Prezidentin gənclərlə görüşdə səsləndirdiyi bu ifadənin mənası nədir?
Prezident İlham Əliyevin 20 gün öncə ölkə gəncləri ilə görüşündə çıxışı zamanı AXC-Müsavat iqtidarının yüksək vəzifəli şəxslərini tənqid edərkən səsləndirdiyi “flyuger” ifadəsi artıq hakimiyyət mediasında məqalələrdə bir termin kimi işlədilməkdədir. Məsələn, “Yeni Azərbaycan” qəzeti özünün dünənki sayında AXCP sədri Əli Kərimlinin hədəf seçildiyi böyük həcmli məqaləsində bu ifadədən bir termin kimi istifadə edib.
Xatırladaq ki, prezident Əli Kərimlini tənqidində bu ifadəni dilə gətirmişdi. Qeyd etmişdi ki, AXC-Müsavat iqtidarında dövlət katibi komsomolçu idi, sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuşdu.
“Yeni Azərbaycan” qəzetinin son sayında dərc olunan “Şər üçbucağı” və bir flyuger” başlıqlı böyük həcmli məqalədə flyuger sözü hətta məqalənin başlığına belə çıxarılıb. Məqalədə AXCP sədri Əli Kərimli kəskin ittihamlara məruz qoyulub. Qeyd edilib ki, onun adı satqınlıqla assosiasiya olunur. Qeyd edilir ki, Əli Kərimli 2000-ci ildə Əbülfəz Elçibəyin vəfatından sonra ümumi müxalifət cəbhəsində qarşıdurmaların, parçalanmaların katalizatoru rolunu oynayıb.
Qəzet Əli Kərimlinin fərqli fikrə və tənqidə dözümsüz olması haqda da yazıb. Qeyd edib ki, siyasi xarakteristikasından qırmızı xətlə keçən əsas məqamlardan biri odur ki, AXCP sədri fərqli fikirlərdən “cin sancaqdan qorxan kimi” qaçır, ən yumşaq tənqidə belə dözmür. Bunun dəqiq təsdiqlərindən biri onun özünün və faktiki olaraq idarə etdiyi “Azadlıq” qəzetinin sosial şəbəkələrdəki səhifələrində əks fikirlərə və real diskussiyaya qoyulan qadağadır: ““Yeni Azərbaycan” qəzetinin ötən saylarından birində dərc olunan “Əli Kərimli: savadsız senzor, yoxsa müştəbeh despot?”
başlıqlı yazıda onun sosial şəbəkə istifadəçilərinə qarşı tətbiq etdiyi senzuranın ifşa olunmasından sonra, Əli Kərimli həyatında bəlkə də ilk dəfə olaraq tənqiddən nəticə çıxarıb qadağanı aradan götürdü. Bundan sonra onun və rəhbərlik etdiyi qəzetin “Facebook” səhifələri fəal gənclərin tənqidi fikirləri ilə dolub-daşdı. Amma bu vəziyyət cəmi üç gün çəkdi. Yenidən fərqli fikirlərə qarşı “bloklama” və “silmə” əməliyyatlarına başlandı”.
Məqalədə AXCP sədrinin nəzarətində olan bir sıra facebook fəalları da flyuger adlandırılıb.
Bəs dövlət başçısının səsləndirdiyi və iqtidar mediasının bir termin şəklində istifadə etməyə başladığı “flyuger” ifadəsinin mənası nədir?
Bilməyənlər üçün nəzərə çatdıraq ki, “flyuger” Niderland mənşəli “vleugel” sözündən yaranıb. Mənası “yelqovan”dır. Tarixdə gəmilərdə istifadə olunan bu alət küləyin istiqamətini müəyyənləşdirən cihazdır. Bu cihaz küləyin istiqamətinə doğru fırlanır, yəni külək hara əsirsə, o da həmin istiqamətdə gedir.