Rusiya Prezidenti Vladimir Putinin dünyanın ən varlı adamından biri olduğu barədə iddialar aktuallığını qoruyur.
ANS-in məlumatına görə, “Selebritinetvors” adlı internet saytı Rusiya prezidentinin təxminən 70 milyard dollar sərvəti olduğunu yazıb. Bu iddia Putini “Maykrosoft”un qurucusu Bill Qeytsdən sonra dünyanın ən varlı ikinci adamı olması mövqeyinə gətirir. Dünyanın ən zəngin adamı sayilan Bill Qeytsin 79 milyard dolları var.
Atası hərbçi, anası fabrik işçisi olan Putinin “Qazprom”da pay sahibi olduğu qeyd olunur. “Qazprom”un illik gəliri 100 milyard dollar olduğundan, Putinin buradan milyonlarla dollar gəlir əldə etdiyi vurğulanır. Eyni zamanda, onun “Surqutnefteqaz” adlı enerji şirkətinin yarısına sahib olduğu deyilir.
Putinin yatırımları təkcə Rusyada deyil, xarici ölkələri də əhatə edir. Rusiya liderinin İsveçrənin neft şirkəti olan “Quvnor”da da pay sahibi olduğu bildirilir.
Putinin həmçinin lüks bahalı saatlara həvəskar olduğu bilinir. Onun taxdığı “Filip Patek” markalı saatlardan ibarət kolleksiyanın dəyərinin 700 min dollar olduğu iddia edilir. Rusiya liderinin ölkə ərazisində 20-dən çox villasının olduğu vurğulanır. Bunların içərsində bir neçə tarixi qala olduğu da iddialar arasındadır. Rəsmi qeydlərə görə, onun illik qazancı 187 min dollardır.
Ötən il Rusiyanın ən böyük xarici sərmayəçilərindən olan “Hedqe” fondunun idarə heyətinin rəhbəri Bill Brovder Rusiya prezidentinin 200 milyard dollar sərvəti olduğunu iddia etmişdi. Onun fikrincə, dünyaya meydan oxuyan Putin dünyanın ən zəngin insanıdır. Brovder Putinin 1999-cu ildə baş nazir, 2000-ci ildə prezident olmasından sonra xeyli vəsait ələ keçirdiyini iddia edib.




