
Qüdrət Həsənquliyev: “Xankəndində daş-daş üstündə qalmayacaq”
“Biz hazırda diqqəti daha çox Rusiya ilə danışıqlara yönəltməliyik. Çünki bu proseslərdə Ermənistan önəmli rol oynamır. Ermənistan güzəştə getməsə, Rusiya üç gün yox, bir həftə gözünü yumacaq və biz bu məsələni başqa müstəvidə yoluna qoyacağıq”.
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında deyib. Qarabağdakı toqquşmalardan sonra düşmən ölkədə hökm sürən anti-Rusiya ovqatını və Moskvanın sükutunu dəyərləndirən deputatın fikrincə, Rusiya da çox gözəl başa düşür ki, Ermənistanda Rusiya əleyhinə müəyyən çağırışlarda məqsəd nədir: “Ermənistan istəsə də belə, Rusiyanın orbitindən kənara çıxa bilməz”.
Q.Həsənquliyev Ermənistanla danışıqlarda ərazi mübadiləsi təşəbbüsü ilə çıxış etməyi də mümkün sayır:“Mən hesab edirəm ki, Azərbaycan Ermənistanla ərazi mübadiləsinə də gedə bilər. Yəni Dağlıq Qarabağın Ermənistana verilməsi qarşılığında Zəngəzurun yenidən Azərbaycana qaytarılması Naxçıvanla Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasına gətirib çıxara bilər. O halda bizim Gürcüstana da ehtiyacımız azalar. Biz birbaşa Türkiyəyə çıxış əldə edə bilərik, Qars-İqdır dəmir yolu ilə Türkiyə üzərindən birbaşa Qara dənizə çıxmaq imkanı qazanarıq. Azərbaycan bu məsələni də gündəmə gətirə bilər. Amma əminəm ki, Azərbaycan bir santimetr torpağını belə Ermənistana güzəştə getməyəcək. Bizim ağıllı davranışlarımız, inadkarlığımız və tələbkarlığımız öz sözünü deyə bilər. Yəni birmənalı mövqe sərgiləsək ki, Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq hüquqa hörmət olunmalıdır, o halda biz ərazi bütövlüyümüzü bərpa edə bilərik”.
Deputatın sözlərinə görə, Azərbaycan xalqını müharibəyə hazırlamaq lazımdır: “Böyük itkilərin olacağı təqdirdə xalqımızın bunu anlayışla qarşılaması üçün müəyyən iş aparılmalıdır. 1941-45-ci illərdə Azərbaycanın əhalisi 3 milyona yaxın idi. Amma o vaxt biz 300 min itki verdik, özü də Rusiyanın, Avropanın çöllərində. Amma bütün dünya bilməlidir ki, biz nə qədər itki versək də, torpaqlarımızın təsliminə razı olmayacağıq”.
Q.Həsənquliyev daha ciddi təhlükələrə hazır olmağı zəruri sayır: “Biz hətta bunu da gözümüzün qabağına almalıyıq ki, sabah Ermənistan-Rusiya cütlüyünə qarşı da vuruşa bilərik. Ancaq indi bu müharibə Rusiyaya lazım deyil. Çünki Ukraynada müharibə hər an alovlana bilər. Moldovada, Gürcüstanda vəziyyət kövrək olaraq qalır. Rusiya ilə Azərbaycan arasına pis-yaxşı qarşılıqlı hörmətə əsaslanan ən azı prezidentlər səviyyəsində anlaşma var. Sonuncu hadisələrdə də gördük ki, Rusiya özünü sözün həqiqi mənasında pis aparmadı. Ona görə də biz əsas diqqəti Rusiya ilə münasibətlərə yönəltməliyik. Biz çalışmalıyıq ki, bu konflikdə Rusiyanın maraqları təmin olunsun, nəinki Ermənistanın.
