Gəncədə 8 bıçaq zərbəsi ilə qətlə yetirilən Nahidə İsmayılovanın icra başçısı Nizami Hacıyevlə ortaq biznesi olduğu, dəhşətli cinayətin borc üstündə törədildiyi iddia olunur
Mayın 2-də Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Nahidə İsmayılovanın mənzilində qətlə yetirilməsi haqda məlumat vermişdik. N.İsmayılovanı 8 bıçaq xəsarəti ilə mərhumun həyat yoldaşının tanışı, Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü İlham Abbasov öldürüb. Amansız qətldən sonra İ.Abbasov polisə təslim olmuşdu.
Faktla bağlı Gəncə Prokurorluğunda CM-in 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İlkin məlumatlarda qətlin şəxsi münasibətlər zəminində törədildiyi bildirilsə də, redaksiyamıza bu ölüm işi ilə bağlı olduqca maraqlı iddialar yer alan məktub daxil olub. Həmin məktubda deyilir ki, qətl şəxsi münasibətlər zəminində deyil, borc üstündə olub.
İddia olunur ki, Gəncə şəhər Nizami rayonunun icra hakimiyyətinin başçısı Nizami Hacıyevin tapşırığı və verdiyi külli miqdarda rüşvət müqabilində qətl hadisəsinin əsas motivləri ört-basdır edilib: “Belə ki, qətlə yetirilən Nahidə İsmayılova Gəncə şəhəri, Nizami rayonunun icra başçısı Nizami Hacıyevlə və onun qaynı, xidməti sürücüsü Şamxalla birlikdə qeyri-qanuni torpaq sahələri alıblar. Həmin ərazini balaca hissələrə bölüb, orada evlər tikərək satmaqla məşğul olurdular. Bu işləri görmək üçün Nizami Hacıyevin təzyiqi ilə müxtəlif imkanlı şəxslərdən, o cümlədən iş adamlarından, obyekt sahiblərindən borc pullar götürüb qaytarmırdılar. Pul sahibləri pullarını tələb edəndə onların obyektlərini sökdürməklə hədələyirdilər. Belə evlərdən Gəncənin Gülüstan qəsəbəsində tikilmiş 3 evi, Cavadxan qəsəbəsində tikilmiş 2 evi və başqalarını misal göstərmək olar. Həmin şəxslər pulunu ala bilmədikləri üçün Nizami Hacıyevə hücum etmişdilər, lakin o, qaçıb canını qurtara bilmişdi. Son nəticədə isə onun şəriki 8 bıçaq zərbəsi ilə qətlə yetirilıb”.
Məktubda yer alan iddiaları yoxlamaq hüquq-mühafizə orqanlarının səlahiyyəti daxilindədir. İcra başçılarının adının torpaq alqı-satqısında hallanması da ilk deyil. Dəfələrlə bu səpkidə xəbərlər mətbuatda yer alıb. Bu baxımdan N.Hacıyevin adının torpaq alqı-satqısına qarışması təəccüblü deyil. N.Hacıyevin də iddialara münasibətini dərc etməyə hazırıq.
Yada salaq ki, N.Hacıyev 2014-cü il dekabrın 10-da Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə qəsəbədə məskunlaşan Kəlbəcər rayon sakinlərinin evlərini sökərkən daş-qalaq edilmişdi. Həmin vaxt icra başçısı başından yaralanmışdı.