Prezident İlham Əliyevin ABŞ-a səfəri tarixi əhəmiyyət daşıyır.
Bu haqda Elxan Şahinoğlu açıqlama verib. Siyasi şərhçi hesab edir ki, sözügedən səfər hər iki dövlətin maraqlarına xidmət edir:
“Görüşlərin hər biri Azərbaycan-ABŞ əməkdaşlığı üçün əhəmiyyətlidir. İlk növbədə Kerri-Əliyev görüşünün əhəmiyyətini vurğulamaq lazımdır. Görüş sonrası brifinqdə verilən mesajlar çox önəmli idi. Kerrinin birinci mesajı ABŞ-ın Azərbaycanla birgə işlədiyi çoxsaylı ümumi maraq sahələrə aid idi. Kerri Azərbaycanın mürəkkəb regionda yerləşdiyini xatırladaraq Cənub Qaz Dəhlizinin reallaşmasında İlham Əliyevin xüsusi rolunu qeyd etdi. O bildirdi ki, enerji mənbələrinin diversifikasiyası məsələsində Avropanın uzunmüddətli strateji maraqları baxımından Azərbaycan çox vacib rol oynayır.
ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına təxminən 10 milyard dollar sərmayə qoyduğunu vurğulayan İlham Əliyev Cənub Qaz Dəhlizinin üzərində xüsusi dayandı.
1990-cı illərin əvvəllərində Moskva əlindən gələni edirdi ki, Azərbaycanın bütün nefti Rusiya üzərindən daşınsın. Bu zaman rəsmi Bakının köməyinə Vaşinqton çatdı. Hazırda amerikalı diplomatlar Avropanın qərar verən müxtəlif mərkəzlərində TAP və TANAP üçün lobbiçilik fəaliyyəti aparırlar. Halbuki bu boru xətləri ilə daşınacaq qaz Avropa ölkələrinə satılacaq. Buna baxmayaraq, Vaşinqton bu layihələrin reallaşması ilə Avropanı Rusiya asılılığından qurtarmağa, eyni zamanda, Azərbaycanı şimal və cənubdan təhlükələrdən qorumağa çalışır. Çünki Cənubi Qafqazda güclü Azərbaycanın varlığı ABŞ-ın xeyrinədir”.
Politoloqun sözlərinə görə, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllindəki passiv mövqeyi Azərbaycanı razı sala bilməz:
“Reallıqda ABŞ Qarabağ münaqişəsinin həllində daha böyük məsafə qət edə bilər. Ermənistan hakimiyyətinə təsir etmək üçün Vaşinqtonun əlində güclü alətlər var. Azərbaycan Vaşinqtondan Konqresin bədnam 907-ci düzəlişinin ləğvini gözləyir. Bu işdə isə Azərbaycana yəhudi təşkilatları real dəstək verə bilərlər”.




