır və sürücülər cəriməni qeyd olunan MMC-nin hesabına (“Bank Texnika”dakı) köçürdükdən sonra avtomobillərini cərimə meydançasından götürə bilirlər. Beləliklə də, dövlət büdcəsinə köçürülməli olan cərimələr bu yolla kimlərinsə ciblərinə gedir.
Vergilər Nazirliyinin saytında “Evakuasiya.az” MMC-nin 24 yanvar 2011-ci ildə qeydiyyatdan keçdiyi, qanuni təmsilçisinin isə Aqil İsmayıl oğlu Zeynalov olduğu göstərilib.
Aqil Zeynalov kimdir?
Bir müddət öncə mediada gedən məlumatlarda bildirilirdi ki, Bakı şəhərində evakuasiya xidməti göstərən bütün avtomobillər satılıb. Maşınların Xəqani Səlimov adlı şəxs tərəfindən Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalova satıldığı deyilir: “Lakin bu alqı-satqının pul müqabilində aparıldığı dəqiq məlum deyil. Məlum olan odur ki, Aqil Zeynalovun nəzarətində olan evakuasiya maşınları 2 profil üzrə Bakıda xidmət göstərirlər. 1-ci xidmət növü qəzaya düşmüş və ya xarab olmuş avtomobillərin daşınması, 2-ci xidmət isə DYP-nin sifarişi ilə park etmə qaydalarını pozan avtomobillərin cərimə meydançalarına daşınmasıdır”.
“Evakuasiya.az” MMC ilə eyni ünvanı paylaşan “Azericert” MMC adlı daha bir şirkət var. Şirkət 1 sentyabr 2011-ci ildə qeydiyyatdan keçib. Qanuni təmsilçisi Zamil Faiq oğlu Həsənovdur. Ancaq şirkətin nə işlə məşğul olduğu bəlli deyil. Adı mətbuatda gedən bir neçə yazıda maliyyə dəstəkçisi kimi keçir.
YEKUN
Normalda heç bir şəxsin və qohumlarının hansısa biznes qurumları yaratması və ya ona rəhbərlik etməsi əlavə suallar yaratmalı deyil. Amma R.Zeynalovun 21 il, qardaşının 8 il eyni vəzifədə olması – bütün qohumların bu həlqədə yer alması, biznes subyektlərinin də birbaşa dövlət kanallarına bağlı olması – artıq ciddi korrupsiya faktıdır.
MTN ətrafında baş verən qalmaqal da bir daha göstədi ki, bu cür fatlar ciddi araşdırılmalı və hər kəs layiq olduğu cəzasını almalıdır.
Qaynar.info



