Şahin Nəcəfov: “Avropada regionların əsas inkişafı, 70 faizi ailə fermer təsərrüfatlarının üzərində qurulub
Şahin Nəcəfov Meydan Hərəkatına qatılmasından, 2003-cü ildə, həmçinin 2005-də aktiv siyasətlə məşğul olmasından, ADP-nin üzvü olmasından, həmin ildə “Azadlıq” blokunun 99 saylı Şəmkir kənd seçki dairəsindən vahid namizədi kimi seçkilərə qatılmasından danışır: “Meydan Hərəkatı çox böyük bir mərhələ idi, xalqın ruhu idi. Azərbaycanın çox şərəfli bir tarixi idi. Millətin var olması üçün bu cür tarixlər olmalıdır. Bu cür tarixlər olmasa, necə deyə bilərsən ki, mən millətəm?” Soruşuram: “Bəs 2006-cı ildə birdən-birə siyasətdən ayrılıb Şəmkirdə ferma yaratmağınız nə ilə bağlı oldu? Bu, hobbi idi, əlacsızlıq idi, yoxsa siyasətdə uğur qazana bilməmək?”.
Cavabı uzaqdan başlayır: “Avropada, sivil dünyada əksər yaradıcı adamların çiftlikləri, fermer təsərrüfatları var. Buraya gələndə həyatı unuduram, telefona cavab vermirəm, televizora baxmıram. Protest etmirəm, sadəcə olaraq, canım istəmir. Burada ruhum dincəlir. Bir az gec gələndə, evdə uşaqlar deyirlər ki, ata gərgindir, kolxoza getmək vaxtıdır. Bakı əvvəl mədəniyyət paytaxtı idi həm də. Biz kənddən gedirdik, Bakıda mədəni mühit o qədər güclü idi ki, bizi cilalayırdı. Bir neçə aydan sonra Bakının bir hissəsi olurdu qıraqdan gələnlər. Teatr, kino, kitabxana, imza günü- filan, hamısında iştirak edirdik. İndi o mədəni mühit darmadağın olub. Bakı böyük kənddir, həm də eybəcər kənddir artıq. Orada tozun, beton plitələrin içində oturmaqdansa, gözəl təbiət mənə daha maraqlıdır. Bu gün Bakıda 10-15 il yaşayanlar var ki, bir dəfə teatra, yaradıcılıq gecəsinə getməyiblər. Bakıdan buranın nə qədər böyük fərqi var? Ən gözəli təbiətin qoynudur”. Deyir ki, indi rahatdır, kiçik kolxuzunda çalışır, mahnılar, ssenarilər yazır və təbiəti seyr edir. O, “Şəmkir” mahnısı da daxil olmaqla, bir çox mahnıların müəllifidir: “Bu mahnı Şəmkirin himni adlandırılır. Bir çox tanınmış müğənnilər mənim sözlərimə yazılan mahnıları oxuyublar”.
Deyəsən, müsahib cavabın qaneedici olmadığını hiss edir və hərəkat dövründən danışmağa başlayır:“Bizdə ən böyük problem odur ki, 70-ci illər nəslinin öz potensialını gerçəklədirmək imkanları məhdudlaşdı. Bu hərəkat başlayanda daha böyük arzularla, daha böyük hədəflərlə başlamışdıq. Böyük bir nəsil, onun arzuları məhv oldu. Bu qətiyyən hakimiyyət iddiası deyildi. Dövlətin qurulması bir mərhələdir, millətin formalaşdırılması bir başqa mərhələdir. Hər bir millətin dəyərləri formalaşır, bizdə də bu, formalaşmalı idi, olmadı, zaman olmadı. Bu gün Azərbaycanda ləyaqətli vətəndaş yetişdirmək üçün hansı addım atmışıq? Biz hansı vətəndaş istəyirik? Doğru-dürüst, vicdanlı, namuslu, təminatlı bir vətəndaşmı istəyirik, yoxsa yaltaq qorxaq, riyakar, yoxsul vətəndaş?
