
5 dil bilən göyərtisatan Gülnarə Xəlilova: “Yunanca, türkcə, azərbaycanca, ermənicə, rusca təmiz danışırıq”; həmyerlilərimizi vətəndən incik salan “Yevro-4” qadağası nə vaxt ləğv olunacaq?
Gürcüstanda min bir nəqliyyat vasitəsinə, Ermənistana tərəf get. Sərhədə yaxınlaşdıqca ancaq yol kənarındakı sahibsiz itlərdən özünə qarşı bir kin-kidurət, nifrət hiss edəcəksən. Sadə zəhmətkeşlərdən isə, özünə qarşı eyni münasibəti görməyəcəksən əsla.
Əksinə, sadə zəhmətkeşlər bakılı olduğunu bilincə, əvvəlcə gülümsəyəcəklər. Sonra çalışacaqlar əlləri altındakı allahverən nemətləri sənlə bölüşsünlər. Burda çox sevilən, ciddiyə alınan ənənəvi koka-kola, pepsi-kola, yaxud “jilet” ülgücü brendləri, reklam lövhələri deyil. Deyil! Tam tərsinə, bizim “SOKAR” brendidir.
– Burda yeganə işlək qurum elə bircə SOKAR-dı, bilin. Büdcə dolduran ən böyük vergi ödəyicisidir. Xeyriyyəçiliklə məşğuldu, camaatı işlə təmin edir. Kilsələri, məscidləri pulsuz isidir…
Siyahını uzadıb, barmaqlarını ovcunda bir-bir qatlayan Şulaveri kənd sakini Vladimir Proxorov vaxtiylə pilot olsa da, indi çoxdan yerə enib. Təqaüdçüdür. Qəza vəziyyətli köhnə daxmasında birtəhər öz axır günlərini yaşayır. Üzbəüzdəki oxşar taxta komada vaxtiylə kim yaşasa yaxşıdı, həəə, sizdən soruşuram? Görürəm sizdən səs çıxmır, məcbur qalıram sualımı özüm cavablandırım -böyük yazıçımız, “Xortdanın cəhənnəm məktubları” əsərinin təkrarsız müəllifi Əbdürrəhman bəy Haqverdiyev!
O əsərinin ardını burda elə indi də davam etdirmək mümkündü, vallah. Haqverdiyevi incidən mövzular buralarda, Ermənistanla sərhəddə indi də davam edir axı. Təbiət qüvvələri bir tərəfdən, yerli sakinlər o biri səmtdən məhz burda-Haqverdiyevin seçdiyi ünvanda, birləşib o taxta yuvanı yerlə bir ediblər. Növbədə indi Vladimir Proxorovun kasıb komasıdı.
Vladimir Proxorovun qonşusu Əsli Əliyeva bizi bir xeyli seyr edir. Söhbətə də həvəsli görünmür.
“Haqverdiyevin evini niyə qorumadız”, sualımla onu söhbətə çəkirəm.
“Nə? Əşşi, biz burda öz evimizi qoruya bilmirik, qalsın siz deyən o yazıçının evi. 60 ildi buralardayam. Qonşumuz olduğunu ancaq indi sizdən eşidirəm”.
Həəə…görürəm belə getsə, xordanın cəhənnəmdən növbəti məktublarını…üzr istəyirəm reportajlarını, heç nə, indi özüm yazmalı olacam.
Şulaveriyə gör hansı vaxtda gəldik… Çaça arağının çəkildiyi vaxt. Kasıb evlərin həyət-bacasından tüstü qalxırsa, tələsməyin, bunu rifah rəmzi bilib gülümsəməyin. Sadəcə, çaça çəkən tüstülü qurğulara burda addımbaşı rast gəlmək mümkündü. Tarixin sınağından üzüağ çıxan, indiyəcən davam edən bu qədim ənənə azərbaycanlılarla erməniləri, gürcüləri, yunanları, kürdləri, rusları, yəhudiləri hələ də birləşdirir. Şükür, çaça məsələsində birlik hələ ki, var. Xalqlar dostluğu mövzusu Şulaveridə deməzdim son nəfəsini yaşayır. Yox…orda-burda zəif işartıları hələ də közərir. Ancaq, razılaşın, çaçaya çatmaz gücləri.
| “Yolun o tərəfi Daştəpədi, bu tərəfi Şulaveri. Sakinləri beş-altı dil bilməkləriylə indi də fəxr etməyi unutmurlar” |
Azərbaycan-erməni barışığı, təəssüf ki, hələ ki, çaçaya möhtacdı. Burda qəssablar bizimkilərdəndi. Elanlarını azərbaycanca yazıb başları üstə asıblar. Apteklərə gələndə bu ənənə qırılır.
