Cahangir Əsgərov təyyarənin Ukrayna ilə birgə istehsal edilməsi planlaşdırılır.
“Azərbaycan və Ukrayna “An-178” nəqliyyat təyyarələrin birgə istehsalının nəzərdə tutan planın üzərində işləyir”.
ANS PRESS-in Ukraina KİV-nə istinadla verdiyi məlumata görə, bu sözləri “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov deyib.
O, bildirib ki, bu təyyarələrin yükgötürmə qabiliyyəti 18 ton olacağı planlaşdırılır.
“Hazırda bu məsələyə Azərbaycan hökuməti tərəfindən baxılır. Mən hökumətin adından yalnız onu deyə bilərəm ki, biz “An-178” tipli təyyarələrin Azərbaycan ərazisində yığılmasında maraqlıyıq. Ümid edirik ki, 2018-ci ilin ortalarında artıq Azərbaycanda ilk “An-178” tipli təyyarənin istehsalı üçün hər şey hazır olacaq”, – deyə Cahangir Əsgərov qeyd edib.
Artıq Azərbaycan Ukrayna ilə 10 ədəd “An-178” hərbi nəqliyyat təyyarələrinin alışına dair razılığa gəlib. Müqavilə Ukraynanın “Antonov” dövlət şirkəti ilə imzalanıb. İlkin ödənişi edilən təyyarələrin 2 il ərzində iki mərhələdə Azərbaycana göndərilməsi planlaşdırılır.
2010-cu ildən yığılmağa başlayan təyyarənin qiymətinin 40-70 milyon dollar arasında olduğu deyilir. Bu model İtaliyanın “Aleniya” C-27j, ABŞ-ın “Lockheed Martin” C-130j, Braziliyanın“Embraer” KC-390 və Rusiyanın İl-214 təyyarələrinə rəqibdir.