Qondarma Cənubi Osetiyanın Vahid Osetiya Partiyası Anatoli Bibilovun prezidentliyə namizədliyini irəli sürüb.
Bibilovun namizədliyi partiyanın qurultayında müəyyən edilib. Bundan sonra öz tərəfdarları qarşısında çıxış edən Bibilov Cənubi Osetiyanı Rusiyaya birləşdirəcəyini açıqlayıb:
“İki Osetiya, sözsüz ki, birləşəcək. Biz güclü Osetiya yaratmalıyıq”.
Qeyd edək ki, Bibilov qondarma rejimin parlamentinin sədridir. Onunla bərabər qondarma rejim rəhbərliyinə Cənubi Osetiyanın eks-liderləri olan Leonid Tibilov və Eduard Kokoytı da namizədliklərini irəli sürmək fikrindədirlər.
Cənubi Osetiya Gürcüstan ərazisidir. 2008-ci ildə bu ərazi Rusiyanın aktiv iştirakı ilə Tiflisin nəzarətindən çıxıb. Moskva avqust müharibəsində bir neçə gün sonra qondarma rejimin müstəqilliyini tanıyıb.