Dövlətin bir konsepsiyası olmalıdır. Uşaq bağçasından başlamış, orta məktub, universitet və digər mərhələlərdə hansı vətəndaşı yetişdiririk? Bu gün ölkə əhalisinin əksəriyyəti yoxsulluq içindədir. Elm də sübut edir ki, yoxsulluq insan intellektinin 14 faizini məhv edir. Bayaq böyük şəhərin məhvindən danışdıq. Yoxsul insanın teatra getməyə halı, böyük dəyərlər haqqında düşünməyə vaxtı yoxdur. Ona o vaxt ehtiyac yaranır ki, ölkə vətəndaşlarının hansısa bir dəyərlər sistemi var. Sovet hökumətinin özünəməxsus dəyərləri var idi. Sovet vətəndaşının dəyərlər sistemi, arzuladığı cəmiyyət var idi, xəyallar qura bilirdi.
Bizdə problem odur ki, hökumətin hər şeyə səlahiyyəti çatır, heç nəyə məsuliyyət daşımır. Xalqı pisləmək lazım deyil, mən onun əleyhinəyəm. Hökuməti tənqid edirik, böyük səhvlər var, aydındır. Hökumətin səhvləri varsa, korrupsiyanın içindədirsə, o demək deyil ki, müxalifəti tənqid etmək olmaz. Bu gün müxalifətin də bu prosesin bu həddə gəlib çıxmasında rolu, böyük yanlışlıqları olub. Biz 1988-dən bir yol gəlirik, bu gün 2016-cı ildir. Minlər, on minlər, o cümlədən biz bu yolda ömrümüzün böyük bir hissəsini verdik. O liderlərdən, bizi yola çıxaran, arxasınca aparan liderlərdən soruşmaq lazımdır: bu gün biz yolun hansı hissəsindəyik? A nöqtəsindən başlamışdıq, Z nöqtəsinə gedirdik. Haradayıq indi? Az qalıb, yolun ortasındayıq, hələ yeni başlamışıq, tərpənməmişik, yoxsa gerimi getmişik? O liderin bir borcu var xalq qarşısında, bunu deməlidir. Bu, prosesi bir nöqtədən digərinə daşımaqdır. O prosesin içində nə qədər ömürlər hədər gedib. Siyasi lider iki halda cəmiyyət üçün maraqlı olacaq, birinci, idealist olmalıdır ki, onun idealistliyi millət üçün cəlbedici olsun. Elçibəyin idealistliyi cəmiyyət üçün maraqlı idi. Ya da lider hədsiz ağıllı olmalıdır. Bu gün belə bir lider görmürəm. Siyasət özü bir investisiyadır, oraya qoşulan özünü, həyatını, qohumlarının həyatını təhlükə altına atmış olur. Bəs nəticə nədir? Siyasətdə zamanlama böyük bir şərtdir. Lenin deyirdi ki, bu gün tezdir, sabah gecdir, saat 12 inqilabın vaxtıdır. Liderin fərqi odur, inqilabın vaxtını bilirdi. Bu gün müxalifətdə də, hakim partiyada da vitrin seyrəlib, hamı dağılıb gedib. Hər iki düşərgə iflas edib. Bu işdə heç bir perspektiv yoxdursa, hökumət oyun qaydalarını pozursa, insanlar məcbur deyillər ömürlərini onlarla çürütsünlər. Bu, çox təhlükəlidir. Biz bu təhlükəni bir neçə il sonra hiss edəcəyik. Bir ölkədə iqtidarın zəif olması qorxulu deyil. Ən böyük problem odur ki, orada ya müxalifət yoxdur, ya da zəifdir. Necə ki, Suriyada, İraqda vəziyyəti görürük…”
Şahin Nəcəfov əlavə edir: “2005-ci ildən sonra vəziyyət elə gətirdi ki, ya gərək qalıb oyun oynayasan, ya da uzaqlaşasan. Mən də uzaqlaşdım. Həm də siz bilsəniz ki, mənim nə qədər ağıllı danalarım, itlərim var, buraya niyə gəlməyimlə bağlı sualı mənə verməzdiniz”.
