Böyük Britaniya kraliçası II Elizabet ölkənin Avropa İttifaqının tərkibindən çıxması barədə qanun layihəsini təsdiqləyib və bununla da sənəd qüvvəyə minib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, indi Baş nazir Tereza Mey Avropa İttifaqından çıxmaq barədə Lissabon sazişinin 50-ci maddəsini istənilən vaxt işə sala bilər.
Bununla yanaşı, Britaniya hökuməti “Brexit”in ehtimal olunan başlama vaxtı və prosedurun detalları barədə məlumat verməkdən imtina edib. Yerli KİV-lərin yazdığına görə, çox güman ki, Baş nazir Niderlandda parlament seçkilərin nəticələrini və Şotlandiya Milli Partiyasının həftənin sonunda keçirəcəyi konfransının yekununu gözləyəcək. “Brexit”in işə düşməsinin mümkün tarixləri arasında isə ən çox martın 27-si göstərilir.
London və Brüsselin danışıqları azı iki il davam edəcək. Beləliklə, Böyük Britaniya 2019-cu ilin yazında Avropa İttifaqının tərkibindən çıxa bilər.



