“Təhlükəli manevrləri durdurun”
“Associated Press” agentliyinin xəbərində deyilir ki, Obama administrasiyası Cinə etirazını bildirib. Amerika hərbi təyyarəsi Çin sahilləri yaxınlığındakı beynəlxalq hava məkanında hücum xarakterli yanaşmaya məruz qalıb. Çinin döyüş təyyarəsi Amerika təyyarəsinə qarşı təhlükəli manevrlər nümayiş etdirib. Nəticədə Amerika təyyarəsində olan ekipajın həyatına təhlükə yaranıb.
Pentaqonun mətbuat katibi John Kirby deyib ki, Vaşinqton diplomatik kanallar vasitəsilə Çin hərbi təyyarəsinin bu hərəkətinə etiraz edib. Təyyarəçinin manevrlərini “təhlükəli və qeyri-peşəkar” adlandırıb. ABŞ rəsmiləri son aylarda artıq ikinci dəfədir ki, Çin döyüş təyyarəsinin təhlükəli manevrlərindən dolayı rəsmi Pekinə şikayət edir.
Bu hərəkətləri “təxribat” adlandıran ABŞ qeyd edib ki, bu, Çinlə Amerika arasında mövcud olan xoş münasibətlər fonunda xoş təsir bağışlamır və mövcud münasibətlərin ruhuna ziddir.
Hadisə Çinə məxsus Haynan adası yaxınlığında qeydə alınıb. Maraqlıdır ki, mart, aprel və may aylarında da oxşar hadisələr baş verib. Təbii ki, ortada olan düşünülmüş hərəkətlərin nümayişidir. Amerika rəsmiləri həmin hadisələr haqqında müfəssəl məlumat verməkdən imtina etsələr də, vurğulayıblar ki, Çin tərəfinə may ayında da etiraz bildirilmişdilər.
Agentlik xatırladır ki, 2001-ci ildə Çin təyyarəsi ilə Amerika təyyarəsi belə manevrlər nəticəsində toqquşmuşdu. O vaxt Çin pilotu ölmüşdü, Amerika təyyarəsi isə Çinin Haynan adasına məcburi eniş etmişdi.
Rəsmi Vaşington bu hadisədən sonra Çin ilə hərbi əlaqələrini kəsmişdi.