
Bu gün Bakı Apellyasiya Məhkəməsində banka borcla bağlı həbs edilən Vahid Kərimovun apellyasiya şikayətinə baxılıb.
Vəkil Əkrəm Həsənovun APA-ya verdiyi məlumata görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə şikayətin təmin edilməməsinə qərar verilib.
Ə. Həsənovun sözlərinə görə, martın 11-də Səbail rayon məhkəməsinin hakimi Rauf Əhmədovun sədrliyi ilə iclas keçirilib. Məhkəmənin qərarı ilə 28 yaşlı Vahid Kərimov borca görə 10 gün müddətinə həbs edilib. “Bir vətəndaşın “Rabitəbank”a 7225,7 manat borcu var. Həmin borc üzrə girov da var. Üstəlik 3 zamin də var. Zaminlərdən biri cümə günü həbs edilən Vahid Kərimovdur. Onun körpə uşaqları var. Özü və həyat yoldaşı işləmir. Buna baxmayaraq, zamin olduğu borc üzrə birtəhər 200 manat tapıb ödəyib. Borclu və digər zaminlər isə heç nə ödəməyib, onları narahat edən də yoxdur. Martın 10-u ya 11-də icra məmuru protokol tərtib edərək Kərimova qarşı inzibati xəta haqqında işin icraatına başlayıb. Hakim Rauf Əhmədov İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə (“Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi”) əsasən Vahid Kərimovun həbs edilməsi barədə qərar çıxarıb”.
Ə. Həsənov məhkəmə protokolunda iki tarix olduğunu, buna görə protokolun qanunsuz hesab edilməsinin lazım olduğunu da bildirib.



