Sabiq baş nazir partiyadaşlarının dəstəyini nə üçün ala bilməyib?
Türkiyənin baş naziri Əhməd Davudoğlunun qəfil istefası ətrafında ortaya çıxan iddiaların sayı getdikcə artır. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mayın 22-nə növbədənkənar qurultay təyin etməsi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın özünə yaxın silahdaş hesab etdiyi Davudoğlundan bir anda imtina etməsi qardaş ölkə ilə yanaşı, dünya mediasının da əsas müzakirələrindən birinə çevrilib.
AKP sədrliyinə namizəd olmayacağı dəqiqləşən Davudoğlunun istefasına əsas səbəb kimi, Türkiyədə prezident üsul-idarəsinə keçmə yolunda atılan addımlar göstərilir…
AKP-nin Van millət vəkili Burhan Kayatürkün son açıqlaması bir çox üstüörtülü mətləblərin üstünü açır. O, Türkiyənin prezident üsul-idarəsinə keçməsinin vacibliyini vurğulayaraq, Davudoğlunun önəmli addım atdığını bildirib: “AKP-nin qurucusu və hərəkatın lideri, hörmətli Rəcəb Tayyib Ərdoğan bu ehtiyacı gördüyü üçün ölkənin prezident üsul-idarəsinə keçməsini istəyir. Ak Partinin millət vəkili qrupu və bütün təşkilatları hörmətli prezidentimizin ölkəni prezident üsul-idarəsinə keçirmə düşüncəsinə qeyd-şərtsiz dəstək verəcək, buna heç kimin şübhəsi olmamalıdır”…
Azərbaycanda da Davudoğlunun istefası gündəmdən düşmür. Ekspertlərin fikirləri əksərən üst-üstə düşür.
Politoloq Şahin Cəfərli “Yeni Müsavat” açıqlamasında bu istefanın Ərdoğandan qaynaqlandığını bildirdi:“Türkiyədə baş verən siyasi təlatümlərin bir əsas səbəbi var. Rəcəb Tayyib Ərdoğan ölkənin idarəetmə formasını dəyişərək prezident üsul-idarəsini bərqərar etmək istəyir. Bu yolda o, önünə çıxan ən kiçik maneələri belə tərəddüd etmədən qətiyyətlə aradan qaldırır. Ərdoğanın öz siyasi layihəsini gerçəkləşdirə bilməsi üçün güclü, monolit siyasi partiya və ona sözsüz itaət edəcək sadiq hökumət başçısı lazımdır. Belə bir sual yaranır ki, Əhməd Davudoğlu Ərdoğana sədaqət məsələsində hansı qüsurlara yol vermişdi və yaxud prezidentin siyasi layihəsinə hansı problemləri yaradırdı? Ərdoğan prezident seçildikdən sonra AKP sədri və baş nazir vəzifəsinə Davudoğlunu tövsiyə edərkən əksəriyyət düşünürdü ki, sabiq xarici işlər naziri yeni vəzifəsində prezidentin sözündən çıxmayacaq, bir növ onun kuklasına çevriləcək. Lakin zaman keçdikcə, Davudoğlu yavaş-yavaş müstəqilləşməyə, konstitusiyanın ona verdiyi səlahiyyətlərdən istifadə etməyə, öz iradəsini yeritməyə cəhd göstərməyə başladı. Nəticədə onunla prezident arasında bir sıra məsələlərdə fikir ayrılıqları ortaya çıxdı”.
Politoloq istefaya səbəb olacaq bir sıra faktları da açıqladı: “Davudoğlu hesab edirdi ki, korrupsiya əməllərində ittiham olunan 4 keçmiş nazir məhkəmə önünə çıxaraq bəraət almağa çalışmalıdır, Ərdoğan isə 13-25 dekabr 2013-cü il korrupsiya qalmaqalının bilavasitə ona qarşı yönəldiyini və ”fətullahçı”ların çevriliş cəhdi olduğunu düşündüyü üçün buna qarşı çıxdı. Parlament seçkilərində AKP-nin namizəd siyahıları müəyyənləşərkən Davudoğlu ön sıralarda özünə yaxın adamlara daha çox yer vermək istəyirdi, lakin Ərdoğan buna mane olaraq özünə sadiq adamların siyahıların yuxarılarında yer almalarını təmin etdi. AKP-nin 12 sentyabr 2015-ci il tarixli qurultayında partiyanın rəhbər orqanlarının tərkibi müəyyənləşərkən yenə fikir ayrılığı yarandı və Ərdoğan bu dəfə də rəhbər orqanların tərkibinin özünə yaxın şəxslərdən ibarət formalaşdırılmasına nail oldu.

7 iyunda keçirilən parlament seçkilərindən sonra Davudoğlu CHP ilə koalisiya qurmağa meylləndiyi halda, Ərdoğanın müdaxiləsi ilə belə bir koalisiya baş tutmadı və erkən seçkilərə gedildi. Seçkilərdən sonra hökumətin tərkibi müəyyənləşdirilərkən yenə eyni problemlər ortaya çıxdı. Dövlət aparatında yüksək səviyyəli məmurların təyinatı, jurnalistlərin həbsi, deputat toxunulmazlığının ləğvi və digər məsələlərdə də fikir ayrılıqlarının yaranması və dövlət idarəçiliyində ikitirəliyin ortaya çıxması son nəticədə Ərdoğanın Davudoğluna etimadının sarsılmasına səbəb oldu.
Bundan başqa, Türkiyənin xarici siyasətində Davudoğlunun ön plana çıxaraq Ərdoğanı kölgədə qoymasını da qeyd etməliyik. Xüsusən Qərbin Ərdoğana soyuq münasibətini gizlətməyərək Davudoğluna daha isti yanaşması prezidenti qıcıqlandırırdı. Avropa Birliyi-Türkiyə sammitlərinə avropalılar Ərdoğanı yox, məhz Davudoğlunu dəvət edirdilər. ABŞ prezidenti Obamanın Ərdoğanın ABŞ-a son səfəri zamanı ona çətinliklə görüş verməsi və Ağ Evin bunu qeyri-rəsmi görüş kimi təqdim etməsi, Davudoğluna isə bugünlərdə ABŞ-a planlaşdırılmış səfəri ilə bağlı heç bir problem olmadan Obama tərəfindən görüş verilməsi də Ərdoğanı narahat edən məqamlardan biri oldu. (Son hadisələrlə əlaqədar Davudoğlunun ABŞ-a səfəri baş tutmayacaq)”.
Müsahibimiz mayın 22-də Ərdoğana sadiq şəxsin baş nazir olacağını da qeyd etdi: “Mayın 22-də Ərdoğana sadiq adamlardan biri AKP lideri seçiləcək və baş nazir kreslosuna əyləşəcək. Artıq Türkiyə konstitusiya dəyişikliyinə getmədən faktiki olaraq prezident üsul-idarəsinə keçib. Dövləti də, hakim partiyanı da Ərdoğan idarə edir. İndi qalır bu faktiki durumu rəsmiləşdirmək. Qarşıdakı aylarda AKP-nin yeni konstitusiya layihəsini referenduma çıxarmaq üçün parlamentdə ehtiyac duyduğu 14 səsi əldə etməyə çalışacağı şübhə doğurmur”.