
| Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin İrəvan səfərindən öncə Alman Xəbər Agentliyinə (DPA) müsahibəsində Dağlıq Qarabağın müstəqilliyi üçün yeni referendum keçirmək lazım olduğunu açıqlayıb. Hətta bir qədər də irəli gedərək, “Qarabağ xalqına ikinci şans verilməlidir” deyə iddia edib.
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu qondarma “DQR”-i dünyanın heç bir ölkəsi, o cümlədən, Ermənistanın özü belə tanımır. Sarkisyanın indi belə bir çağırış etməsi bu mənada diqqət çəkir. Siyasi ekspert Sədrəddin Soltan bu məsələni Admiral.Az-a şərh edərkən bildirib ki, referendum məsələsi yeni iddia deyil: “Azərbaycan tərəfi status-kvonun dəyişməsini tələb edir. Rəsmi Bakı və Azərbaycan cəmiyyəti referendumun torpaqların işğaldan azad edilməsindən sonra mümkün olduğunu bildirir. Elə vasitəçilər də status-kvonun dəyişməsindən danışır. Ancaq onlar işğaldan azad edilmə məsələsini açıq şəkildə hələ ki, bəyan etməyiblər. Müzakirə və görüşlərdə bu məsələdən danışılması haqda ictimaiyyət məlumatsızdır”.
S.Soltan qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer də status-kvonun belə qalmamasından danışıb: “Belə ehtimal etmək olar ki, rəsmi İrəvan mövcud vəziyyəti dəyişmək üçün referendum təklif edir. Azərbaycanın buna qarşı mövqeyi haqlı və dəyişməzdir. İşğal altında saxlanılan torpaqlardan çıxın”. Dağlıq Qarabağın müstəqil olması beynəlxalq hüquq baxımından mümkün deyil. Çünki Qarabağdakı ermənilər oranın yerli əhalisi deyillər. Dövləti isə yalnız aborigen əhali yarada bilər. Fransada Tunis, Mərakeş və ya Əlcəzairdən olan çoxlu ərəb var, onlar orada dövlət qura bilərmi? Yaxud Rusiyanın hansısa şəhərində ermənilərin sayı çoxdur, oxşar addımı onlar həmin yerdə ata bilərmi? Ruminiyada qaraçıların sayı çoxdur, onlar orada dövlət qura bilərmi? Təbii ki, yox! Onların yalnız milli mədəniyyətinin inkişaf etdirilməsindən söz gedə bilər. Azərbaycan tərəfi də əvvəllər Dağlıq Qarabağdakı ermənilərə geniş muxtariyyət vəd edib”. S.Sarkisyanın niyə məhz indi bu məsələdən danışmasına gəlincə, S.Soltan onun beynəlxalq ictimaiyyəti aldatdığını deyib. “Sarkisyan özünü belə göstərir ki, guya onlar beynəlxalq vasitəçilərə ideya verir. Həm də guya Ermənistanda da status-kvonun qalmasından bezib. Ancaq heç kimə sirr deyil ki, indiki durum daha çox Ermənistana və hakimiyyətinə sərf edir. Çünki onlar Dağlıq Qarabağ kartı vasitəsi ilə dolanır, yardım və s. alırlar. Eləcə də dünyanın məzlum xalqı rolunu oynamaqda davam edirlər. Sarkisyan da bu toplumun təmsilçisidir”, – deyə o diqqətə çatdırıb. |



