Qabil Hüseynli: “Beynəlxalq şərtlər belə əməliyyatları davam etdirməyə hələ ki imkan vermir…”
Aprelin 2-də cəbhədə başlayan gərginlik Azərbaycan gündəminin əsas mövzusuna çevrilib. İctimaiyyət arasında məsələyə münasibət birmənalı oldu. Azərbaycan cəmiyyətinin qələbəyə kökləndiyi açıq şəkildə görünür.
İstər mətbuat, istər sosial şəbəkələr, istərsə də Azərbaycan vətəndaşlarının öz aralarında gedən proseslərlə bağlı müzakirə olsun, hər kəs düşmənə qarşı əzici üstünlüklə aparılan hərbi əməliyyatların qələbəyə qədər davam etməsini istəyir. “Ermənilərə rahatlıq verməmək lazımdır, onların mərkəz sandıqları yerləri daim nəzarətdə saxlamaq lazımdır” kimi fikirlər hazırda əsas yer tutur. Artıq Azərbaycan insanı işğal olunmuş torpaqlarımızın sülh çox, hərbi yolla azad edilməsinə daha çox inanır.
Ermənilərə rahatlıq verməmək, onları daim nəzarətdə saxlamaq, eləcə də hərbi əməliyyatları bu şəkildə davam etdirmək mümkündürmü?
Hazırda əsas suallar budur. 24 ildir Azərbaycan torpaqlarını işğal edən ermənilərin indiyə qədər həmin ərazilərdə yaşamaları bəlkə də onlara yaşadıqları yerlərin başqa xalqın ərazisi olduğunu belə unutdurmuşdu. Onların yaddaşlarına bunu həkk etmək üçün bu cür əməliyyatların davamlı olması ən uyğun variant görünür.
Politoloq Qabil Hüseynli erməni tərəfinin atəşkəsi pozduğunu bildirdi: “Düşmən ölkə yalandan deyir ki, guya atəşkəsi Azərbaycan pozaraq, yerli əhaliyə divan tutur. Həqiqətə uyğun olmayan tezislər yayırlar. Azərbaycan ordusu yeni nazirin dönəmində açıq şəkildə göstərir ki, cəbhədə ermənilərə rahatlıq verməyəcək. Bu cür də hərəkət edirlər. Son iki ildə ordumuz xeyli mükəmməlləşib, nizam-intizam ciddi artıb. Ermənilərin təxribatlarına layiqli cavab verilir. Son proseslər mürəkkəb ssenaridə cərəyan etdi. Azərbaycan prezidenti ABŞ səfərində yüksək səviyyədə qarşılandı. Amerika tərəfi bu dəfə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi. Bu, müəyyən dairələrdə qıcıq oyatdı. Həmin dairələr bölgədəki postlarını verməmək üçün ölkəmizə qarşı hərəkətə keçdilər. Ermənilər qəfil gecə saatlarında hücuma keçdilər. Əvvəlcədən bu tipli hücumların olacağı gözlənildiyindən Azərbaycan ordusu hazırlıqlı idi. Nəticədə əks-hücum oldu. Müdafiə naziri həmin yerlərdə döyüş əməliyyatına rəhbərlik edirdi. Ordumuzun hücumu çox sarsıdıcı oldu. Nəticə etibar ilə düşmən pərən-pərən düşdü. Azərbaycan tərəfi 20 kilometr irəlilədi. Bir neçə saat ərzində ordumuz erməniləri qaçmağa məcbur etdi. Əldə edilmiş üstünlüyü inkişaf etdirmək imkanlarımız var. Belə davam edib, bütün Qarabağı erməni qüvvələrindən azad etmək imkanına malikik”.
Q.Hüseynli ilk günlərdən Rusiyanın açıq müdaxiləsinin olduğunu söylədi: “Rusiya mətbuatı cəbhədəki hadisələri baş-ayaq izah edir. Bütün günahları Azərbaycanın üzərinə yıxmağa çalışırlar. Dünyanın bir sıra siyasi xadimləri məsələyə obyektiv yanaşdılar. AŞ PA sədri açıq şəkildə bölgədəki sabitliyin yeganə yolunun ermənilərin Azərbaycan torpaqlarından çıxması olduğunu bəyan etdi. Almaniyalı deputat da bu tərzdə obyektiv mövqe bildirdi. Qərb şüurunda ciddi dəyişiklər əmələ gəlib. Hərbi vəziyyət xeyrimizədir. Hücumları davam etdirib ermənilərə dərs vermək olar. Amma beynəlxalq mühit, xüsusilə yaxın qonşulardan biri olan Rusiya lazım gələrsə, proseslərə susqun qalmayacağını bildirir. Rusiyanın müdaxiləsi nəticəsində müharibə alovunun bütün Qafqazı bürüyə biləcəyini şimal qonşumuz açıq şəkildə bildirir. Təhdid və təzyiq metodları işə salınıb. Belə şəraitdə müharibə əməliyyatlarını davam etdirmək elə də asan məsələ deyil. Amma indi əldə edilmiş nailiyyətləri mütləq qoruyub saxlamaq lazımdır. Xüsusilə Tərtər istiqamətindəki uğurlarımız gələcəkdəki Qarabağ əməliyyatlarında həlledici amildir. Könül istər ki, kənar müdaxilələr olmasın. Amma bu olduğuna görə, ermənilərə qarşı hələ ki hərbi əməliyyatları davam etdirə bilmərik. İmkan olan kimi, Azərbaycan hərbi metodlara əl atacaq. Ərazi bütövlüyünü təmin etmək üçün. İndiki şəraitdə bu, riskli ola bilər. Hazırda əsas məsələ Rusiyanın neytrallaşdırılması və məsələyə müdaxilə etməsinə imkan verməməkdir. Onlardan təhdidlər gəlməkdədir. Bir müddət bizə qazandığımız uğurları əldə saxlamaq, işğaldan azad edilmiş ərazilərin təhlükəsizliyi üçün işlər aparmaq lazımdır. Eyni zamanda beynəlxalq münasibətlərdə də ciddi islahatlar aparılmalıdır. Çünki hələ də baş verən hadisələri tərsinə yozma amilləri var. Belə fikirlər var ki, Azərbaycan ordusu hərbi əməliyyatları davam etdirib irəliləməli idi. Bunu söyləmək asandır. Amma beynəlxalq şərtlər belə əməliyyatları davam etdirməyə hələ ki imkan vermir. Başımızın üzərində dayanmış Rusiya amili var. Bu amili nəzərə almaq lazımdır. Bunun üçün 1-2 ay fasilə verib, ciddi təbliğat işi aparıb, beynəlxalq təşkilatlar arasında ciddi işlər aparmaq lazımdır. Müəyyən əraziləri geri almışıq, bunun üçün irəliləməliyik kimi fikirlərin doğru olmadığı qənaətindəyəm”.