Xanbaba bəyin beş oğlu olmuş, onlardan üçüncüsü Abbasqulu bəy Şadlınskidir. O, ibtidai təhsilini Böyük Vedidəki rus-tatar məktəbində almış, sonradan təhsilini İrəvan gimnaziyasında və Qori seminariyasında davam etdirib. Atasının ölümü ilə bağlı təhsilini yarımçıq qoyub kəndə qayıdıb. Atasından ona irs qalan torpaqların xeyli hissəsini imkansız həmkəndlilərinə bağışlayıb. Gənc yaşlarında mahalda böyük hörmət və nüfuza malik olduğundan Vedibasar əhalisi tərəfindən mirab vəzifəsinə seçilib.
XIX əsrin axırlarında Tiflis şəhərində yaranmış milliyyətçi və terrorçu erməni-daşnaksütyun partiyası özünün “Böyük Ermənistan” yaratmaq kimi məkirli planını XX əsrin ikinci onilliyinin ortalarında həyata keçirməyə çalışır. Məqsəd azəri türklərinin dədə-baba torpaqları olan Vedibasar, Göyçə, Dərələyəz və Şərur mahallarını Ermənistana birləşdirib Naxçıvanı işğal etmək olur. Erməni daşnakları 3 ildən çox buna can atsalar da, öz bədnam niyyətlərini həyata keçirə bilmirlər. Çünki qarşılarında xalq tərəfindən sevilən istənilən vaxt xalqı yumruq kimi birləşdirməyi bacaran sərkərdə Abbasqulu bəyi görürlər. Abbasqulu bəy Şadlınski 1917-1921-ci illərdə Vedibasar igidlərindən yaradılmış özünümüdafiə dəstəsi ilə birlikdə 3 il sərasər erməni-daşnak hökumətinə qarşı mübarizə aparıb.
Çoxlu silah-sursata, zirehli qatarlara, nizami orduya malik olan, hətta o zaman ərazilərdə nəzarəti ələ keçirən ingilis hökumətindən də dəstək alan erməni-daşnak ordusunun Andronik, Dro, Njde, Bek-Pirimov kimi erməni generalları dəfələrlə Abbasqulu bəy Şadlınskinin özünümüdafiə dəstələrinə məğlub olaraq onun əlinin zərbi-dəstini görüb. Vedibasarı işğal edə bilməyən erməni-daşnak ordusu mahalın düşünən beyni və vuran əli olan Abbasqulu bəyi ələ keçirmək üçün “daimi dostu və düşməni olmayan” ingilislərin köməyindən istifadə edib. İrəvanda olan ingilis polkovniki Polduen 1919-cu ilin iyun ayının əvvəllərində danışıqlar aparmaq adı ilə Abbasqulu bəyi qatarla İrəvana gətirib daşnak hökumətinə təslim edir. Abbasqulu bəy özünün siyasi manevrası və Azərbaycan hökumətinin İrəvandakı nümayəndəsinin səyi nəticəsində azad edilib bir neçə nüfüzlu azərbaycanlının zəmanətinə verilir.
Uzun sürən döyüşlərdən sonra silah-sursatın tükənməsi daşnak qüvvələrinin Naxçıvan ətrafında döyüşlər aparmasını nəzərə alaraq Abbasqulu bəy 1920-ci ilin iyul ayının əvvəllərində Vedibasar əhalisini ərazidən çıxarıb Şahtaxtı ərazisindən Cənubi Azərbaycana keçirir.
Vedibasar əhalisini Xoy şəhərinə gətirən Abbasqulu bəy Xoyun farspərəst valisinin onlara qarşı bədnam niyyətini başa düşür. Yaxın silahdaşı erməni daşnaklarına qarşı döyüşlərdə böyük şücayətlər göstərmiş Sultan xan Mərəndinin təklifinə əsasən, Mərəndə gəlir və hörmətlə qarşılanır. (Sultan xan Mərəndi 1948-1953-cü illərdə “Qırmızı monarx” İ.V.Stalinin sərəncamına əsasən Vedibasar, Göyçə və s. ərazilərdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasına köçürülənlərin sırasında Yevlax rayonu Malbinəsi kəndinə gəlmiş 1960-cı illərdə orada vəfat etmişdir.)
