“Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Şəhərimizin müxtəlif yerlərində gözəl binalar tikilir. Çox istərdim ki, şəhərimizin bütün yerlərində memarlıq baxımından çox gözəl binalar tikilsin”.
Bu sözləri prezident İlham Əliyev Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın açılışı mərasimində deyib.
Ölkə başçısı bildirib ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı icra edilir və bu layihə, eyni zamanda, memarlığa da verilən böyük töhfədir.
“Əlbəttə ki, artıq 115 yaşı olan binada yaşamaq təhlükəli məsələdir. Hələ ki, Bakıda belə binalar kifayət qədər çoxdur. Onların yerində gözəl binalar tikilməlidir və tikilir. Belə layihələrin ölkə iqtisadiyyatına, xüsusilə, inşaat, tikinti materialları sektoruna da çox gözəl təsiri olacaq. Çünki bu il inşaat sektorunda tənəzzül yaşanır, inşaat sektoru təxminən 25-30 faiz aşağı düşür. Belə layihələrin icrası inşaat sektoruna da canlanma gətirəcək. Tikinti materialları ilə məşğul olan şirkətlər də xeyir götürəcək və beləliklə, ölkə iqtisadiyyatı daha sürətlə inkişaf edəcək. Hazırda 49 binanın tikintisində iştirak edən və iştirak edəcək işçilərin sayı 3-4 min nəfər olacaq. Bu da yeni iş yerlərinin yaradılması deməkdir.
Bu tipli layihələr ölkəmizdə geniş vüsət almalıdır. Həm Bakıda, həm bütün şəhər və rayonlarımızda, harada ki, qəzalı binalar var, biz bütün firmaları, iş adamlarını dəvət edirik. Yerli icra orqanları onlara bütün şərait yaratmalıdırlar ki, bu işə daha da həvəslə qoşulsunlar. Beləliklə, qısa müddətdə, bir neçə il ərzində ölkəmizdə bir dənə də qəzalı vəziyyətdə bina olmamalıdır. Bu, həm insanlar üçün lazımdır, həm də ölkə iqtisadiyyatı, iş adamları xeyir götürəcək”.




