
Martın 17-də prezidentin əfv sərəncamı ilə həbsdən azad olunan siyasi məhbuslardan biri Taleh Xasməmmədov Müsavat rəhbərliyindən gileylənib.
Hüquq müdafiəçisi Cebhe.info-ya açıqlamasında gileyləndiyi şəxslərin Müsavat Partiyasının başqanı, onun müavinləri, müşavirləri və Divan üzvləri olduğunu deyib:
“Həbsdən çıxdığım 12 gün olduğunu, təbrik olunmadığımı düşündükcə fikrimi statusla ifadə etdim. Özümü indiki duruma layiq bilmədim. Müxalif sıralarda 19 illik zəhmətim var. Ən azı əqidəmə görə hörmətə layiq olmalıydım. Mən fəaliyyətimi özümə vicdan borcu bilmişəm və bunun müqabilində “sağ ol” da gözləmirəm. Hər zaman hüququ pozulan kəslərin yanında olacağam”.
Taleh Xasməmmədov 1997-ci ildən 2000-ci ilə qədər Vəhdət Partiyasında, qalan illərini isə Müsavat sıralarında olduğunu da deyib:
“ADR Hərəkatına keçmək barədə əsla düşünmürəm. Hərəkata qoşulmaq barədə təkliflər olub, amma yuxarı səviyyədə yox. Bir zaman Müsavat üçbucağının haqq tərəfini axtarırdım, indi isə haqqa tərəf yönəltməyin yollarını axtarıram. İstəmirəm müxalif düşərgələrdə konfliktlər yaşansın. Hədəf və məqsəd daha önəmli olmalıdır”.
Qeyd edək ki, Taleh Xasməmmədov sosial şəbəkədə statusunda həbsdən azad olunan sonra bir çox siyasi partiya rəhbərləri, üzvləri, QHT və KİV nümayəndələri, həmçinin minlərlə Göyçay sakinləri tərəfindən təbrik aldığını yazıb. Təəssüf hissi ilə üzvü olduğu Müsavat Partiyası rəhbərliyindən bu diqqəti görmədiyini bildirib.
– See more at: http://www.cebhe.info/oxu/16893/#sthash.WHyTWjJ4.dpuf