1920-ci ilin sentyabr ayının ortalarında Abbasqulu bəy dinc əhalini Mərənddə qoyaraq Naxçıvana qayıdır və Naxçıvan Hərbi İnqilab Komitəsinin qərarı ilə keçmiş silahdaşlarından “Qırmızı taboru” təşkil edir. O, Naxçıvan, Şərur, Dərələyəz və Vedibasar ərazilərinin erməni daşnaklarından təmizlənməsində uğurlu hərbi əməliyyatlar aparmış, nəinki azərbaycanlıları, həmçinin dinc erməni əhalisini də erməni-daşnak zülmündən azad edir. Göstərdiyi misilsiz qəhrəmanlıq və şücaətə görə ,“Qırmızı Tabor”un komandiri Abbasqulu bəy Şadlınski həmçinin onunla çiyin-çiyinə vuruşmuş onlarca Vedibasar igidi keçmiş Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsinin 30 may 1920-ci il tarixli qərarı ilə “Qırmızı Bayraq” ordeni ilə mükafatlandırlıb.
Anastas Mikoyanın səyi nəticəsində xeyli daşnak nümayəndəsi Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra rəhbər vəzifələrdə çalışırdı. Abbasqulu bəyin döyüşlərdə kişi kimi onlara vurduğu yaraları unutmayan erməni daşnakları Vedibasar mahalının azəri türklərinə qarşı ədalətsizliyi, etnik təzyiqləri artırıb əhali içərisində ikitirəlik salırdı. Erməni daşnaklarının siyasətini həyata keçirən erməni hökumətinin təzyiqinə və sapı özümüzdən olanların ədalətsizliyinə dözə bilməyən Vedibasar mahalının Çimən kənd sakini erməni daşnaklarına qarşı döyüşmüş ağsaqqal və söz sahibi olan Kərbəlayi İsmayıl Hacıyev 1929-cu ilin mart ayında hökumətə qarşı qiyam qaldırır. Vedibasarın Çimən, Qarabağlar, Kərkab, Kolanı və s. dağ kəndlərində sovet hakimiyyəti devrilir.
Yaranmış vəziyyətdən sui-istifadə edən erməni xüsusi xidmət orqanları Abbasqulu bəyi məhv etməkdən ötrü danışıqlar aparmaq üçün onu Kərbəlayi İsmayılın yanına getməyə razı sala bilir. Həmin ərəfədə də gizli olaraq Kərbəlayi İsmayılın yanına bir nəfəri xüsusi hazırlanmış namə ilə göndərib Abbasqulu bəyin onun yanına pis niyyətlə gələcəyini bildirir. Nahaq qan axıdılmasının qarşısını almaq və məsələni dinc yolla həll etmək üçün Abbasqulu bəy yaxın silahdaşı Xəlil Mehdiyevlə və kommunist Müzəffər Talıbovla (Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olub) qiyamçıların əlində olan Qarabağlar və Kolanı kəndinə gedir. Abbasqulu bəyin “pis” niyyətli gəlişindən xəbərdar edilmiş qaçaqlar onun ölümünə fitva verirlər. Kərbəlayi İsmayılla danışıqlar baş tutmadığından geri qayıdarkən 1930-cu il martın 4-nə keçən gecə Abbasqulu bəy ermənilər tərəfindən öldürülür. Çox maraqlıdır ki, onlarla bir yerdə olan kommunist M.Talıbov sağ-salamat Böyük Vediyə qayıdır. Abbasqulu bəy və Xəlil Mehtiyevin dəfni dövlət səviyyəsində təşkil edilir.
Abbasqulu bəy öldürüldükdən və Kərbəlayi İsmayılın qiyamı yatırıldıqdan sonra Vedibasar mahalının əhalisi represiyalara məruz qalaraq dədə-baba torpaqlarından deportasiya olundu. 1964-cü ildə o vaxtkı Ermənistan rəhbərliyi türk-azəri xalqının qanını tökmüş, vaxtilə Fransada “Mavilər” cəmiyyətinin üzvü olmuş, türklər tərəfindən qulağı kəsilmiş daşnak generalı Andranikin heykəlini ucaltmaq barədə rəsmi qərar qəbul etdi. Firidun Şuşunski kimi vətənpərvərlər təzyiqlərdən və həbslərdən qorxmayaraq buna mane oldular. Biz isə öz xalq qəhramanlarımızı unudaraq, əksinə, 1918-ci ildə Azərbaycanın Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında əlli minə qədər azəri türkünün soyqırımını təşkil etmiş daşnak Stepan Şaumyana, Avakyanlara, Lalayanstlara, Tatevos Əmirovlara, Baqramyanlara, daha kimlərə heykəllər ucaltdıq, Qarabağ xanı İbrahim xanın dədə-baba yurdunda Şaumyanın adına şəhər saldıq…
Mərhum yazıçı Fərman Kərimzadə təzyiqlərə, hədə-qorxulara məruz qalsa da, 1967-ci ildə “Qarlı aşırım” romanını ərsəyə gətirdi. 1970-ci ildə isə həmin romanın ssenarisi əsasında “Axırıncı aşırım” filmi rejissor K.Rüstəmbəyov tərəfindən çəkilərək tamaşaçıların ixtiyarına verilməklə xalq tərəfindən rəğbətlə qarşılandı. Sovet hakimiyyətinin “kəsə-kəs” dövründə F.Kərimzadənin bu addımı böyük cəsarət tələb edirdi. Yazıçı romanı xalq qəhrəmanını gələcək nəsillərə tam tanıtmaq üçün həyatını və karyerasını böyük riskə ataraq yazıb. Əsərin orijinalında Abbasqulu bəyin 3 illik erməni daşnaklarına qarşı mübarizəsindən bəhs edilib. Ancaq senzuralardan keçəndən sonra əsərdə və filmdə Abbasqulu bəyin ömrünün son üç günündən bəhs edilib.
