“Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazıram”.
Bu sözləri Ermənistan prezident Serj Sarkisyan Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyovla müsahibəsində deyib.
Mütəmadi olaraq qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan rəhbəri müsahibə zamanı özünü obyektiv tərəf kimi nümayiş etdirməyə çalışıb: “Biz görüşdən heç vaxt imtina etməmişik. Bu, prezident, xarici işlər naziri, hətta işçi qrupu səviyyəsində olsa belə. Amma biz həmişə görüşlərin hansısa irəliləyiş, fayda verməsinin tərəfdarıyıq. Əgər görüşdən sonra irəliləyiş yoxdursa və görüşdən sonra razılaşmalara əməl edilmirsə, görüşün xeyri nədir?”.
Sarkisyanın sözlərinə görə, rəsmi İrəvan atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin yaradılması haqqında sazişi imzalamağa hazırdır: “ Bu gün axşam, lap sabah bu sazişi imzalamağa hazırıq. Biz istəyirik ki, həmsədrlər də, (ATƏT-in Minsk qrupu – red) dünya birliyi də atəşkəs rejiminin kimin pozduğunu dəqiq bilsinlər”.
Sarkisyan, həmçinin Ermənistanda Rusiyanın yeni hərbi bazalarının yaradılması imkanından danışıb: “Düşünürəm ki, yeni hərbi bazaya ehtiyac yoxdur. Çünki Gümrüdəki hərbi baza tələb olunan bütün elementləri özündə birləşdirmək imkanına malikdir. Odur ki, kiçik Ermənistanda bir baza, məncə, kifayətdir. Sadəcə, bu bazaya hərbi güc vermək lazımdır”, – deyə S.Sarkisyan bildirib.
Sarkisyan müsahibəsində bildirib ki, Ermənistan bütün dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyır.




