Avropada nüvə silahından istifadə riski böhranların qarşısının alınması mexanizmlərinin işləməməsi ucbatından artır.
Axar.az xəbər verir ki, bunu Brüssel sammitində çıxışı zamanı Rusiyanın keçmiş xarici işlər naziri İqor İvanov söyləyib. Onun sözlərinə görə, indiki dövrdə Avroatlantika regionunda stabilliyin təmin edilməsində mühüm rol oynayan institutlar yoxdur:
“Bu gün Rusiya və Qərb silahlanma yarışının yeni mərhələsinə giriblər. Avropa isə bu yarışın mərkəzində yer alıb. Zəmanət vermək olar ki, əgər ABŞ nə vaxtsa Polşada raket sistemləri yerləşdirsə, Rusiya buna özünün “İsgəndər” raketlərini Kalininqradda yerləşdirməklə cavab verəcək. Bu hal Avropada 1980-ci illərin ortalarında olduğu kimi raket böhranına səbəb ola bilər. Fərq sadəcə orasındadır ki, 80-ci illərdə ən yüksək səviyyədə dialoq, danışıqlar mexanizmləri mövcud idi və biz bu böhranı həll edə bilərdik. Lakin bu gün həmin mexanizmlərin hamısı məhv edilib. Nüvə silahından Avropada istifadə etmək imkanları hazırda 1980-ci illərdən daha yüksəkdir. Paradoks bundadır ki, bu gün dünyada nüvə silahı azdır, amma ondan istifadə təhlükəsi artıb”.
Qeyd edək ki, İqor İvanov 1998-2004-cü illərdə Rusiyanın xarici işlər naziri olub. O, 2007-ci ildə siyasətdən uzaqlaşıb. İvanov hazırda “Lukoyl” şirkətinin Direktorlar Şurasının üzvüdür.




