Bundan sonra İranın dünyada neft bazarına hər zaman təsirini hiss edəcəyik.
Bunu ekspert İlham Şaban deyib.
Onun fikrincə, İran neftinin ixracına olan qadağanın aradan götürülməsi və bunun ardınca Yunanıstanın Hellenic Petroleum SA neftayırma zavodu ilə saziş imzalaması istər-istəməz neft bazarına olan təsirini göstərəcək.
Qeyd edək ki, sazişin imzalanmasından dərhal sonra son bir neçə gündə neftin qiymətində artım müşahidə edilsə də, yanvarın 24-dən etibarən bu artım dayanıb və cüzi də olsa enmə müşahidə olub.
“Bu artıq İranın real bazara təsiridir. Yəni İran faktoru hazırda bazarda özünü daim hiss etdirəcəkdir. Bu ancaq sazişlərin imzalanması xəbərlərinə reaksiyadır. İran həcm olaraq bazara neft çıxarmayıb hələ”, – deyə ekspert vurğulayıb.
Ekspert əlavə edib ki, İran nefti yalnız bazara fevralın əvvəlində 4 nəfərlik inspektorların növbəti missiyasının hazırlayacağı müsbət hesabatdan sonra çıxarıla bilər: “Bax o zaman bazar əsil təlatümü yaşayacaq. Yəni real görsənəcək ki, İran nə qədər neft çıxardı, bazar bunu necə qarşıladı, həzm edə bildimi və qiymətlər hansı səviyyəyə qədər düşə bildi. Yəni burda birjalara həm psixoloji amil var, həm də İranın rəqiblərinin bazarda özlərini aparma qaydaları. Bu iki faktordan çox şey asılı olacaq. Ona görə də mən deyə bilərəm ki, neftin qiyməti ilə bağlı sürprizlər hələ qarşıdadır və onun qiymətləri stabil olmayacaq. Çox güman ki, yaxın bir-neçə ayda neft qiymətləri sınıq xətt üzrə inkişaf edəcək: gah qalxacaq, gah da enəcək.” Ekspert deyib ki, artıq bir sıra Avropa şirkətləri İrana səfər edərək bu ölkədən xam neft almaq niyyətində olduqlarınə dilə gətiriblər.
Avropanın Royal Dutch Shell Plc, Eni SpA və Total SA kimi məhşur şirkətləri İranın neft sektorunda çalışmağa və inkişaf etdilməsində iştirak etməyə hazır olduqlarını bəyan ediblər.




