Rusiyanın keçmiş SSRİ ölkələrində rus dilinə yüksək hüquqi statusun verilməsi məsələsini gündəmə gətirməsi neoimperialist iddiası kimi də dəyərləndirilə bilər.
Bunu açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Rusiyanın bu iddiasına heç bir beynəlxalq hüquqda rast gəlmədiyini bildirib:
“Rusiyada 200-dən artıq millət və xalq yaşayır. 20 milyona yaxın tatar xalqının statusu niyə Rusiya konstitusiyasında dövlət dili səviyyəsinə qaldırılmır? Halbuki tatarlar Rusiyanın qurulmasında və inkişafında ruslar qədər çox rol oynayıblar. Başqırdlar, çuvaşlar və tuvalıları da bu sıraya aid etmək olar. Yəni çoxsaylı milli azlıqlar var ki, onların dilinin statusunun qaldırılmasına böyük ehtiyac var. Həmin dillər, milli mədəniyyətlər assimilyasiyaya uğrayır. Mən Rusiyanın bu iddiasına hələ beynəlxalq hüquqda rast gəlməmişəm. Yəni suveren xalq və onun ərazisində yaşayan çox azsaylı bir qrupa dil statusunun verilməsi beynəlxalq hüquqda yoxdur. Ancaq Rusiya ərazisində olan çoxsaylı xalqların bir qisminin muxtar qurumlarının olmasına rəğmən, onların dillərinə hələ bu kontekstdən yanaşılmayıb. Məncə, Rusiya bu xalqların qayğısına qalsa, onların dilini canlandırsa, bu, dünya mədəniyyətinin inkişafına böyük töhfə olar”.
Q.Hüseynli bildirib ki, suveren respublikalarda rus dilinə əlahiddə status tələbi Rusiyanın yeni imperiya ədasından xəbər verir və bu, postsovet məkanındakı ölkələrə bir təzyiq elementidir:
“Moskva bu təzyiq elementini və bəzi siyasi cərəyanları çoxdan işə salmaq istəyirdi. Ancaq indi bu məsələnin qaldırılması kifayət qədər təəccüblüdür. Yəni ruslar zəhmət çəkib yaşadığı ölkənin dilini öyrənmir, ancaq həmin dövlətdən öz dillərinə ayrıca status istəyirlər. Suveren respublikaların çoxunda yeni nəsil formalaşır və demək olar ki, onlar rus dilini bilmirlər. Bəs həmin xalqlardan rusdilli əhaliyə onların dili ilə müraciət tələb edildikdə onların hüquqları tapdalanmırmı? Bir sözlə, bu iddia çox absurddur və neoimperialist iddiası kimi də dəyərləndirilə bilər. Bunun həyata keçirilməsi isə tamamilə qeyri-mümkündür”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Eleonora Mitrofanova hazırda dünyada rus dili ilə bağlı bir sıra problemlərin olduğunu əsas gətirərək keçmiş SSRİ ölkələrində rus dilinə yüksək hüquqi statusun verilməsi ilə bağlı məsələ qaldırılmasını tələb edib.