Ş.Nəcəfov siyasətlə bağlı söhbəti burada yekunlaşdırıb bizə təsərrüfatını göstərməyə başlayır. İnəklər, toyuqlar, qazlar, həmçinin üç böyük it təsərrüfatın bir hissəsidir. Bir qədər uzaqda atları və daha böyük itləri də var. Həmçinin heyvanları, quşları yemlə təmin etmək üçün əkin yerləri var: “Buranı 2006-cı ildən qurmağa başladım, çoxlu çətinliklərim oldu. Təkcə iki il qaz çəkilməsi üçün çalışdım. Üstəlik, təcrübəsizlikdən çoxlu ziyanım oldu. İndi vəziyyət babatdır, gələcəklə bağlı da ümidlər var. Buraya gəlib öyrəndim ki, kəndlinin əkinlə, heyvandarlıqla bağlı məlumatı çox azdır. Ona bilgi verilməli, dövlət tərəfindən dəstək göstərilməlidir. Məsələn, araşdırılmalıdır ki, bağında hansı ağacı əksə, məhsuldarlıq bol olar, hansı heyvanı saxlaya bilər, şəraitə uyğundur və sair”.
Sahibkar bu sahəyə dövlət dəstəyinin olmasının vacibliyini söhbət zamanı bir neçə dəfə vurğulayır:“Məsələn, dövlət sahibkara kiçik konteynerlər verə bilər, mini soyuducu depolar, mini emal müəssisələri verilməlidir. Bunu fermer özü alsa, böyük xərcdir, amma dövlət dəstək verə bilər. Heç olmasa, bir neçə fermerə bir bu cür aparat verilsə, icmalar da yaranmış olar. Fermer də bazara normal şəkildə təmiz məhsul çıxara bilər. Dövlət bununla bağlı qeyri-hökumət təşkilatları vasitəsilə qrantlar ayıra bilər. Avropada regionların əsas inkişafı, 70 faizi ailə-fermer təsərrüfatlarının üzərində qurulub. Dövlət o icmaların birləşməsinə maraq yaratmalıdır. Ümumiyyətlə, fermer haqqında qanuna yenidən baxmaq lazımdır. Hansısa bir həcm müəyyənləşsin ki, neçə hektar əkin sahəsi olan fermer sayılmalıdır. O zaman fermerlər sahələrini böyüdüb böyük təsərrüfatlar quracaqlar. Çünki bir neçə hektarla heç vaxt nəticə əldə etmək olmaz. Üstəlik, fermer özü malını aparıb bazarda satmamalıdır, satsa, ziyan edəcək. Bunun üçün icmaların yaradılması vacibdir”.
Ş.Nəcəfovun fermasındakı danaların bir neçəsi cins danalardır, bir neçə inək süni şəkildə mayalandırılıb və doğulan balaya görə dövlət yüz manat da pul verəcək. Heyvandarlıq kompleksləri gedib qıraqdan heyvan alırlar: “İndiyə qədər ölkədə heyvandarlıqda cins dəyişdirmə böyük faizlə olmalı idi, amma nəticə olmayıb. Bu neçə ildə Azərbaycanın heyvandarlıq sistemində 70-80 faiz dönüş əldə olunmalı idi. Cins heyvanların ət və süd məhsuldarlığı böyükdür. Hökumət isə xaricdən inəyi baha qiymətə alır və gətirib fermerə satır. Bu, sərfəli üsul olmasa da, kimlərsə bunda maraqlıdır. Gedib 3-4 min avroya xaricdən inək alırlar. Bunun 50 faizini dövlət qarşılayır, 50 faizini də fermer ödəyir. Fermerə verilən inək 7-8 ay sonra balalayır, bu vaxta qədər ayda ona yüz manatlıq yem vermək lazımdır. Bu, fermerə sərf etmir. Çünki bu pula bazardan yanı balalı inək almaq mümkündür. Yəqin kimlərinsə marağındadır xaricdən bunu gətirməyin. Hansı yeyintilər var, Allah bilir. Bu gün Azərbaycanda kifayət qədər yaxşı və böyük fermer təsərrüfatları formalaşıb. Dövlət həmin damazlıq heyvanları onlardan alıb, kəndliyə, fermerə satsa, daha yaxşı olar. Həm ucuz başa gələr, həm valyuta ölkədən qırağa getməz, fermerlərə verilər, yerli təsərrüfatlar inkişaf edər, alan fermer üçün də ucuz başa gələr. O heyvanlar yerli şəraitə adaptasiya etmiş heyvanlar olurlar, xəstəliyə dözümlü olurlar. Amma xaricdən gələn heyvanlarda itkilər çox olur”.