Bunun üçün də biz Lavrovun dilə gətirdiyi həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü ola bilərik, həm də Avrasiya İqtisadi Birliyinin. Ancaq birmənalı şəkildə sonuncu erməni əsgəri Azərbaycan torpaqlarından çıxandan sonra. Yəni söhbət sülh sazişinin imzalanmasından gedir. Bir sülh sazişi imzalanır, orada Ermənistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır. Belə bir saziş imzalanmadan hansısa sülhməramlının – istər ingilis, istər fransız, istər rus olsun – Azərbaycan ərazilərinə buraxılması birmənalı şəkildə Dağlıq Qarabağın itirilməsi deməkdir. Bunun başqa bir adı yoxdur”.
| “Gözümüzün qabağına almalıyıq ki, sabah Ermənistan-Rusiya cütlüyünə qarşı vuruşa bilərik” |
Q.Həsənquliyev hesab edir ki, cəbhədə baş verən son hadisələr ölkəmizdə islahatlar məsələsini arxa plana keçirmədi, hətta bir az da aktuallaşdırdı: “Biz gördük ki, son əməliyyatlarda üstünlüyü məhz ölkəmizin iqtisadi gücü hesabına əldə etmişik. Məhz bu gücün hesabına müasir silahları ala, müasir ordu qura bilmişik. Yəni bundan sonra ordunun daha da gücləndirilməsi üçün güclü iqtisadiyyat lazımdır. Vaxtilə Napoleon kimi böyük sərkərdə deyirdi ki, müharibəni süngü ilə yox, qızılla udurlar. Ona görə də vaxtilə o, Fransanın böyük ərazilərini Amerikaya satdı ki, müharibəni aparmaq üçün qızıl əldə etsin. Bu baxımdan Azərbaycanda sürətlə və ardıcıl şəkildə iqtisadi və məhkəmə islahatları, eyni zamanda siyasi islahatlar aparılmalıdır. Ordunu müasir silahlarla təchiz edə, maliyyələşdirə bilməsək, qələbə qazanmağımız da çox çətin olar. Bunu isə yalnız və yalnız güclü iqtisadiyyat təmin edə bilər. Baxın, İsrail 8 milyonluq balaca ölkədir, Azərbaycandan da kiçikdir, amma yeri gələndə bütün dünyaya meydan oxuyur, hətta 80 milyonluq, özündən on dəfə böyük İrana da. Hərbi gücü və müttəfiqləri hesabına. Azərbaycan da bu istiqamətdə çalışmalarını artırmalıdır”.
Deputat hesab edir ki, indiki mərhələdə Azərbaycan həm Pakistan, həm də Türkiyədən müasir silahlar almalıdır: “Təbii ki, şimal qonşumuzla da hərbi əməkdaşlığı dayandırmamalıyıq. Dediyim kimi, Qarabağ məsələsinin böyük itkilərdən yayınmaqla həll olunması naminə biz Rusiya ilə də əməkdaşlığımızı, ondan silah alışını davam etdirməliyik. Məsələn, Rusiya Ermənistana aşağı faizlə 250 milyon dollar kredit verir ki, ondan silah alsın. Ermənistan bu vəsaiti 15 ilə ödəyəcək. Bu gün Türkiyənin imkanı var ki, Azərbaycana 250 yox, 500 milyonluq müasir silahlar versin. Biz bilirik ki, Türkiyənin NATO standartlarına cavab verən çox güclü, müasir raket sistemləri var. O sistemləri almaq və Dağlıq Qarabağ ətrafında elə bir güc yaratmaq lazımdır ki, erməni başa düşsün ki, bu sistemlər işə düşəcəyi təqdirdə, onları kimin müdafiə etməsindən asılı olmayaraq, Xankəndində daş-daş üstündə qalmayacaq. Hesab edirəm ki, Azərbaycan belə bir təşəbbüslə mütləq və mütləq qardaş Türkiyəyə açıq formada müraciət etməlidir. Eyni zamanda Pakistandan da müasir silahlar almaq olar. Bu ölkənin də çox güclü hərbi sənayesi var və Pakistan hər dəfə bildirib ki, Azərbaycana yardım göstərməyə hazırdır. Həmçinin İrandan da silah almaq olar. İranda da hazırda müasir silahlar, raket kompleksləri var. Həm də dostu sınamaq lazımdır, baxaq, görək, bunların hansı uzunmüddətli, yaxud hansı şərtlərlə bizə o silahları verir”.



