Bakıda Rusiya istehsalı olan “VAZ 2107” markalı avtomobilin saatda 230 kilometr sürətlə radara düşməsi geniş müzakirələrə səbəb olub.
Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov səslənən iradlara cavab olaraq bildirib ki, “VAZ 2107” markalı avtomobilin saatda 230 kilometr sürətlə radara düşməsi mümkündür.
DYP rəsmisi hesab edir ki, həmin maşının mühərrikinə müdaxilə olunub: “Mühərrikin gücünü artırmaq üçün gücləndirici qurğuların sayı artırıla bilər. Belə olan halda, əlbəttə, həmin avtomobil saatda 180 kilometr yox, 230 kilometr sürətlə də hərəkət edə bilər. Radar texniki vasitədir, ona müdaxilə etmək olmur. Amma avtomobilin mühərrikinə müdaxilə etmək olur. Hətta 1.6 həcmli avtomobilin mühərrikini çıxarıb yerinə daha böyük həcmli mühərik qoyan sürücülər də var”.
Yol hərkəti üzrə ekspert Ərşad Hüseynov Vaqif Əsədovun fikirlərinin reallığa uyğun olmadığını bildirib.
Ekspert qeyd edib ki, “VAZ 2107” markalı avtomobilin saatda 230 sürətlə getməs ipraktiki cəhətdən mümkün deyil.
“Bu absurd məsələdir. Azərbaycanda kimsə maşınına özündən baha mühərriki avtomobilə yerləşdirməz. Həmin avtomobilin qiyməti 3-4 min manatdır. Həmin mühərrik isə maşının özündən bahadır. Hesab edirəm ki, DYP “VAZ 2107” markalı avtomobillə bağlı texniki səhvə yol verib və bunu etiraf etmək lazımdır. Sənəddə 130 yerinə 230 yazılıb”.




