
Siyasi məhbusların azad olunması baryerin aradan qalxması sayıla bilərmi?
Hakimiyyət təmsilçisi ilə siyasi partiyaların 2015-ci ilin əvvəlində başlanan, bir müddət sonra dayanan görüşlərinin siyasi məhbusların azad olunması ilə əlaqədar olaraq yenidən keçiriləcəyi barədə ehtimallar irəli sürülməkdədir. Məlumatlara görə, siyasi məhbusların əksəriyyətinin azad olunması hakimiyyət-müxalifət dialoqunun davam etdirilməsində baryerlərdən biri sayılan problemin xeyli dərəcədə aradan qalxması deməkdir.
Ötən il keçirilən görüşlərdə iştirak edən AXP sədri Pənah Hüseyn hesab edir ki, siyasi məhbusların azad olunmasını iqtidar-müxalifət dialoqu deyilən proseslə bağlamağa heç bir əsas yoxdur.
Kimlərsə düşünürsə ki, bu addım iqtidarın müxalifətlə dialoqa hazır olmasının, şərait yaratmasının əlamətidir, yanılır: “Hazırda iqtidar müxalifətlə dialoqa hazır görünmür, bu məsələ hazırda aktual deyil. Hakimiyyət özü belə bir problem yaratmışdı və həmin vətəndaşları haqsız olaraq siyasi məqsədlərlə həbs eləmişdi. İndi də onların bir hissəsini buraxmağa gedildi. Prinsip etibarilə əlbəttə ki, istənilən halda siyasi məhbusların azadlığa çıxması faktı təqdir edilməlidir. Amma əsas məsələ belə bir situasiyanı yaradan siyasi sistemin islahatlar yolu ilə dəyişdirilməsindən gedir. Çünki əks təqdirdə, biz zaman-zaman belə halları müşahidə edirik ki, bir qrup siyasi məhbus azad olunur, bir az keçdikdən sonra isə yeniləri yaranır. Ona görə də bu vəziyyətin birdəfəlik aradan qaldırılması üçün ölkədə ciddi demokratik islahatlara və demokratik dəyişikliklərə ehtiyac var”.



