
İsrailin özünümüdafiə ordusu (İsrael Defence Forces) Qarabağda gedn son hərbi əməliyyatlardan sonra Azərbaycan ordusunun düşmənə qarşı tətbiq etdiyi kamikadze-dronlarla maraqlanır.
Bu haqda “Haaretz” qəzeti həmin pilotsuz uçan döyüş sistemlərini istehsal edən şirkət olan İAE-nin (Israel Aerospace Industries) icraçı direktoru Jozef Ueysə istinadən xəbər verir.
Azərbaycan silahlı qüvvələri Qarabağda gedən döyüşlər zamanı Ermənistan qüvvələrinə dəqiq zərbələrin endirilməsi üçün İsraildən alınan, indiyədək heç vaxt real döyüş şəraitində tətbiq olunmayan, faktiki olaraq məxfi silah sistemlərinə aid edilən kamikadze-dronlardan istifadə edib. İnternetdə bu piltsuz uçan döyüş sisteminin tətbiq olunduğunu təsdiqləyən videokadrlar yayılıb.
Görüntülərə əsasən həmin kamikadze-dronun İAE-nin istehsal etdiyi “Harop” pilotsuz döyüş sistemi olduğu təxmin edilir. Habelə məlumdur ki, kamikadze-dron Ağdərə yaxınlığında “Yerkrapa” erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə endirib. Erməni tərəfi bu zərbə nəticəsində 7 nəfərin öldüyünü təsdiq edir.

Həmin döyüş sistemləri 4 günlük müharibədə erməniləri ən çox təşvişə salan silahlardan biri oldu və İrəvan həmin silahı Azərbaycana satdığı üçün İsrailə qarşı kampaniyaya başladı.
“Haaretz” yazır ki, həmin pilotsuz uçan təyyarə özündə 15 kiloqramdan 35 kiloqrama qədər ağırlığında partlayıcını və videomaşahidə kameralarını birləşdirir. Bu sistem quru qoşunlarının taktiki birləşmələrinin istifadəsi üçün nəzərdə tutulub. Aparatın qiyməti isə təxmin edildiyindən xeyli ucuzdur, qəzet İAE-dəki mənbələrə istinadən bu döyüş sisteminin bir dənəsinin qiymətinin “on minlərlə dollarla ölçüldüyünü” yazır.

Hərbi mənbə İsrail müdafiə ordusunun gələcəkdə belə pilotsuz uçan təyyarələr almaqda maraqlı olduğunu təsdiq edib, ancaq əlavə edib ki, hazırda həmin silahların alınması üçün konkret müqavilə bağlamaq planlaşdırılmır.
İAE-nin icraçı direktoru isə kamikadze-dronların xarici ordulara satıldığını təsdiq edib, ancaq söhbətin hansı ölkələrdən getdiyini açıqlamayıb.
Qəzet yazır ki, kamikadze-dronu hədəfə portativ kompüterin arxasında oturan əsgər “mışka” ilə yönləndirir. Aparatın çəkisi böyük deyil və əsgər onu çiynində daşıya bilər. Dron əsgərlərin onun uçuş trayektoriyasını avtomatik müəyyən etməsinə imkan verən kameralarla təchiz olunub.Təyyarə lazım olanda geri qayıtmaq funksiyasına da malikdir.
Qarabağda gedən döyüş əməliyyatlarından sonra İsraildə bu dronlara böyük maraq oyanıb. Jurnalistlərin çoxsaylı müraciətlərindən sonra İAE ötən bazar günü aprelin 10-da bir qrup jurnalisti öz müəssisəsinə aparıb və kamikadze-dronların müxtəlif modelləri ilə tanış edib. Bu modellərin arasında “Harpy” və “Harop” da olub. “Təyyarə öz hədəfini görür, onun üzərində saatlarla asılı qalıb izləyir və məhv edir”-icraçı direktor bildirib. Cozef Ueys Azərbaycan ordusunun Qarabağda “Harop” kamikadze-dronundan istifadə etdiyinə dair məlumatları şərh etməyib. Bununla belə xaricə yüzlərlə belə dron satdıqlarını təsdiqləyib.



