
Borclu vətəndaşların əmlakı məhkəməsiz müsadirə edilir.
Vahid Əhmədov: “Şərait yaratmaq lazımdır ki, insanlar kreditləri qaytara bilsinlər”
Mehman Muradlı: “Bank birbaşa borclunun əmlakına borcu yönəldə bilməz”
23 yaşlı Bərdə rayon sakini (yeni evlənmiş gənc) Elşad Dadaşov, Sumqayıt sakini (3 uşaq atası) Samir Seyidov, Gəncə sakini (2 uşaq atası) Kamal Yaqubov, Şəkinin Baltalı kənd sakini 24 yaşlı Malik Hacıbalayev, 65 yaşlı Salyan sakini Davud Səlimov və yüzlərlə Azərbaycan vətəndaşı problemli kreditlərə görə intihar ediblər. Müxtəlif vaxtlarda baş verən bu dəhşətli faciələr bank – vətəndaş əlaqələrinin hansı formada olduğunun isbatıdır. 2015-ci ilin fevralından başlayan silsilə devalvasiya dalğası ölkədə acınacaqlı iqtisadi-sosial vəziyyəti yaradan əsas faktordur.
İkinci devalvasiya isə vətəndaşlara ən böyük zərbəni vurdu. Əhalidən xəbərsiz verilən qərar Azərbaycanda problemli kreditlərin həcmini artırıb. Devalvasiyadan əvvəl 1.6 milyard manat olan problemi kreditlərin həcmi bu gün 2 milyard manatdan (2.3 milyard) daha çoxdur. Dollarla götürülən kreditlərin hansı məzənnə ilə geri qaytarılması ilə yanaşı, bankların və vətəndaşların ən böyük problemi də götürülən borcların geri qaytarıla bilməməsi ilə bağlıdır. Sonuncu devalvasiya bir qayda olaraq, vaxtilə kredit borcunu vaxtı-vaxtında ödəyən bir çox müştərilərin belə bu gün borcu gecikdirmələri, ümumiyyətlə, geri ödənişləri dayandırmaları trendini yaradıb. Səbəb vətəndaşların gəlirlərinin kəskin formada aşağı düşməsi və iş yerlərinin sürətlə itirilməsi prosesinin başlamasıdır. Bank sektorunda diqqətçəkən əsas məqam isə bankların qeyri-leqal yollarla borcu olan şəxslərin daşınar, daşınmaz əmlaklarının müsadirə etmələri və bankların təzyiqləri altında qalan vətəndaşların öz əmlaklarını sataraq bankın borcunu qaytarmalarıdır. Vəziyyət o yerə çatır ki, daşınmaz əmlakını ən ucuz qiymətə bazara çıxaran vətəndaşlar nə bahasına olursa-olsun, özlərini intihara sürükləyən bankların təhdidli xəbərdarlıqlarından yaxa qurtarmaq istəyirlər. Çıxılmaz vəziyyət yaranıb və bu bir çox hallarda bütün məsuliyyəti üzərindən atmaq istəyən vətəndaşların çıxış yolu kimi intihara əl atmalarına da gətirib çıxarır.
Banklar vətəndaşlığı bataqlığa çəkirlər
Bakıda, xüsusilə bölgələrdə bankların borclular üzərindəki təzyiqləri vətəndaşları çətin durumla üz-üzə qoyub. Ölkənin aparıcı banklarının bölgələrdəki filialları bir çox hallarda borclu müştərinin işini məhkəməyə vermədən və məhkəmənin qərarı olmadan əmlakını müsadirə edir. Müsadirə edilən əmlakı bazarda satmaq müşkül məsələ olsa da, bankların bu addımı hansı məqsədlə atmaları da müəmmalıdır. Yəni bank bununla heç nə qazana bilmir. Verilmiş bütün təminatsız kreditlərə görə də, əmlakı müsadirə etmək mümkün olmadığı halda belə, banklar məhkəmə qərarı olmadan və borclu müştəriyə hansısa xəbərdarlıq etmədən müsadirə əməliyyatını həyata keçirirlər. Bir çox hallarda isə bank borclu müştərinin iştirak etmədiyi məhkəmədən müsadirə qərarı çıxarıb, birtərəfli formada, öz marağına uyğun şəkildə əmlakı mənimsəyir. Hüquqşünaslar bildirirlər ki, vətəndaş kredit öhdəliyini maddi durumu ilə bağlı yerinə yetirə bilmədikdə bununla bağlı banka müraciət edə və müəyyən güzəştlərin tətbiqini xahiş edə bilər. Mülki Məcəlləyə əsasən də, tərəflər müqavilənin icra edilməsinə zəmin yaratmalıdır. Yəni banklar müəyyən güzəşt edə və kreditin ödənilməsi üçün borcluya əlverişli şərait yarada bilər. Eyni zamanda, əgər məhkəmə qərarının icrası borclunu maddi baxımdan pis vəziyyətə gətirirsə, borclunun hüququ var ki, məhkəməyə müraciət edərək məhkəmə qərarının icrasına möhlət verilməsini və ya borcun hissə-hissə ödənilməsini xahiş etsin. Ekspertlər də krediti qaytara bilməyən insanlara güzəştlərin olmasının vacib olduğunu bildirirlər. Amma bankların təzyiqləri vəziyyəti o həddə çatdırıb ki, borclu ailələr bütün gününü yalnız kredit borcunu necə qaytaracaq fikri ilə keçirirlər.
