İndiki məqamda Ermənistanda milli barışıq hökumətinin qurulmasına xüsusilə Köçəryanın və digər müxaliflərin reaksiyası vacibdir.
Bu sözləri açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, ölkəsindən və əhalisindən istifadə edən Sərkisyan indi də milli barışıq hökumətinə getməklə hakimiyyətə nəzarətini itirməməyə çalışır:
“Əsas məqsəd məhz budur. Çünki Sərkisyan çox yaxşı bilir ki, prezidentlik müddəti bitir və ona görə də o, hökumətdə elə bir dəyişiklik etmək istəyir ki, prezidentlikdən uzaqlaşdıqdan sonra da azı yaxın müddətdə hakimiyyətə nəzarəti saxlaya bilsin”.
Politoloq hökumətdə dəyişikliklər etməklə yenidən prezidentlik postunu ələ keçirməyi planlaşdıran Sərkisyanın bu planının baş tutmasının çətin olduğunu bildirib:
“Hazırda Ermənistanda Sərkisyanın bu istəyi ilə razılaşmayan güclü oliqarxlar var. Xüsusilə milli barışıq hökumətinin qurulmasına Köçəryanın reaksiyası olduqca vacibdir. Hər şey bundan asılı olacaq. Sərkisyan Qarabağ danışıqlarının bu qədər intensivləşdiyi bir vaxtda məhz bu hadisələrdən yararlanmaqla güzəşt imkanlarının məhdud olduğunu dilə gətirəcək. Digər tərəfdən, hökumətdə müəyyən razılaşmaya gedən Sərkisyan üçün radikal qrupların öncədən təmizlənməsi vacib idi və o, bunu etdi”.
Qeyd edək ki, Sərkisyan İrəvandakı hadisələrdən sonra Ermənistanda milli barışıq hökumətinin formalaşdırılacağını deyib.




