Fikrət Yusifov: “İşsizlik daha çox bank və tikinti sektorunda mövcuddur”; Əhməd Qəşəmoğlıu: “Ümumiyyətlə, əvvəldən Azərbaycan cəmiyyəti belə olub ki…”
Azərbaycanda rəsmən 33 min işsiz var. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Onların 37,9 faizini qadınlar təşkil edir. Təbii ki, bu rəqəm inandırıcı görünmür. Ekspertlərə görə, xüsusən də manatın ikinci devalvasiyasından sonra ölkədə “işsizlər ordusu” yaranmağa başlayıb. Bir-birinin adınca bankların bağlanması və ya müflis olması isə bu prosesi daha da sürətləndirib.
İddialara görə, fəaliyyətdə olan banklar da maliyyə problemləri üzündən kredit mütəxəssislərindən imtina edib ki, bunun da nəticəsində onların 70-80 faizi hazırda işsiz qalıb. Valyutadəyişmə məntəqələrinin bağlanması ilə isə 6000-dən çox insanın işsiz qaldığı təxmin edilir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bugünlərdə verdiyi açıqlamada bildirmişdi ki, bank-maliyyə sektorunda baş verən dəyişikliklərlə əlaqədar 2700 nəfər yerli məşğulluq mərkəzlərinə müraciət edib.
Tikinti sahəsində də kifayət qədər insan işsiz qalıb. Manatın dəyərinin düşməsi ilə tikinti materiallarının qiyməti bahalaşıb və ardınca əksər inşaat işləri dayandırılıb. Nəticədə kütləvi şəkildə fəhlə və mühəndislər, o cümlədə bu sektorda çalışan digər mütəxəssislər işini itirib.
Digər əsaslardan biri isə son iki ildə çoxsaylı əcnəbi şirkətlərin ölkəmizi tərk etməsi ilə bağlıdır. Statistik məlumata görə, təkcə ötən il 71 xarici şirkət və nümayəndəliyi fəaliyyətini dayandırıb. Bu il isə yarım il ərzində 45 xarici müəssisə ləğv edilib. Nəzərə alsaq ki, həmin müəssisə və ya təşkilatlarda çalışanların əksəriyyəti yerli vətəndaşlar olub, o zaman yüzlərlə azərbaycanlının işsiz qaldığını hesablamaq çətin deyil.
Ekspertlər bildirir ki, regionlarda vəziyyət daha gərgindir. O cümlədən Gəncə, Mingəçevir, Sumqayıt kimi böyük şəhərlərdə işsizlərin sayı xeyli artıb. Bütün bunları nəzərə alaraq ölkədə cəmi 33 min nəfərin işsiz olması reallıqdan kənardır. Bəs işsizliyin statistikası niyə gizlədilir?
Sabiq maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov məsələyə bu cür aydınlıq gətirdi: “Statistikanın hesabatının müəyyən bir xüsusiyyəti var. Bu, ondan ibarətdir ki, işsiz insanlar gərək müəyyən aidiyyəti qaydada uçota dayansınlar. Məhz onlar uçota dayanandan sonra işsizlik qeydə alınır. Bank sektorunda aparılan islahatlarla əlaqədar bir neçə bank və filiallarının bağlanılması nəticəsində ölkədə bu sektordakı işsizlərin sayı artıb. Bəs bu işsizlərin taleyi necə olacaq? Əvvəla, dövlət onlara işsizliyə görə müavinət verir. Bankların bağlanılması ilə əlaqədar Sosial Müdafiə Nazirliyinin xətti ilə müvafiq qaydada müavinət ala bilərlər, ta ki, yeni iş tapana qədər. İkinci bir qrup insanlar isə yəqin ki, yeni iş yeri axtarmaq məcburiyyətində qalacaqlar. Bir qrup isə öz peşəsini dəyişməklə başqa sahədə fəaliyyətə keçəcək. Bütövlükdə bununla bağlı statistikanın verdiyi məlumat işsizlərin uçota dayanmasına əsaslanan rəqəmlərdir. Ola bilsin ki, işsizlərin sayı həmin rəqəmdən çox artıqdır. Lakin işsizlər gərək uçota dayansın ki, statistika onları da qeydə alsın”.
Ekspertin fikrincə, Azərbaycanda bu sahədə təbliğat işləri zəifdir: “Yəni insanlar sona qədər öz hüquqlarını bilmirlər. Əgər şəxs özündən asılı olmayan səbəblərdən, tutaq ki, müəssisənin bağlanılması ucbatından işsiz qalıbsa, o, uçota dayanıb dövlətdən müavinət ala bilər. Bu baxımdan, insanlar arasında maarifləndirməyə ehtiyac var. Məsələ daha çox buradan qaynaqlanır”.
İqtisadçı ekspert həmçinin qeyd etdi ki, işsizlik daha çox bank və tikinti sektorunda mövcuddur. Buna səbəb isə bank sektorunda baş verənlər və iqtisadi böhranla bağlı müəyyən layihələrin dayandırılmasıdır.
Bəs işsiz qadınların sayı niyə çoxdur? Dövlət Statistika Komitəsinin yaydığı məlumatdan aydın olur ki, işsizlərin 37 faizini qadınlar təşkil edir. Ekspertlər isə iddia edirlər ki, ölkədə işsizlərin əksəriyyəti elə qadınlardır. Yəni reallıqda işsiz qadınların sayı daha çoxdur. Səbəb nədir?
Araşdırmalardan məlum olur ki, Azərbaycanda qadınların çoxu pedaqoji, tibbi sahədə çalışmağa üstünlük verir. Lakin həmin sahələrdə də iş tapmaq o qədər asan deyil. Özəl müəssisələrdə isə rəhbər şəxslər analıq məzuniyyəti, uşağa baxmaq üçün tibbi bülleten götürən qadına deyil, əks cinsin nümayəndələrinə üstünlük verir.
Sosioloq Əhməd Qəşəmoğlu mövzuya bu cür şərh verdi: “Ümumiyyətlə, əvvəldən Azərbaycan cəmiyyəti belə olub ki, kişilər işləyib, qadınlar daha çox evdə fəaliyyət göstəriblər. Uzun müddət isə kişilər qadınların işləməsinə qarşı çıxıb. Yəni ənənəvi olaraq qadınlar aktiv fəaliyyətdə olmayıb. İndiki vaxtda isə əvvəla, iş yerlərinin sayı çox deyil. İş yerləri olanda isə daha çox ağır işlər çox olur, hansı ki, qadınların həmin işlərdə çalışmasına ailədə çox zaman razılıq vermirlər. Qadınlarımızın özləri də meyllidirlər ki, daha çox ev işlərində çalışsınlar. Onların iş axtarmaq fəallığı kişilər qədər deyil. Bunun nəticəsində yekun olaraq, işsiz qadınların sayı daha çox olur”.