“Aptekdi, avtomobil təmiridi, çilingərlikdi…bunlar ermənilərə aiddi. Bu sahələrə biz qarışmırıq” – adını gizləyən həmvətənimiz, bunu deyib tez də gözdən itməyə çalışır.
Yerevana gedən dəmir yolunda xeyli paslı qatar öz sonunu tapıb. Yolun o tərəfi Daştəpədi, bu tərəfi Şulaveri. Sakinləri, beş-altı dil bilməkləriylə indi də fəxr etməyi unutmurlar.
“Yunanca, türkcə, azərbaycanca, ermənicə, rusca təmiz danışırıq”, – göyərtisatan Gülnara Xəlilova belə deyir. Bu qadın sovetin xalqlar dostluğu havasını hələ ki, sinəsində gəzdirir. Ancaq amansız zaman bu hissi də redəktəyə məruz qoyub deyəsən.
– Əvvəlki kimi yasına, toyuna getmirəm ermənilərin. Donuz əti əskik olmur süfrələrindən. Pul da qəhətə çıxıb. Getsən gərək pul yazdırasan. Bizlərdə pul çoxdan yoxdur, əppək olub, göyə çəkilib.
Xalqlar dostluğunun əvəzsiz dayaq nöqtəsi bir də buradakı ölməz yumor hissidir. Misal üçün, Durəli İsgəndərov fəhlədir. Vaxtilə tikintidə yıxılıb, burnunu qırıb. Əyri burnu indi nəfəs yollarına maneçilik törədir. Ciddi əməliyyata ehtiyacı var: “Həkimə 1000 lari ödəməliyəm. Mənim üçün böyük məbləğdi bu. Gecələr ağzıaçıq qalıram”, deyib gözlərini bizə sancır.
“Deyirlər bəs Gürcüstanda hamının sosial müdafiə paketi var”, iradımızı eşidincə Durəlinin əyriburnu bir zərrə də əyilir sanki:
– Təcili əməliyyatdırsa, hə, siz deyəndi. Yüz faizini dövlət ödəyir, vəssalam. Təcili deyilsə, 70 faizini dövlət ödəyir, qalanını özün. Mənimki təcili deyil. Gözləməliyəm. Ölmə eşşəyim yonca bitincə. İş-güc yoxdur. Əgər əməliyyata getsəm, 300 larini ödəməliyəm. Pulu ödəsəm, uşaqlar ac qalar. Harada qırılar, orada qırılar. Neyləyim?
Yunan əsilli Qrişa, bu vaxt araya girir.
– Əməliyyata ehtiyac yoxdu. Axşam düşürsən davaya. Burun çəpərin bir də qırılıb qayıdır öz əvvəlki yerinə. Pulun da qalır cibində. Gətirirsən burda xərcləyirik.
Gülüşümüz, uğultumuz bir ara səngimək nədi bilmir. Ətrafımıza bir xeyli tamaşaçı yığılır. Aralarında ermənilər, ruslar, kürdlər, yunanlar. Ən fəalları Vidadi Həsənovdu – Abxaziya müharibəsi veteranı. Bu böyük yumor həvəskarı tezliklə bizə qoşulub mövzunu davam etdirir:
– Bakı TV-lərini diqqətlə izləyirəm. Siz niyə zir-zibili boşuna yandırırsız? Bizdə zibildən yaxşı pul çıxır. Təhvil verib qəşəng pul qazanırsan. Siz isə…
Vidadi Həsənov, pauza verib siqaretini alışdırır. Tüstünü sinəsinə çəkib sözünə davam edir:
-Siz isə pulu zibilə çevirirsiz. Qazancınızı gətirib tökürsüz Tiflis qumarxanalarına.
Vidadinin məlumatlı adam olmağı diqqətimizdən qaçmır. Qərara gəlirik başqa suallarımızın cavabını da məhz bu gülərüz insandan öyrənək:
– Bəs sosial müdafiə paketi nədir sizdə belə?
Həəə….Vidadi Həsənovun burda çiçəyi çırtlayır sanki. Başlayır bizə Gürcüstandakı sosial təminat sistemini bittə-bittə izah etməyə.
– Müharibə veteranıyam deyə Gürcüstan dövləti tibb xərclərimin 100 faizini ödəyir, icazə vermir əlim cibimdə çox da dərinə getsin. Təqaüdçülərin tibb xərcləri isə, 90 faiz dövlətin öhdəsindədir. Sadə camaata gəldikdə…
Müzakirə iştirakçılarının dairəsi bu vaxt bir az da genişlənir. Yunan əsilli bir başqası, Vidadinin sözünü yarıda kəsir:
– Sadə camaatının tibb xərcləri, bəli, təsdiq edirəm, 70-75 faiz dövlətlikdi. Gözəl! Sağ əlimiz sizin başınıza.
Vidadi Həsənov mövzunu bir az da xırdalayır.