O, “Aqrolizinq” tərəfindən verilən kənd təsərrüfatı texnikalarının 40 faizinin dövlət tərəfindən qarşılandığına da diqqət çəkir: “Bu, fermerə çox böyük dəstək oldu, real dəstək oldu. İndi Sahibkarlara Yardım Fondundan kreditlər verilir. Hamının bildiyi həqiqətdir ki, bunun ”şapkası” var, nağdlaşması var, bir iş qursan, verilən rüşvət var. Yəni bu fonddan alınan pulun böyük hissəsi sahibkara çatmır, müəyyən adlar altında onun əlindən alınır. Ona görə bu kreditləri geri qaytarmaqda problem yaranır. Bu, etiraf edilməli və sahibkara bu sahədə də dəstək verilməlidir. Sahibkar o pulun 20-25 faizini itirib, geri qaytarmağa çətinlik çəkir”.
Ş.Nəcəfov əkilməyən torpaqların problemindən də söz açır: “O torpaqların bir hissəsi məmurlar tərəfindən zəbt olunub. Bir hissəsi isə böyük vəsaitlər itirilərək atılmış torpaqlardır. O torpaqlarda böyük vəsaitlər itirilib, sahibkar işdən soyuyub, pul qoyub, itirib. Sahibkar bir il, iki il əkir, mənfəət görmür, axırda məcbur olub geri çəkilir. Birinci növbədə fikirləşmək lazımdır ki, yerli iş adamlarına dəstək verilsin, onlar pul qazansınlar. Amma bizdə istənilən addımda elə bil iş adamı düşmən qüvvədir. Belə düşüncə var ki, onu necə edək, xərcə salaq. Hər bir addımda bir baryer yaradılar, adi Milli Məclis qanunlar qəbul edir, iş adamları üçün xüsusi ödəniş həddi, qiymət qoyurlar. Bu gün kənd təsərrüfatında çox gözəl, brend olacaq məhsullar var, onları yetişdirmək üçün sahibkara kömək etmək lazımdır”. Problemlərə rəğmən, fermer gələcək planlarından da söz açır- ekoturizm zonası yaratmaq, şəhərdən gələnlərə kiçik çiftlikdə əsl kənd həyatı yaşatmaq: burada at sürmək də mümkün olacaq, inək sağmaq da, uşaqlar üçün kiçik ferma da quraşdırılacaq ki, heyvanların balaları ilə oynasınlar. Bütün bunlar gələn ilin yazına planlaşdırılır.
Son olaraq isə müsahibim deyir: “İnsanlara ləyaqətlə yaşamaq üçün imkan yaratmaq lazımdır. Çox ambisiyaları yoxdur bizim insanların, istəyirlər ki, isti evləri olsun, evlərinin işığı yansın, bir parça çörəkləri olsun. Çox şeylər deyil bunlar”…
Röya RƏFİYEVA
Fotolar müəllifindir









