Azərbaycan Hüquq-Müdafiə Təşkilatlarının Monitorinq Qrupu Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.
Məktubda əvvəlcə hüquq müdafiəçiləri dövlət başçısını Novruz bayramı münasibətilə təbrik edir, sonra isə təşəkkürlərini bildirirlər: “Bu gün biz hüquq müdafiəçilərinə bəxş etdiyiniz ən böyük töhfə, əməyimizə verdiyiniz ən yüksək qiymət imzaladığınız geniş Əfv Sərəncamı və həmin sərəncamla Hüquq-Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun Sizə təqdim etdiyi siyahıdan 14 nəfərin azadlığa qovuşması oldu”.
Müraciətdə deyilir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən jurnalist Rauf Mirqədirovun azadlığa buraxılması da hüquq müdafiəçilərinə sevinc hissi yaşadıb.
“Siz humanizm, insansevərlik hissindən irəli gələn Əfv Sərəncamı ilə hər bir vətəndaşımızın həyat qarantı olduğunuzu sübut elədiniz”,- deyə məktubda vurğulanır.
“Avropa Şurası tərəfindən İnsan Hüquqları ilə birgə İşçi Qrupunun fəaliyyətinin dayandırılmasına və öz nümayəndəsinin geri çağrılmasına baxmayaraq, İşçi Qrupu Sizin qətiyyətli iradənizlə öz işini davam etdirməklə ölkəmizdə dövlət orqanları ilə vətəndaş cəmiyyətləri arasındakı konstruktiv dialoqa tövhəsini verir.Bu addımınız beynəlxalq aləmə, Qərbin nüfuzlu təşkilatlarına göstərdi ki, Azərbaycan öz problemlərini həll etməyi bacaran ölkədir və onunla güc və təsir dilə danışmaq yolverilməzdir. Qısa vaxt kəsiyində qrupun səyləri nəticəsində vətəndaşlardan qəbul etdyimiz 80-nə yaxın şikayət həllini tapdı. Biz ümid edirik ki, Birgə İşçi Qrupu çərçivəsində ölkədəki bir çox problemləri davamlı fəaliyyətimizlə həll edə biləcəyik“, – deyə məktubda vurğulanır.
Məktubu Dilarə Əliyeva adına Qadın Hüququları Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunn rəhbəri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkkilatının Azərbaycan bölməsinin rəhbəri Səadət Bənənyarlı imzalayıblar.




