İsmayıllı rayonunun Lahıc qəsəbəsində insanların şortla gəzməsinə qadağa qoyulması ilə bağlı məlumatlar yayılıb. Sosial şəbəkədə paylaşılan elanda qeyd olunub ki, gələn qonaqlar qəsəbənin adət-ənənələrinə riayət etməlidir. Çünki burada milli ənənələrə uyğun olmayan paltarlarla – şortla gəzmək qadağandır. Elanın Lahıc bələdiyyə sədri Rəfiqə İsmayılova və Lahıc qəsəbə icra nümayəndəsi Fikrət Haqverdili tərəfindən verildiyi bildirilir. Lakin Lahıc bələdiyyəsindən Trend-ə verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir. Sözügedən qadağa keçmiş sədr Rəfiqə İsmayılovanın zamanında qoyulub və hazırda elə qadağa yoxdur: ” “Həmin elan köhnədir. 2-3 il əvvəl olan elanı sosial şəbəkələrdə indi yerləşdiriblər. Belə bir elanın indi yayılmasında məqsədin nə olduğunu başa düşə bilmirik. Hazırda Lahıcda heç bir yerdə belə bir elan yerləşdirilməyib və qadağa da qoyulmayıb”.
Şortik qadağasının yalan olduğu məlum olsa da, bölgələrdə əhali tərəfindən yazılmamış qanunlar hələ də qalmaqdadır. Nikah şəhadətnaməsi olmadan kirayə evlərin verilməməsi, gənclərin əl-ələ gəzməsinə etiraz edilməsi, nəinki, qadınların, kişilərində şot geyinməsinə birmənalı yanaşılmamaq bunlara misaldır. Bəs, bölgələrin yazılmamış qanunlarının ölkə turizmiinə hansı ziyanları var?
Musavat.com məsələ ilə bağlı iqtisadi ekspert Çingiz İsmayılovla əlaqə saxlayıb. Ekspert bildirib ki, ictimaiyyət özbaşına qadağa qoya bilməz, lakin onların da fikri nəzərə alınmalıdır:
“İctimaiyyət özbaşına qadağa qoya bilməz, hər şey qanun çərçivəsində olmalıdır.

Sabah bir kənddə “buradan eşşəklə keçmək olmaz” elanı yapışdırılsa, ona əməl etməliyik? Biz hüquqi dövlətik, qanunlarımız var. O qanuna uyğun addımlar atılmalıdır. Dövlətin qanunlarına ictimaiyyətin əməl etməsi yerli idarəetmə orqanları tərəfindən tənzimlənir. Özbaşına divara yapışdırılan elanlar qanuna ziddirsə, bunun qarşısı alınmalıdır.
Lakin ictimaiyyətin fikri də nəzərə alınmalıdır. Bələdiyyələr də ictimai fikri bilməlidir. Hansısa kənddə, bölgədə mənəvi cəhətdən qəbul olunmaz nüanslara etirazlar varsa, bələdiyyələr bunu nəzərə almalı və tənzimləməlidir. Turistləri ölkəyə cəlb etmə dövlət siyasətidir, iqtisadi və sosial rifah üçün çox vacibdir. Amma bir daha deyirəm ki, biz hər şeyi qanun çərçivəsində etməliyik. Turistin gəlməsinə şərait yaratmaqla yanaşı ictimai fikri də nəzərə almalıyıq. Ölkəyə özbaşına heç bir turist gəlmir, onlar tur şirkətləri ilə əlaqə qurub, onların köməkliyi ilə gəlir. Tur paket təqdim edən şirkətlər turistləri adət-ənənəmizlə, bölgə insanımızın fikirləri ilə tanış etməlidir.
Məndə məlumat var ki, gələn turistlər paltarla suya girir, bu gigiyenik baxımdan qəbul olunmazdır. Biz sivil dövlətik, öz müasir qanunlarımız var. Amma çatışmayan cəhədlərimiz də var. Bir neçə il öncə Xaçmaz-Qusar bölgəsinə getmişdim. Orada turistlər də vardı. Yerli əhalidən bəziləri dənizdə qoyun çimizdirirdi. Bu normal deyil. İnsanlara bəzi mədəniyyət qaydalarını izah etmək lazımdır. Bunlar da qanunla tənzimlənməli deyil. Hər şeyi qanundan gözləmək olmaz. İnsanın öz düşüncəsi olmalıdır, məsuliyyət hiss etməlidir. Ölkəyə gələn insanlarla maarifləndirmə işləri aparmalıdır. Əgər hansısa bölgədə bir məsələ ilə bağlı çox insan narazılıq edirsə, tur şirkətləri bunu nəzərə almalıdır. Hər bölgəyə uyğun kiçik kitabçalar dərc edilməli, orada bölgənin insanları və onların düşüncələri barədə məlumatlar qeyd edilməlidir.
Qadağan olunmasa da, hansısa nüansın xoş qarşılanmadığı haqda məlumat yer almalıdır. Bəzi ərəblərə deyiblər ki, suya paltarla girmə. Onlar da bu qadağanın hansı qanunda yazıldığını göstərməyi tələb edib. Amma hər şey qanun deyil. Bizdə dənizə lüt girmə qadağası yoxdur, o zaman hamı dənizə lüt girməlidir? İctimai fikir nəzərə alınmalıdır. Yalnız pul və biznesi düşünməməliyik. Mədəniyyətimizi, imicimizi , təhlükəsizliyimizi də düşünməliyik. O sahədə işlər aparmalıyıq. O zaman narazılıq olmayacaq”.
Könül İbrahim,
Musavat.com
.jpg)




