Ekspert: “Ermənilərin məqsədi odur ki, məhz İsraillə Azərbaycanın arasını vursunlar”
Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edən, öz bloqunda Dağlıq Qarabağı “müstəqil respublika” kimi qeyd edən israilli blogger Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunması yubanır. İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri də Belarus hökumətindən Minskdə saxlanılan A.Lapşini ekstradisiya etməməyi və onunla görüşə icazə verilməsini xahiş edib.
Vəziyyətin nə ilə nəticələnəcəyi ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, burada bir neçə məqam var: “İllərdir görünən budur ki, murdar işlər, konfliktlər yaratmağı dünyada ən yaxşı bacaranlar ermənilərdir. Onlar adamları seçib istifadə edərkən əsas məqsəd kimi düşünürlər ki, nəticə Azərbaycan üçün xeyli ağır olsun. İndi də gedib hansısa üsulla İsrail vətəndaşını ələ alıb, Dağlıq Qarabağa gətiriblər. Burada bir məqam da var ki, Lapşin təkcə İsrail vətəndaşı deyil. O, 3-4 ölkənin vətəndaşıdır və cibində həmin dövlətlərin pasportunu da gəzdirir. Hara lazımdırsa, orada müvafiq pasportu təqdim edir. Görünür, Dağlıq Qarabağa gedəndə də ermənilərin göstərişi ilə İsrail pasportundan istifadə edib. Burada ermənilərin məqsədi odur ki, məhz İsraillə Azərbaycanın arasını vursunlar. Dünyada belə dövlətlər çoxdur ki, onlar öz vətəndaşlarını mühakimə etmək üçün başqa dövlətlərə vermirlər. İsrail də belə dövlətlərdəndir. Lakin burada iki vacib nüans var. Belə ki, o, İsrail vətəndaşıdır, ancaq hansısa bir maraq üzündən, yaxud da təsadüfən Dağlıq Qarabağa getməyib. İsrail vətəndaşının Dağlıq Qarabağa səfəri məhz erməni planının tərkib hissəsidir. İsrailin əlində dəqiq məlumatlar var ki, ermənilər kimlərlə əməkdaşlıq edir və İsrailə doğru hansı qaydada müraciətlər ediblər”.

Ekspert bildirib ki, İsrail Xarici İşlər Nazirliyinin məsələ ilə əlaqədar verdiyi bəyanat və ilk nümayiş etdirdiyi mövqe zəruridir: “İsrail Xarici İşlər Nazirliyi öz vətəndaşları qarşısında hesabat verir. Buna görə də o göstərməlidir ki, vətəndaşının hüquqlarını müdafiə etmək üçün zəruri addımı atıb. Lakin eyni zamanda bir məsələ də var ki, Azərbaycan tərəfi də artıq məlumat mübadiləsinə qoşulub. Ola bilər ki, İsrail Azərbaycandan gələn məlumatlarla tanış olduqdan sonra özü vətəndaşını bizim qanunvericilikdə olan qaydalardan daha sərt formada cəzalandırsın. Bu və ya digər dərəcədə onun mühakiməsində Azərbaycanın hüquqşünasları, rəsmiləri də iştirak edə bilərlər. İsrail erməni təxribatına uyub, Azərbaycana qarşı iş görən vətəndaşını sərbəst buraxmayacaq. Bu, mümkün olan deyil. İsrailin bu gün müsəlman dövlətləri ilə əlaqələrinə ciddi ehtiyacı var. Xristian dövlətləri ilə əlaqələri kifayət qədər olsa da, müsəlman dünyasında İsrail yalnız Azərbaycan, Türkiyə və Qazaxıstanla yaxınlıq edir. Bu dövlətlərdən İsrailin Azərbaycanla olan münasibəti daha dərin və xüsusidir. Ona görə də hesab edirəm ki, İsrail Ermənistanı itirməklə, elə bir böyük itki yaşamır. Bu baxımdan, düşünürəm ki, hətta İsrail həmin vətəndaşının Azərbaycanda mühakimə edilməsinə göz yumacaq. Yaxud da özü cəzalandıracaqsa, bu, xeyli dərəcədə sərt cəza olacaq. Bu məsələdən nəticə çıxarmaq üçün 5-6 ay lazım olacaq. Bu müddət ərzində İsrail Azərbaycandan sərt imtina edərsə, Belarusa nota verərsə, bu formada öz vətəndaşını geriyə almaq üçün addımlar atarsa, təbii ki, münasibətlərə təsiri olar”.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. Lakin əlaqə cəhdimiz nəticəsiz qaldı.