Bu məsələ İsrail-Azərbaycan münasibətlərinə xələl gətirə bilərmi? Elxan Şahinoğlu: “Azərbaycanın prinsipial mövqeyi düzdür…”
İsrail Xarici İşlər Nazirliyi və baş prokuroru Azərbaycan qanunlarını pozduğu üçün həbs edilən 40 yaşlı rusiyalı-israilli blogger, Hayfa sakini Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyasının qarşısını almağa çalışır. Dekabrın əvvəlində Belarusda həbs edilən A.Lapşinlə bağlı əvvəlcə İsrail XİN-in rəsmi nümayəndələri Belarus hökumətindən Lapşini Azərbaycana ekstradisiya etməməyi, bu günlərdə isə İsrail baş prokuroru eyni məzmunlu müraciət edib.
Baş prokuror Lapşinin İsrailə təhvil verilməsinə çalışdıqlarını deyib. Bundan əlavə, İsrail XİN Bakıdakı səfirliyi vasitəsilə də bu məsələni həll etməyə çalışır.
Azərbaycanla yaxın tərəfdaşlıq münasibətləri olan İsrail dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib. Belə olduğu halda İsrailin Azərbaycan qanunlarını açıq-aşkar pozmuş bir vətəndaşının həbs olunmasına bu qədər həssas yanaşması maraq doğurmaya bilməz. Bəs İsrailin Lapşin məsələsində təkidi Azərbaycanla tərəfdaşlıq münasibətlərinə xələl gətirə bilərmi?
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında öncə bildirdi ki, Aleksandr Lapşin fırıldaqçıdır: “Çox adam qanunsuz olaraq Dağlıq Qarabağa gedib, amma heç biri haqqında cinayət işi açılmayıb. Lapşin isə bir tərəfdən qanunsuz olaraq Dağlıq Qarabağa gedib, sonra isə Dağlıq Qarabağın ”müstəqil dövlət” olduğunu bəyan edib, təbliğat aparıb. Buna görə də ona haqlı olaraq cinayət işi açılıb. Lapşin Azərbaycan qanunlarını ikiqat pozub. İsrail öz vətəndaşlarının qorunmasında həssas olan ölkədir. Lapşinin azadlığına nail olmaq istəklərində bu amil dayanır. Aleksandr Lapşinin bir neçə ölkənin, o cümlədən İsrail vətəndaşlığı var. O da bu faktdan fürsət kimi istifadə etməyə çalışır. Lapşin yalnız Belarus vətəndaşı olsaydı, Minsk Azərbaycanın tərəfdaşı kimi onu Bakıya problemsiz təhvil verərdi. Amma İsrail vətəndaşlığı məsələni bir az mürəkkəbləşdirir. Azərbaycanla İsrail də strateji tərəfdaşlığa malikdir.
Amma burada bir məsələni nəzərə almaq lazımdır ki, İsrail dövləti hər zaman öz vətəndaşını ciddi surətdə qoruyur – dünyanın hansı ölkəsində olmasına baxmayaraq. Bu, hətta onun müttəfiqi ABŞ da ola bilər, Azərbaycan da. Vaxtilə ABŞ-da İsrailə casusluq edən bir nəfər tutulmuşdu. ABŞ yəhudi əsilli ABŞ vətəndaşı olan o adama uzun müddətli həbs cəzası verdi. İsrail illər boyu çalışdı ki, həmin şəxsi Amerika həbsxanasından çıxarsın. Təxminən 20 il sonra ABŞ prezidenti o adamı əfv etdi və həmin insan İsrailə getdi. İsrail ABŞ-la hər danışığında onun azad olunması xahişini edirdi.
İndi də Aleksandr Lapşinə humanist davranılması və onun İsrailə verilməsini istəyirlər. İnanmıram ki, Lapşinin ətrafında gedən müzakirələr Azərbaycan-İsrail tərəfdaşlığına mənfi təsir edəcək. Sadəcə qəbul etmək lazımdır ki, İsrail dövləti hər zaman öz vətəndaşlarını ciddi surətdə qoruyur. Amma Azərbaycan öz prinsipial mövqeyini ortaya qoyur və düz də edir”.
Ekspert vurğuladı ki, Lapşinə cinayət işi açılması və həbs olunması başqalarına da dərs olmalıdır ki, Azərbaycan qanunlarını pozsalar hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq onları da cəza gözləyir: “Bu, Ermənistana da, erməni lobbisinə də bir mesajdır. Çünki məhz belə səfərləri Ermənistan və erməni lobbisi təşkil edir. Bəzi ölkələrin vətəndaşlarını Dağlıq Qarabağa qanunsuz səfərlər etməyə cəlb edirlər. Azərbaycan da Lapşini bir nümunə olaraq cəzalandırmaq istəyir. Bütün dünya dövlətləri bilsin ki, Azərbaycan qanunları ilə o cür oynamaq olmaz. Amma düşünürəm ki, yəqin Lapşinlə bağlı sonda İsraillə bir razılaşma əldə olunacaq. Artıq Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında da hiss olunurdu ki, əgər Aleksandr Lapşin Azərbaycandan rəsmi üzrə istəsə, üzrxahlığını, səhv etdiyini, Dağlıq Qarabağın Azərbaycanın qanuni ərazisi olduğunu rəsmi ərizə yazaraq bildirsə ona qarşı cinayət işinə xitam verilə bilər. Ona görə də məncə bu adamla bağlı İsraillə Azərbaycan arasında bir razılaşma olacaq. Azərbaycan qeyd olunan ərizənin yazılmasını tələb edəcək. İsrail də həmin vətəndaşı buna məcbur etməklə cinayət işinin ortadan qaldırılmasına nail olacaq”.
Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu. Sonra isə qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
Azərbaycan Baş Prokurorluğu A.Lapşinin bu hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlatmış və A.Lapşin barəsində dövlətlərarası axtarış elan edilmişdi. 2016-cı il 15 dekabrda A.Lapşin Belarusda Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb və Minsk Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda A.Lapşinin Azərbaycana ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər aparılır.