Kürdlərə və digər radikal qüvvələrə verilən xarici dəstəyə, hətta bir müddət öncə təklənməsinə baxmayaraq, Ankara Suriyada öz siyasi kursunu daha da gücləndirəcək. Türkiyə bu gün faktiki olaraq nəinki Suriyada, artıq İraqdadır.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Türkiyə dövlət başçısının öz siyasi kursunda müəyyən korrektələrə getməsi açıq şəkildə Amerikanın ünvanına mesaj idi:
“Ancaq bu, heç də o demək deyil ki, məsələn, Türkiyə NATO-dan uzaqlaşmaq fikrindədir. Türkiyənin Rusiya ilə yaxınlığı seçməsi əlbəttə ki, praqmatik gedişlərdir. Çünki Ərdoğan başa düşür ki, Türkiyənin gücü bu dövlətin heç kəsə arxalanmamasında və güclü bir siyasi kurs aparmasındadır. Düzdür, daxildə və xaricdə buna qarşı çıxan müəyyən qüvvələr var. PKK, İŞİD kimi problemlərlə yanaşı, Türkiyəyə xaricdən müəyyən təzyiqlər davam edir. Ankara məhz buna görə son zamanlar müəyyən siyasi manevrlər edir. Əgər belə davam edərsə, Türkiyə bundan sonra regionda əsas gücə çevriləcək”.
Bu arada, politoloq Suriyada gedən proseslərin gedişatı ilə bağlı bəzi məqamlara diqqət çəkib:
“Hələlik bölgədə gedən proseslər real nəticələrin olacağından xəbər vermir. Çünki böyük güclərin Suriyada eyni anda mövcudluğu və maraqların toqquşması vəziyyəti bir az da qəlizləşdirir. Ancaq Türkiyə öz maraqlarını müdafiə etmək və sərhədlərini qorumaq üçün sonadək əlindən gələni edəcək. Yəni Ankara kürdlərə və digər qüvvələrə verilən dəstəyə baxmayaraq, öz siyasi kursunu daha da gücləndirəcək. Türkiyə nəinki Suriyada, artıq İraqdadır. Bu əməliyyatlardan kənarda durmaq Ankaranın maraqlarını zərbə altında qoya bilər”.
Politoloq Yaxın Şərqin fonunda Türkiyə-Amerika münasibətlərində müşahidə olunan dəyişikliklərin artıq real vəziyyətdən xəbər verdiyini deyib:
“Avropanı kütləvi miqrant axınından saxlayan məhz Türkiyədir. Qərb bunu başa düşür. Xüsusən də Amerika artıq Türkiyənin Yaxın Şərqdəki rolunu dərk edir”.




