Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni ittiham irəli sürülüb.
Bu barədə vəkil Namizəd Səfərov Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Əli İnsanova qarşı Cinayət Məcəlləsinin 315-ci -hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabrında “dövlət çevrilişi” ittihamı ilə həbs olunub. Lakin sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-cü (külli miqdarda mənimsəmə və ya israf etmə) 306.2 (vəzifəli şəxs tərəfindən məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunub və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum edilib.




