Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Elçi.azın APA-ya istinadən xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov şahid qismində ifadə verib. O bildirib ki, istintaq zamanı verdiyi ifadəni oxumayıb: “Mən yazıb-oxuya bilmirəm. Müstəntiqə dedim ki, necə məsləhətdirsə, elə yazsın. İfadəmdə deyilənləri vəkilim deyib, müstəntiq yazıb. Həmin ifadədən xəbərim yoxdur. Akif Çovdarov və digərləri ilə hər hansı əlaqəm, münasibətim olmayıb”.
Proses aprelin 3-də davam edəcək.
Xatırladaq ki, İ. Axundov ibtidai istintaq ifadəsində iş adamı “Azərtikinti ATF” MMC-nin direktoru Quliyev Azər Cəlil oğlunu təxminən 2007-ci ildən tanıdığını bildirib. İfadəyə əsasən, 2007-ci ildə Azər Quliyevlə “Orxan” MMC-nin direktoru Əlizadə Alim Bəhro oğlu arasında birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlanıb. Həmin müqaviləyə uyğun olaraq, “Orxan” MMC Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə çoxmərtəbəli binaların inşası üçün ayrılmış torpaq sahəsində olan tikintisi yarımçıq qalmış dörd ədəd 16 mərtəbəli binanın yerləşdiyi torpaq sahəsini və tikintiyə icazə verilməsi üçün nəzərdə tutulmuş bütün sənədləri qaydasına salmalı, “Azərtikinti ATF” MMC isə həmin yarımçıq binaların tikintisini tamamlayaraq təhvil verməli, bundan sonra əldə olunmuş mənfəət iki şirkət arasında bölünməli idi.
“Azərtikinti ATF” MMC-nin tikilmiş binada mənzil satmaq səlahiyyəti olmayıb. Buna baxmayaraq, şirkətin direktoru Azər Quliyev “Orxan” MMC-nin məlumatı olmadan binanın tikilməmiş eyni mənzillərini bir neçə nəfərə satıb. Azər Quliyev Bakıda “Babək-94” MTK-da da podratçı kimi bina tikintisi ilə məşğul olub. Həmin MTK-da da eyni qaydada mənzilləri bir neçə nəfərə satıb. Həmin faktlara görə zərərçəkmiş şəxslərin şikayəti əsasında DİN-də araşdırma aparılıb və cinayət işi başlanıb.
“Orxan” MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəliklər tam yerinə yetirildikdən sonra “Azərtikinti ATF” MMC həmin binalarda tikinti işlərinə başlayıb.
2008-ci ilin əvvəllərində “Orxan” MMC təsisçisi olduğu “Şaiq” MTK-ya qoşulub. Bundan sonra Azər Quliyevin qanunsuz olaraq vətəndaşlara satdığı mənzillərdən əldə etdiyi vəsait sonuncunun əvəzindən zərərçəkmiş şəxslərə ödənilib. Hətta ödənilmiş vəsait Azər Quliyevin binanın tikintisinə sərf etdiyi vəsaitdən təxminən 800.000 manat artıq olub.
Bundan sonra binanın tikintisinə dair Azər Quliyevlə bağlanmış müqavilə ləğv edilib və o, tikintidən uzaqlaşdırılıb. “Şaiq” MTK həmin binalarda tikinti işlərini davam etdirərək başa çatdırıb, Azər Quliyevin isə barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
İ. Axundov bildirib ki, “Şaiq” MTK və “Orxan” MMC-nin MTN ilə heç bir əlaqəsi olmayıb. Həmin bina MTN-nin sifarişi ilə tikilməyib.
Elçi.az




