ABŞ hökuməti çevriliş cəhdinin əvvəlcə uğurlu olduğunu ehtimal edib. Bu səbəbdən olayı konkret olaraq qınamaqdan ehtiyat edib.
Bu barədə “Hüriyyət” qəzetinin yazarı Tolqa Tanış yazıb.
Yazar Ərdoğanın Almaniyadan siyasi sığınacaq istəməsi ilə bağlı məlumatların ilk olaraq ABŞ mediasında yayıldığını bildirib:
“ABŞ-ın keçmiş kəşfiyyatçılarından olan Ralf Peters bu çevriliş cəhdini alqışlayaraq Türkiyənin diktatorluqdan xilas olunduğunu dedi. O, təxribatı törədənlərin yaxşı insan olduğunu qeyd etdi. Proseslərin cərəyan etdiyi ilk saatlarda Pentaqonun bəzi nümayəndələri bu işin uğurlu olduğunu vurğuladı. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyadan siyasi sığınacaq istədiyi barədə MSNBC məlumat yaydı. Nədənsə, ABŞ rəsmiləri çevriliş cəhdini birbaşa sərt şəkildə qınamadılar”.
Tanış 15 iyul hadisələrinin ABŞ-Türkiyə əlaqələrinə təsir edəcəyini də vurğulayıb:
“Fətullah Gülən məsələsi bundan sonra ABŞ-Türkiyə arasında əsas müzakirə mövzusu olacaq. İŞİD və YPG ilə bağlı Türkiyənin atacağı addımlar da diqqətdə saxlanılacaq”.