“Bank heç bir halda borclunun əmlakını müsadirə edə bilməz”
Hüquqşünas Mehman Muradlı “Cümhuriyət”ə açıqlamasında bildirib ki, bank heç bir halda borclunun əmlakını müsadirə edə bilməz. M.Muradlının sözlərinə görə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ipoteka-öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq, daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur: “Yəni bura həm daşınmaz, həm də daşınar əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, təminatı, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir”.
Mehman Muradlı qeyd bildirib ki, mülki-prosessual qanunvericiliyin tələbinə əsasən, əgər cavabdeh məhkəmədə iştirak etmirsə və etməməyinin səbəbini məhkəməyə bildirmirsə o halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxıb qətnamə çıxara bilər: “Bu ümumi icraat qaydasında olan işlərə şamil edilir. Əgər borc girovla təmin edilməmişdirsə, borclu o halda məhkəməyə əmr icraatı qaydasında müraciət edib məhkəmə əmri çıxarılmasına nail ola bilər. Bu halda da bank birbaşa borclunun əmlakına borcu yönəldə bilməz. Buna qərarı məhkəmə icraçıları verir və borcu borclunun əmlakına yönəldilməsinə dair təqdimatla məhkəməyə müraciət etməlidir”.
Qanunsuz ələ keçirilən əmlak
İş yerlərinin bağlanması, ərzaq bazarında davam edən silsilə bahalaşma trendi, banklarda kreditlərin orta faiz dərəcələrinin həddən artıq yüksək olması borclulara borcu geri qaytarmaq şansını vermir. Nəticədə leqal və qeyri-leqal yollarla banklar əmlakları müsadirə edirlər və vətəndaşların daşınar, daşınmaz əməlaklarını satmaq məcburiyyətində qoyurlar. Bankların sərəncamında çoxlu sayda ipoteka yükü edilmiş əmlak, maşın və torpaq sahəsi var. Borcludan girov qoyulmuş əmlakın (daşınar, daşınmaz) qanunsuz yollarla satışa çıxarılması əsasən Bakının bir sıra rayonlarında, Yevlax, Mingəçevir, Sumqayıt, Salyan, Şəki və digər rayonlarda daha intensiv hal alıb. Ən acınacaqlısı isə budur ki, banka qoyulan girovlar arasında məişət əşyaları da var. Daha çox girov qoyulan daşınmaz əmlaksa, mənzillərdir. Bankların krediti ödənilmədiyi üçün müştərilərdən aldığı mənzillərin, torpaqların dərhal satılması üçün onlar bazara ucuz təklif olunur. Banklar girovluğa təklif edilən əmlakı kifayət qədər ucuz qiymətləndirdiyindən girov sahibinin krediti qaytarıb-qaytarmaması bankı bir o qədər maraqlandırmır.
Bank nə vaxt müsadirə edə bilər?
Borclu kredit borcunu qaytarmaqdan imtina edərkən, bank bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər məhkəmə borcalanın günahkar olduğunu müəyyən etsə, o zaman onun əmlakı müsadirə olunacaq və bazar qiymətindən daha ucuz qiymətə satılacaq. İlk növbədə, banka girov qismində təqdim edilən əmlak satışa çıxarılır. Əgər şəxs kredit müqabilində banka girov qismində heç bir əmlak təqdim etməyibsə, o zaman məhkəmə icraçıları onun pul vəsaitlərini müsadirə edəcəklər. Bundan əlavə, həmin şəxsin mülkiyyətində olan avtomobil və digər əmlak növləri də ödəniş qismində təqdim oluna bilər. Əgər əmlakın müsadirəsindən sonra şəxs yenə də banka borclu qalırsa, o zaman o, borcun yerdə qalan hissəsini öz aylıq maaşından ödəmək məcburiyyətindədir. Məhkəmənin qərarına əsasən, həmin şəxs hər ay əmək haqqısının yarısını kredit borcunun ödənilməsinə sərf etməlidir. Lakin bütün bunları nəzərə almayan banklar, məhkəmələrin qərarı olmadan, ümumiyyətlə, problemlər məhkəmə müstəvisinə çıxarılmadan müsadirə əməliyyatlarını yerinə yetirirlər.
“Banklar Mərkəzi Bankın tövsiyələrinəəməl etmir”
Parlamentin İqtisadi-Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov “Cümhuriyət”ə açıqlamasında qeyd edib ki, problemli kreditlərə görə, müəyyən qərarlar, qanunlar qəbul
edilib. Bank sistemində islahatların başladığına diqqət çəkən V.Əhmədov bir sıra bankların birləşdiriləcəyini deyib: “Artıq bankların birləşdirilməsi, əmanətlərin sığortalanması yönündə və digər proseslər gedir.
Bankların özləri də borcluların vəziyyətlərini başa düşməlidirlər. Onlar insanların əmlaklarını borca görə, müsadirə etməklə heç nəyə nail ola bilməzlər. Çünki əmlak bazarının özündə də bu gün müəyyən qədər durğunluq var. Borclarını vaxtında qaytara bilməyən insanlara, bu borclarını ödəmək üçün banklar müəyyən vaxt verməlidirlər. Müqavilənin vaxtını uzatmaq lazımdır. Şərait yaratmaq lazımdır ki, insanlar kreditləri heç bir təzyiq altında olmadan qaytara bilsinlər. Bu yöndə Mərkəzi Bankdan banklarla tövsiyələr var. Amma təəssüflər olsun ki, bir sıra banklar buna riayət etmirlər”.
– See more at: http://www.cebhe.info/oxu/13536/#sthash.82YxREl9.dpuf



