
Martın 16-da axşam saatlarında “Sovetski” kimi tanınan məhəllədəki Mirzağa Əliyev küçəsində ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Hadisə yerində olduğumuz zaman yanğının baş vermə səbəbləri ilə yanaşı, bir sıra digər məlumatlar da əldə etdik.
Biz ərazidə olduğumuz zaman artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürüb, bitirmişdilər. FHN əməkdaşları bildirdilər ki, yanğının baş vermə səbəbi hələ dəqiq məlum deyil. Bununla bağlı araşdırma aparılır.
Sakinlərdən isə öyrəndik ki, yanğın axşam saat 20.00 radələrində baş verib. Belə ki, sakinlərin sözlərinə görə, səhər saatlarından etibarən məhəlləyə təbii qazın verilişi dayandırılıb. Axşam isə təbii qaz verildikdən sonra hadisə baş verən evin sakinləri bundan gec xəbər tutublar. Ev sakinləri qaz sobasını yandırmaq istəyən zaman isə partlayış baş verib.
Yanğın baş verən evin sakini Rəna Quliyeva hadisə ilə bağlı musavat.com-a aşağıdakıları söylədi: “Hadisə qəfildən baş verib. Yanğın zamanı dünyasını dəyişən anam Səriyyə Quliyeva yaşlı qadın idi. Gözləri də yaxşı görmürdü. Qazı yandırmaq istəyiblər, partlayış olub. Sonra qardaşım Hacıağanı çağırıblar. O da gəlib, içəri girib. Evdə gəlinimiz də olub. Onun da dili tutulub. Ancaq qardaşım anamı çıxara bilməyib. Hadisə nəticəsində anamızı itirdik. Qardaşımın da əli üzü yanıb. Evin bütün əşyaları da yanğın zamanı yanıb”.
Qonşu Tərlan Həmidov isə bildirdi ki, hadisə qəfildən baş verib: “Biz məhəllədə olduğumuz zaman gördük ki, ev alışdı. Qonşular yığışıb, damdan mənzili söndürməyə çalışdılar. Ancaq yanğın çox güclü olduğu üçün söndürə bilmədik. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə 45 dəqiqəyə gəldilər. FHN əməkdaşlarından bir nəfər yanğını söndürən zaman yıxıldı. Onun da belinin zədələndiyini bildirdilər. Təcili yardım maşını ilə onu da apardılar, hadisədə dünyasını dəyişən Səriyyə xalanı da…”
Ərazidə müşahidə apardığımız zaman şahidi olduq ki, yanğın nəticəsində ümumilikdə 4 evə zərər dəyib. Yanğın ikimərtəbəli tikilinin (hər mərtəbəsində bir ailə qalır) ikinci mərtəbəsində baş verib. Lakin evlər bir-birilərinə yaxın olduğu üçün digər mənzillərə də alov keçib.
Mənzillərin kiçik, girişlərinin isə dar olması evdə olan şəxslərin çölə çıxmalarına mane olub. Eyni zamanda ərazinin dar, mənzillərin bir-birinə yaxın olması FHN əməkdaşlarının da yanğını söndürmələrinə əngəl törədib.