– Tutaq ki, sığorta sənədimi itirmişəm. Zəng edirəm Sosial Müdafiə Nazirliyinin qaynar xəttinə, 1505-ə. Dərdimi danışıram, hara getməli, nə etməli olduğumu deyirlər. Özü də bizdə seçim var. Xəstəxananı, poliklinikanı özümüz seçirik. Yəni dövlət məmurları sizdəki kimi xalqa öz şəxsi klinikalarını sırıya bilməz. Buna görə Azərbaycan bizə neftdən, qazdan sonra ən çox nə ixrac edir?
Vidadi, öz sualının cavabını başqalarından eşitmək istəyərək susur bir an.
Cavab Şulaveri stansiyasındakı paslı qatara söykənmiş bir alkaşdan gəlir:
– Azərbaycan neftdən, qazdan sonra Gürcüstana ən çox öz xəstələrini ixrac edir.
Vidadi Həsənov burda təzədən söhbətimizə qoşulur.
– Biz də bu xəstələrdən əldə etdiyimiz gəlir əsasında tibbi sığorta zənbilimizi təşkil edirik. İndi siz bildiz biz niyə zibildən pul çıxardırıq, siz isə pullarınızı zibilə çevirirsiz?
Hiss etdim söhbətimizin sonluğuna burda möhür vurmalıyam. Gözlərimi yumub ağzımı açdım:
– Qısası, azərbaycanlılar Gürcüstanda adətən üç “xana”nın qarşısına yığılırlar – xəstəxanaların, qumarxanaların, avtomobil emalatxanalarının.
| “Hamımız bir ağızdan gülüşüb itmiş xalqlar dostluğumuzu birtəhər Şulaveri stansiyasında bərpa etməyi bacardıq…” |
Bu vaxt kimsə dilini dinc saxlamadı:
– Dördüncü ünvan da var, – deyib qulağıma nəsə pıçıldadı.
Utandığımdan sifətim turp kimi qızardı bu vaxt. Hamımız bir ağızdan gülüşüb itmiş xalqlar dostluğumuzu birtəhər Şulaveri stansiyasında bərpa etməyi bacardıq…
Azərbaycanlının hər situasiyada müstəqil fikri var.
***
Gürcüstan azərbaycanlılarını vətəndən incik salan bir məqamı hər addımbaşı eşidirik. Şulaveridə də buna bir daha şahid kəsildik.
Gözü Azərbaycan telekanallarında qalan həmyerlilərimiz “yevro-4″ adlı qadağanı lənətləyirlər. Efirdən bu qadağanın ləğvi haqda xəbəri səbirsizliklə gözləyirlər:
– Bax mən ailə-uşağı maşına yığıb doğma vətənə gedə bilmirəm. Nə var, nə var, maşın Azərbaycanın tətbiq etdiyi “yevro-4″ standartına cavab vermir. Belə də iş olar? Çatırsan sərhədə, deyir ki, ya maşını aldığı qiymətin 75 faizini pul şəklində girov qoy, keç. Pulun yoxdur, düş aşağı, piyada get. Azərbaycanın özündə maşınların azı yarısı ”yevro-4″-ə cavab vermir. Bunu bilməyən yoxdur ki…
2 kilo ət də keçirə bilmirik sərhəddən. Deyirlər get rüsum ödə. Qohum-qardaşa pay apara bilmirik.
| “Ətrafımıza bir xeyli tamaşaçı yığılır. Aralarında ermənilər, ruslar, kürdlər, yunanlar”… |
Bir başqası sözünü kəsib söhbətin məcrasına “yevro-4″ qadağasını qaytarır:
– Hamı da bilir ki, “yevro-4″ bəhanədir. Gürcüstandan Azərbaycana maşın satılmasının qarşısını almağa görədir bu. Maşınımızın texpasportunu götürüb girov saxlayın deyirik, istəyirik qohum-qardaşın yanına öz maşınımızda rahat gedib gələ bilək. Niyə azərbaycanlı avtobuslarda əziyyət çəkməlidir, hə? Sözümüzü Azərbaycandakı məmurlara çatdırın. Gəlib Gürcüstandan öyrənsinlər də… Amerikadan tutmuş dünyanın 4 bir tərəfindən maşın daşıyırlar buraya. Kimsəyə gözün üstə qaşın var deyən də yoxdur.
* * *
Burda uzaqlardakı mənzərələr-üfüqlərdə ağaran dağ silsilələri, vallah, daha nə deyək, gözəldi…Yaxındakı görüntülər – paslı vaqonlar, sınmış insan taleləri isə kifir.
Ancaq biz burda da bir gözəllik – xalqlar dostluğunu özümüzçün aşkarlamaq, tapmaq istədik.
Həmid HERİSÇİ
Elşən BALAXANILI



