“İsa Qəmbər siyasətdən bir az uzaqlaşmaq istəsə belə, siyasət ondan uzaqlaşa bilməz”
Xəbər verdiyimiz kimi, KXCP, AXP, ADP, VİP, AzDP, ALDP, BAP, Azadlıq Partiyası, GAP, AĞ blok və digər müxalifyönlü təşkilatların, QHT-lərin olduğu müxalifətin antiböhran koalisiyasının təmsilçisi Sərdar Cəlaloğlu martın 9-da Müsavat Partiyasının başqanı Arif Hacılı ilə yanaşı, Müsavatın sabiq başqanı İsa Qəmbərlə də görüşübmüş.
Bu barədə musavat.com-a Müsavat Partiyasındakı mənbədən məlumat daxil olub. Maraqlıdır ki, Sərdar Cəlaloğlu Arif Hacılı ilə görüşdüyü və müzakirə etdiyi məsələlər barədə “Yeni Müsavat”a həmin gün məlumat versə də, İsa Qəmbərlə görüşdüyü haqda heç nə açıqlamayıb.
Məsələ ilə bağlı Sərdar Cəlaloğlu ilə əlaqə saxladıq. S.Cəlaloğlu İsa Qəmbərlə görüşdüyü haqda bizə verilən xəbərin doğru olduğunu dedi. Bu barədə bizə məlumat verməməsini isə həm bizim ona sual ünvanlamamağımızla, həm də İsa Qəmbərlə görüşün qeyri-rəsmi xarakter daşıdığı ilə əsaslandırdı: “Xeyli vaxt idi İsa bəylə bir dost kimi görüşmürdük. Müsavat qərargahına gəlmişkən, dedim İsa bəylə görüşüm, hal-əhval tutum. Onunla qeyri-rəsmi şəkildə, bir dost kimi görüşdük”.
“Xeyli vaxtdır görüşmədiyiniz İsa Qəmbərin əhval-ruhiyyəsini necə gördünüz” sualına ADP sədri belə cavab verdi: “İsa bəy son zamanlar özünü sanki siyasi proseslərdən bir qədər kənarda görən analitik kimi təqdim eləmək istəyir. Amma mümkün deyil ki, bu qədər böyük siyasi təcrübən ola və siyasi prosesdən uzaqlaşa biləsən. Hətta İsa Qəmbər siyasətdən bir az uzaqlaşmaq istəsə belə, siyasət ondan uzaqlaşa bilməz. Siyasətçilərin siyasi ömür tarixi siyasətçilər öləndə başa çatır. Baxın, Klinton 20 il öncə prezident olub, ancaq bu gün də ABŞ-ın siyasi həyatında onun adı çəkilir, fikirləri dinlənilir. Yəni əsl siyasətçi həyatdan getməyincə, siyasətdən getmir. Bu baxımdan İsa Qəmbər istəsə də, siyasətdən gedə bilməz. Bugünkü Azərbaycan siyasətinin memarlarından biri də odur”.
S.Cəlaloğlu onu da bildirdi ki, İsa Qəmbərlə görüşdə Müsavat-antiböhran koalisiyası və debat təklifi məsələsini müzakirə etməyib: “Partiyanın başqanı var və bu məsələləri rəsmi olaraq onunla müzakirə etmişdim. Siyasi etika baxımından mən bu mövzuları başqandan kənarda müzakirə etməyi doğru hesab etmədim. Heç İsa bəy də Arif Hacılı ilə nə danışdığımızı, hansı nəticəyə gəldiyimizi öyrənməyə meyl eləmədi”.