Film nümayiş etdirildikdən sonra filmin ərsəyə gəlməsində zəhməti olan bütün kollektiv bəyin qardaşı qızı Xırda xanım Şadlınskaya tərəfindən Bərdə rayonuna dəvət edilir. Bərdəyə gələn kollektiv eyni zamanda Bərdədə Nizami adına kinoteatrda “Axırıncı aşırım” filminin nümayişində iştirak edirlər. Filmin müzakirəsi zamanı mərhum yazıçı Fərman Kərimzadə zalda əyləşən Xırda xanıma üz tutaraq: “Müəllimə, məktəb illərində dil-ədəbiyyat fənnindən heç zaman mənə beş qiyməti yazmamısınız. İndi necə bu əsərimə beş düşürmü” deyir. Xırda xanım isə cavabında: “Fərman, əsər yaxşıdır… Ancaq mən orada Abbasqulu bəyin ermənilərə qarşı mübarizəsini görmədim. Təəssüf edirəm bu dəfədə dörd aldınız”,- deyə cavab verib.
Qeyd edək ki, Xırda xanım Abbasqulu bəyin qardaşı Bəhlul bəyin qızıdır. Bəhlul bəy vəfat edəndə Xırda xanımın beş yaşı olub. Onu Abbasqulu bəy öz himayəsinə götürərək saxlayıb.
Abbasqulu bəyin Bərdədə yaşamış qardaşı qızı Pəri xanım Şadlınskayanın (vəfat edib) oğlu Elburus Şadlınskinin dediyinə görə, Abbasqulu bəylə Müstafa Kamal Atatürkün dostluq əlaqələri olub: “Rəhmətlik anam Pəri xanım deyirdi ki, Mustafa Kamal Paşa bir gün öz xanımı ilə Böyük Vediyə gəlib. O, bəyin qonağı olub sonra xanımını Abbasqulu bəyin evində qoyub gedib. Mustafa Kamal Paşanın xanımı uzun müddət Abbasqulu bəyin xanımları ilə bir yerdə qalıb. Sonra bir gün Abbasqulu bəyə məktub gəlib ki, filan tarixdə fayton gələcək Kamal Paşanın xanımını o faytonla Türkiyəyə yola salın…”
Mərhum yazıçı F.Kərimzadənin səyi nəticəsində 1986-cı ildə Naxçıvanın Şərur rayonunda “Qırmızı Tabor” şöhrət müzeyi açılır, xalq qəhrəmanına məxsus şəxsi əşyalar Bərdə rayonunda yaşayan Pəri xanım Şadlınskaya tərəfindən muzeyə verilir. Çox təəssüf ki, sonradan muzey fəaliyyətini dayandırır, həmin eksponatların xeyli hissəsi itir.
Qarşıdan Abbasqulu bəyin doğulmasının 130 illik yubleyi gəlir. Milləti üçün canını vermiş, Azərbaycan tarixinin milli azadlıq mübarizəsinə şanlı səhifələr yazmış dahi sərkərdə Abbasqulu bəy Şadlınskinin göstərdiyi xidmətlərin müqabilində onun adının əbədiləşdirilməsi istiqamətində tutarlı addımlar atılacaq yəqin ki.
Bəxtiyar Fərzəliyev
Elgün Gəncimsoy
P.S. Məqalənin hazırlanmasında “Azərbaycan tarixi” dərsliyindən, F.Kərimzadənin “Qarlı aşırım” əsərindən, Ə.Ələkbərlinin “Abbasqulu bəy Şadlınski” kitabından və Şadlınskilər nəslinin Bərdə rayonunda yaşayan nümayəndələrinin xatirələrindən istifadə edilib.