Son qərarı BŞİH verəcək; Pənah İmanov: “Bu işin sifarişçisi Bakı Şəhər İcra Hakimiyyətidir”
Bakıda Şah İsmayıl Xətainin heykəli ucalan Yusif Səfərov küçəsində genişləndirmə işləri başlayıb. Bu məqsədlə yolu ikiyə bölən park aradan götürüləcək. Üçzolaqlı yol altızolaqlı olacaq. Ancaq yolun tam ortasında qalan Xətainin heykəlinin aqibətinin necə olacağı isə hələ də sual altındadır. Xətainin heykəlinin oradan götürülüb şəhərin başqa yerinə qoyulacağı iddia olunur.
Həmçinin, heykəlin elə yerində qalacağını deyənlər də var. Ancaq rəsmi və konkret olaraq heykəlin götürülüb-götürülməyəcəyinə dair bir məlumat yoxdur. Qəzetimizin ötən buraxılışında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şixəmmədov onlara rəsmi müraciət olunmadığı üçün bu məsələyə baxa bilmədiklərini demişdi.
Heykəlin sökülüb sökülməyəcəyini öyrənmək üçün Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Xətai rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “Yeni Müsavat”a bildirdi ki, Xətainin heykəlinin orada qalıb-qalmayacağını ərazidə genişləndirmə işi aparan sifarişçidən soruşmaq lazımdır: “Bizdə olan məlumat budur ki, Yusif Səfərov küçəsində abadlıq quruculuq işləri çərçivəsində yolun genişlənməsi prosesi gedir. Bunun sifarişçisi Bakı şəhər İcra Hakimiyyəti, icraçısı isə ”Azəravtoyol” ASC-dir. Bu işləri onlar görür. Xətainin heykəlinin orada qalıb-qalmayacağı sualının cavabını sifarişçidən, yəni Bakı şəhər İcra Hakimiyyətindən soruşmaq lazımdır. İctimai-siyasi şöbənin müdiri Pənah müəllim olaraq məndən soruşsanız ki, Xocalı heykəli ilə bağlı nə deyə bilərsiniz, mən əzbərdən hər şeyi, onun yaranmasından, tikilməsindən, qoyulmasından danışa bilərəm. Çünki bunu Xətai rayon İcra Hakimiyyəti edib. Amma bu gün aparılan işin sahibi Bakı şəhər İcra hakimiyyətidir. Bu heykəl böyük, dahi bir şəxsiyyətin heykəlidir və bunun sənət əsəri olaraq Mədəniyyət və Turizm Nazirliyində reyestr nömrəsi var. Ona görə də bunu Bakı şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyindən soruşmaq lazımdır”.



