“Böyük İyirmiliyin” Çindəki zirvə toplantısından sonra Vladimir Putinin də İslam Kərimovun məzarını ziyarət etməsi təbii olaraq, düşündürücüdür. Baş nazir Dmitri Medvedyevin Özbəkistan prezidentinin dəfnində iştirak etməsindən sonra Putinin Səmərqəndə getməsi elə də vacib deyildi”.
Bu sözləri Admiral.Az-a açıqlamasında siyasi ekspert Sədrəddin Soltan söyləyib.
Onun sözlərinə görə, ki, Rusiya prezidenti Özbəkistana səfər etməklə bu ölkənin onlara daha yaxın olduğunu nümayiş etdirmək istəyib.
“Nəzərə almaq lazımdır ki, 2005-ci ilin may ayının 13-də Əndican vilayətində baş verənlərə görə Özbəkistan hökuməti Avropa İttifaqının sanksiyaları, Amerika ilə münasibətlərdə soyuqlaşma ilə üzləşdi. Həmin hadisə nəticəsində hökumətin məlumatına görə, 200, müstəqil mənbələrin dediyinə görə, 500 insan dünyasını dəyişdi. Bu hadisələrdə Rusiyanın və Qərbin əli olduğu da deyilirdi. Rusiya hadisələrdən sonra İslam Kərimovu dəstəkləsə də, Moskva ilə Daşkənd arasına soyuqluq var idi. Ancaq Qərblə müqayisədə İslam Kərimovun daha çox Moskvaya üstünlük verdiyi də göz önündəydi”.
Ekspert bildirib ki, ABŞ Dövlət Departamentinin Özbəkistanla əməkdaşlığı əvvəlki kimi saxlayacaqlarını bildirdiyinə cavab olaraq, Putin bu səfəri ilə həm də Özbəkistanı Qərbə vermək niyyətində olmadıqlarını nümayiş etdirib.
“İlk baxışda baş nazir Şövkət Mirziyoyevin Putini qarşılamasında qeyr-adi heç nəyin olmadığını söyləmək olar. Ancaq qanunvericiliyə əsasən, ölkə prezidentinin səlahiyyətini Senatın sədri Niqmatulla Yuldaşovun icra etdiyini nəzərə alsaq, Rusiya prezidentini də o qarşılayıb, müşaiyət etməli idi. Ancaq Mirziyoyevin Moskvaya daha yaxın olduğu görünür”.
S.Soltan hesab edir ki, Putinin bu səfəri həm də Rusiyanın Özbəkistan hakimiyyətini dəstəkləyəcəyinə bir jestdir.
“Başqa sözlə, Özbəkistanda da köhnə qvardiyanın qalacağı ehtimalı böyükdür. Onlardan biri də indiki baş nazirdir. Odur ki, Rusiyanın onu dəstəkləyəcəyi də istisna edilimir”.




